10:15 | 23 iyun 2013 | Bazar
Məqaləyə 2936 dəfə baxılıb
Şriftin ölçüsü
Küləkli havanın zərərləri...
Dəyişkən hava şəraiti insan sağlamlığı ilə yanaşı ticarətçilərə də ziyan vurur
HİKMƏT
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güclü külək xəbərdarlığı
Zəif duman və çiskin də gözlənilir
-
Hava kəskin dəyişəcək
Yağıntı və külək gözlənilir
-
FHN xəbərdarlıq etdi
Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!
-
Ayın 18-də Bakıda güclü külək əsəcək
Ölkə ərazisində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
Son günlər paytaxt Bakıda davam edən küləkli və sərin hava şəraiti Dənizkənarı Milli Parkdakı əyləncə mərkəzlərinin, kafe və restoranların, ticarət köşklərinin gündəlik gəlirinə ciddi şəkildə təsir edib. Bulvarda apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, iyun ayının ikinci yarısında paytaxtda temperaturun aşağı düşməsi şəhər sakinlərinin bulvara axınının azalmasına səbəb olub.
Buradakı satıcılar, kafe və restoran sahibləri müştəri qıtlığından əziyyət çəkdiklərini dilə gətirərək bildirdilər ki, havaların sərin və küləkli keçməsi onların büdcələrinə xeyli dərəcədə ziyan vurub.Ticarət köşkündə satıcı işləyən Valeh Allahyarov bizimlə söhbəti zamanı ötən günlərlə müqayisədə alverin 70-80 faiz aşağı düşdüyünü bildirdi: “Adi günlərdə orta hesabla 100 manatlıq alverimiz olurdu. İndi isə gün ərzində 20-30 manat alver olur. Bir tərəfdən küləkli hava şəraiti ilə əlaqədar bulvara gələnlərin sayı azalıb, digər tərəfdən də havalar sərin olduğu üçün insanlar dondurmaya, sərin sulara o qədər də meyl etmirlər. Dünən səhərdən axşama qədər cəmi 16 manatlıq alverim olub. Heç kim gəlmir bulvara. Ona görə də axşam saat 7 olan kimi ticarət köşkünü bağlamağa məcbur oluram. Ancaq havalar isti olanda gecə saat 12-dək alver edirdik”.
Havaların sərin və küləkli olması balacaların ən sevimli əyləncə növlərindən biri olan karusel və attraksionları da boş qoyub. Hər zaman musiqi sədaları və balacaların səs-küyü, gülüşləri ilə diqqəti cəlb edən bir-birindən maraqlı karusellər indi boş qalıb. Onlar sanki öz balaca sahiblərinin yolunu gözləyirlər.
Eyni sözləri bulvarda fəaliyyət göstərən kafe və restoranlar haqqında da demək olar. Adətən yay aylarında müştəri qıtlığından əziyyət çəkməyən bu kafe və restoranlar da indi öz sahiblərinin yolunu gözləyirlər.
Küləkli günlər Dənizkənarı Milli Parkda təşkil olunan dəniz turlarının da işinə ciddi təsir edib. Bulvar idarəsinin balansında olan “Dalğa” gəmisinin kapitanı bizimlə söhbətində bildirdi ki, son günlər havaların küləkli keçməsi ilə əlaqədar dəniz turları müəyyən qədər təxirə düşüb: “Bunun əsas səbəbi sərnişin qıtlığı ilə bağlıdır. Əgər ötən günlərdə olduğu kimi, sərnişin qıtlığı olmasa biz dənizə çıxa bilərik. Çünki belə küləklərin bizim gündəlik işimizə o qədər də təsiri yoxdur. Güclü küləklər olarkən dəniz turları təxirə salınır. Bu günlərdə əsən küləklər isə o qədər də güclü deyil. Ona görə də sərnişinlərimiz olarsa biz turları davam etdirə bilərik. Ancaq son günlər sərnişin qıtlığından xeyli əziyyət çəkirik ki, bu da hava şəraiti ilə əlaqədardır”.
Həkimlərin sözlərinə görə, havaların küləkli keçməsi insan səhhətində də müəyyən problemlərin yaranmasına səbəb olur. Həkim-terapevt Luiza Məmmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, küləkli havalarda ürək-damar xəstələri, əsəb xəstələri, qan təzyiqindən əziyyət çəkənlər daha çox narahat olurlar: “Ona görə də belə hava şəraitində ürək xəstələrinə təbiətlə az təmasda olmaq, açıq havada az gəzmək məsləhət görülür. Bundan əlavə, küləkli günlərdə atmosferdə təzyiq dəyişkənliyi, maqnit dalğasının artması da müşahidə olunur. Bu da öz növbəsində təbii ki, təzyiqdən əziyyət çəkən xəstələrə öz mənfi təsirini göstərir. Belə xəstələrə də məsləhətdir ki, küləkli havada təbiətlə az təmasda olsunlar”.
Luiza xanımın sözlərinə görə istənilən dəyişkən hava insan səhhətində müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də belə havalarda həkim məsləhətlərinə qulaq asıb onların tövsiyələrinə əməl etmək vacibdir.