vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 fevral 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MUSİQİ  
11:40 | 7 dekabr 2022 | Çərşənbə Məqaləyə 807 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Musiqi salnaməmizə parlaq səhifələr yazan sənətkar

Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illiyi qeyd edildi

Savalan FƏRƏCOV

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) 130 illiyi müxtəlif tədbirlərlə qeyd olunur.

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ustad tarzənin yubileyinə həsr olunmuş gecə keçirildi. 

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdi. 

Filarmoniyanın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən sənətkarın həyatının müxtəlif məqamlarına dair fotolardan ibarət sərgi təşkil olunmuşdu. 

Gecənin aparıcısı Əməkdar artist Azad Şükürov bildirdi ki, Əhməd Bakıxanov çoxşaxəli yaradıcılığı ilə Azərbaycan musiqi sənəti xəzinəsini zənginləşdirib. Muğamın mükəmməl bilicisi kimi xalqımızın bu qədim mədəni-mənəvi mirasını qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunu təşkil edir. Musiqi salnaməmizə parlaq səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Əhməd Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Müxtəlif ansamblların, musiqi qruplarının yaradılması üçün fədakarlıq göstərib. Azərbaycan xalq musiqisinin, xüsusilə də muğamların tədrisinə və təbliğinə böyük töhfələr verib. Musiqi məktəbləri üçün muğamata dair tədris proqramları tərtib edib. Onun “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” adlı kitabları bu gün də musiqi məktəblərində əsas tədris materialları kimi istifadə olunur. Korifey sənətkar 1929-cu ildən ömrünün sonuna kimi indiki Bakı Musiqi Akademiyasında dərs deyib. O, daim axtarışlarda olub, yenilik hissi ilə yaşayıb. Rəhbərlik etdiyi kollektivin uğurlu çıxışları üçün istedadları axtarıb üzə çıxarıb. 

Tədbirdə daha sonra Xalq artistləri Ramiz Quliyev, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli çıxış edərək Əhməd Bakıxanovla bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, görkəmli sənətkar 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində (indiki Musiqi Kolleci) muğamdan dərs deyib. O, eyni zamanda Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Əhməd Bakıxanov 1941-ci ildə Azərbaycan Xalq Çalğı Alətləri Ansamblını yaradıb, ömrünün sonuna kimi – 1973-cü ilədək həmin kollektivə rəhbərlik edib. Vəfatından sonra sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə ansambla onun adı verilib. Ansambl bu günə kimi görkəmli xanəndələri müşayiət edib. Fatma Mehrəliyeva, Rübabə Muradova, Qulu Əsgərov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova, Arif Babayev və başqa sənətkarlar bu ansamblın solisti olublar. 

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblının müşayiəti ilə (bədii rəhbər: Xalq artisti Möhlət Müslümov) Xalq artistləri Zaur Rzayev, Mələkxanım Əyyubova, Əməkdar artist İlkin Əhmədovun ifalarında “Çahargah təsnifi”, “Sevgilimsən, gözəl yar”, “Dilbərim” xalq mahnısı və s. ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.