vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
23:22 | 23 fevral 2025 | Bazar Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Transatlantik təhlükəsizliyin kəsişməsi

Münhen Təhlükəsizlik Konfransında və ondan kənarda baş verənlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Transatlantik təhlükəsizlik alyansındakı zəlzələ ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri edəcək. Bu məqamda Ukrayna-Rusiya gərginliyinin necə nəticələnəcəyi yeni Avropa təhlükəsizlik arxitekturası üçün sınaq meydançası olacaq.

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən keçirilir və transatlantik təhlükəsizlik tendensiyalarının dövlət başçıları, nazirlər, diplomatlar, bürokratlar, akademiklər və müxtəlif sahələrdən olan ekspertlər tərəfindən müzakirə edildiyi ən mühüm platformalardan biridir. Hər il nəşr olunan Münhen Təhlükəsizlik Hesabatı qlobal siyasət, iqtisadiyyat və sosial tendensiyalarda baş verən hadisələrə işıq salmağa çalışır. Münhen Təhlükəsizlik Hesabatı həmçinin qlobal təhlükəsizlik tendensiyalarını formalaşdıran və qərar qəbul edənlərin seçimlərinə təsir edən bir xüsusiyyətə malikdir.

Konfrans həm də Qərb dünyasının nüfuzlu qərar qəbul edənlərin və rəy liderlərinin bir araya gələrək məsləhətləşmələri üçün platforma kimi seçilir. Bu görüşlərdə transatlantik təhlükəsizliyə dair fundamental məsələlər və tendensiyalar, dəyişikliklərin dinamikası, qlobal iqtisadiyyatın istiqamətləri, qlobal enerji bölgüsü və risk sahələri müzakirə olunur.

 

Çoxqütblüləşmə nə vəd edir?

 

Builki Münhen Təhlükəsizlik Hesabatının diqqəti və adı “Çoxqütblüləşmə” olaraq təyin olunub. Hesabatda daha çox dövlətin regional və qlobal güc və qazanc üçün yarışdığı, beynəlxalq nizamın Qərbin dəstəklədiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) hegemonluğu altında birqütblü quruluşdan çoxqütblü və “qeyri-müəyyən” bir quruluşa çevrildiyi vurğulanır. Yeni yüksələn aktorların tələbləri, onların güc və status istəkləri nəzərə alınmaqla, sözügedən dəyişikliyin hazırkı mərhələdə güclü tendensiya olduğunu söyləmək olar.

Hesabatda qeyd olunduğu kimi, Çin, Rusiya, Hindistan, Braziliya və Cənubi Afrika kimi aktorlardan yaranan dəyişiklik və hakimiyyət keçidində effektivliyini artırmaq tələbləri var. Digər tərəfdən Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İndoneziya kimi aktyorların bu dəyişiklik və çevrilmə prosesindən yaranan boşluqları dəyərləndirərək təsir və təsir dairələrini genişləndirdikləri ifadə edilir.

Bu kontekstdə çoxqütbləşmə tendensiyasından ən çox təsirlənəcəklər status-kvo aktorları olacaq. Avropa Birliyi (AB), Yaponiya və Cənubi Koreya kimi indiyədək transatlantik təhlükəsizlik çətirinə töhfə vermiş nüfuzlu aktorlar mövcud vəziyyətin dəyişməsindən narahat olan və yeni prosesə əqli, institusional və maddi/hərbi cəhətdən hazır olmayan status-kvo aktorları kimi göstərilir. Bu kontekstdə Avropada yüksələn ifrat sağçı məchulları çox olan bu tənlikdə ayrı bir dinamik olaraq ortaya çıxır.

Gözlənilirdi ki, builki konfransda transatlantik aktorların və alyansın yeni meydana çıxan oyunçulara qarşı hansı tədbirləri görəcəyi və onların yeni dəyişikliyə necə uyğunlaşacağı müzakirə olunacaq. Lakin gözlənilənlərin əksinə olaraq, builki konfrans transatlantik aktorlar arasında mübahisələr və fikir ayrılıqları ilə yadda qaldı. Qərb Alyansında demokratiya və azadlığın təhlükəsizliyinin təmin edilməsi vacibdir, lakin bunun dəyəri yüksəkdir. Tramp administrasiyası liberal beynəlxalq nizamın müdafiəsi xərclərini artıq öz üzərinə götürmək istəmədiyini açıq şəkildə bildirdi. Vaşinqton artıq Qərb dəyərlərini, azadlıqlarını, azad bazarları və beynəlxalq institutları dəstəkləməyə, Avropanın təhlükəsizliyini təmin etməyə hazır olmadığını deməkdən çəkinmir. ABŞ avropalı tərəfdaşlarına “Azadlıq havayı deyil” şüarını çatdırıb.

 

ABŞ-Avropa bölünməsi

 

Tramp administrasiyasının bu oxla bağlı ritorikası xüsusilə avropalı siyasətçilərə və qərar qəbul edənlərə şok effekti verib, çünki indiyədək Avropanın təhlükəsizliyini və Qərbin Asiyada müttəfiqlərinin təhlükəsizliyini əsasən ABŞ və NATO təmin edirdi. Bu vəziyyətin dayanıqlı olmadığı və ABŞ-dakı Tramp administrasiyasının bu vəziyyəti davam etdirmək istəmədiyi çox açıq şəkildə ifadə edilib. NATO Müdafiə Nazirləri toplantısında həmkarlarına müraciət edən Amerika Müdafiə Naziri Pit Heqset, “Dəyərlərdən istədiyimiz qədər danışa bilərik. Dəyərlər vacibdir, amma siz dəyərlərlə atəş edə bilməzsiniz. Düşmənlərinizlə bayraqlar və güclü ritorika ilə qarşılaşa bilməzsiniz. Sərt gücün əvəzi yoxdur”, – deyib. Heqsətlə yanaşı, bir çox digər Amerika siyasətçiləri də Avropanın müdafiəyə daha böyük büdcə ayırmalı olduğunu vurğuladılar. Bütün bu izahatları birlikdə nəzərdən keçirdikdə aydın olur ki, Vaşinqton artıq Avropa dəyərlərini və Avropa təhlükəsizliyini təmin etmək istəmir. Bu münasibətin nəticələri təkcə təhlükəsizlik sahəsində deyil, həm də Trampın tətbiq etdiyi tariflər vasitəsilə beynəlxalq ticarət sahəsində özünü göstərir.

Çıxışı ilə konfransa damğa vuran ABŞ-ın vitse-prezidenti Ceyms Vense bildirib ki, Avropanın təhlükəsizliyinə ən böyük təhlükə nə Rusiyadan, nə də Çindən deyil, Avropanın özündən gəlir. Avropada demokratik çatışmazlıq olduğunu, müəyyən baxış və yanaşmaların, yəni liberal diskurs və perspektivdən kənarda qalan bütün baxışların sıxışdırıldığını və məhdudlaşdırıldığını vurğulayan Vensin açıqlamaları təkcə onun çıxış etdiyi zalda deyil, bütün Avropa ekspert və siyasətçilərində şok effekti yaradıb.

Vensin tənqidi sadəcə olaraq ABŞ-ın Avropa təhlükəsizliyinin xərclərini ödəmək istəməməsinin ifadəsi deyildi. Bu, transatlantik təhlükəsizlik əlaqələrini dəstəkləyən dəyərlərin əsaslı tənqidi idi. Bu baxımdan, Avropa təhlükəsizliyinin onilliklər ərzində dayandığı möhkəm təməl struktur olaraq sarsılmışdır. Transatlantik tərəfdaşların fikir ayrılıqları və maraqlarının toqquşması hansısa yolla həll oluna bilər, lakin bu birliyin əsasını təşkil edən dəyərləri və institutları şübhə altına almaq Transatlantik Alyansın əsaslarına dinamit qoydu.

 

Münhenin afterşokları və sonrakı zəlzələlər

 

ABŞ-da Tramp administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsində rəsmi Kiyevi və qismən də ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasını və avropalı aktorları günahlandırıb. Bu ittihamlar Avropada qəzəblə qarışıq məyusluqlara səbəb oldu. Bu bəyanatlar Avropanın öz təhlükəsizliyi ilə bağlı Vaşinqton administrasiyasına artıq etibar edə bilməyəcəyini açıq şəkildə göstərdi. Bu inkişaflar fonunda Tramp administrasiyasının qlobal siyasət və Avropa təhlükəsizliyi məsələlərində seçici iştiraka üstünlük verəcəyi daha aydın oldu.

Vaşinqtonun dəyişən diskursunun ilk tətbiqi Ukrayna ilə bağlı oldu. Tramp administrasiyası Rusiya ilə danışıqlarla bağlı konkret təşəbbüslər irəli sürüb və iki ölkənin xarici işlər nazirləri fevralın 18-də Səudiyyə Ərəbistanında görüşüblər. Bu danışıqlarla eyni vaxtda ABŞ prezidenti Donald Tramp dəfələrlə Ukraynaya qarşı ittiham xarakterli bəyanatlar verib. Ukrayna prezidenti Vladimir Zelenski Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın qonağı olarkən, Avropanın önəmli aktorları Fransanın paytaxtı Parisdə təcili bir araya gəlib. Avropa rəsmiləri bütün bu hadisələri Transatlantik alyansın sonu kimi qiymətləndiriblər.

Dünya siyasətindəki dəyişiklikləri, yeni çağırışları və Transatlantik Alyansın mümkün cavablarını araşdırmaq üçün bir araya gələn aktorlar bu ittifaqın yumşaq parçalanmasının şahidi olublar. Münhendəki siyasi zəlzələnin nəticələri Avropa paytaxtlarında hiss olunmağa davam edəcək. Avropa nə çox qütbləşməyə, nə də Amerikasız təhlükəsizlik arxitekturasına hazır deyil. Avropanın strateji muxtariyyəti və təhlükəsizlik arxitekturası uzun illərdir ki, müzakirə mövzusudur. 2022-ci ildə nəşr olunan Avropa Strateji Kompası bu baxımdan mühüm səydir. Bununla belə, Strateji Kompasdakı tövsiyələrin həyata keçirilməsi üçün kifayət qədər addımlar atılmayıb. Tramp administrasiyasının ilk ayında atdığı addımlar və verdiyi mesajlar Avropanı hazırlıqsız yaxaladı.

Bütün bu hadisələr qardaş Türkiyəyə də təsir edəcək. Təxminən 10 ildir NATO müttəfiqlərindən istədiyi təhlükəsizlik dəstəyini ala bilməyən və uzun illərdir “müttəfiqləri” tərəfindən müxtəlif embarqolara məruz qalan Türkiyə, bu dövrdə müdafiə sənayesində və hərbi potensialında nümayiş etdirdiyi təkamüllə Transatlantik ittifaqdakı çatlara hazır olacaq vəziyyətdədir. Türkiyənin hərbi hazırlığı bir çox NATO üzv ölkələrindən qat-qat güclüdür.

Lakin daha geniş qlobal və regional problemlərin həlli yeni təhlükəsizlik tədbirləri və əməkdaşlığı tələb edir. Transatlantik təhlükəsizlik alyansındakı siyasi zəlzələ ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri edəcək. Bu məqamda Ukrayna-Rusiya gərginliyinin necə nəticələnəcəyi yeni Avropa təhlükəsizlik arxitekturası üçün sınaq meydançası olacaq. Əgər Avropa dövlətləri real oyun dəyişən aktorlara çevrilmək niyyətindədirlərsə, ABŞ-ın mövqeyindən asılı olmayaraq bu böhranda təşəbbüsü ələ almalıdırlar. Qarşıdakı həftələr bu incə prosesin ilk nəticələrini görmək üçün həlledici olacaq, lakin yeni sistemin tam qurulması üçün uzun illər lazım ola bilər.