Sayımızı necə artıraq?
Ekspert hökumətə əhalinin təbii artımına nail olunmasının yollarını göstərdi
«1991-ci ildə ölkəmizdə doğulan uşaqların sayı 190 mindən çox olub. 2013-cü ildə doğulan uşaqların sayı isə 112 min nəfərədək azalıb. Bu o deməkdir ki, keçmiş SSRİ dağılan dövr ilə müqayisədə təbii artım ildə təxminən 80 min nəfər azalıb». Vaxt.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsinə çatdırılması olduqca vacibdir: «İndi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu ilə eyni deyil. Bunun kifayət qədər obyektiv və psixoloji səbəbləri var. Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlarla yanaşı psixoloji səbəblər də təbii artımın aşağı düşməsində az rol oynamır.
Təbii ki, bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq daha çox işçi qüvvəsi anlamına gəlirdisə, indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır. Təbii artımda maraqlı olan dövlətlər isə məhz həmin xərci qarşılamalıdırlar ki, ailələr artımda maraqlı olsunlar. Digər tərəfdən, təbii artım işçi qüvvəsinə olan tələbatın ödənilməsi baxımından da əhəmiyyətlidir. Əslində, təbii artımın zəif olması səbəbindən hal-hazırda bir sıra inkişaf etmiş ölkələr işçi qüvvəsinə olan tələbin ödənilməsi üçün xaricdən əmək miqrantlarının gəlməsinə şərait yaradırlar».
İqtisadçının fikrincə, təbii artımın dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var:
«Əvvəla, Norveç və bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi uşaqların sayına uyğun olaraq gəlir vergisindən azad edilmə prinsipinin tətbiqi həyata keçirilə bilər. Belə ki, bu ölkələrdə ailədə uşaqların sayı 3 və daha artıqdırsa, o zaman valideynlər gəlir vergisi ödəməkdən azad edilirlər. Bu isə ailədə uşaqların sayının artırılması üçün stimul yaradır. Çünki bu halda çox uşaq çox xərc anlamına gəlmir. Vergi ödəməməkdən əldə edilən qənaət uşağın xərclərinə yönəldilir.
İkincisi, Rumıniya və bir sıra Mərkəzi Avropa ölkələrində olduğu kimi, uşaqların sayı çox olan ailələrə aşağı faizli və uzunmüddətli kreditlər, o cümlədən güzəştli ipoteka krediti təklif edilə bilər. Bu zaman, çoxuşaqlı ailə simvolik faizli kredit götürərək, hətta özünə biznes belə yaratmaq imkanına malik olur.
Üçüncüsü, əksər Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, ailədə uşaqların sayına uyğun olaraq pensiyayaçıxma yaşı müəyyənləşdirilə bilər. Uşaqların sayı 3-dən artıq olduğu halda dünyaya gələn hər bir körpəyə görə valideynlərin pensiya yaşı azaldıla bilər. Məsələn, 3 uşaqlı ailədə ataya pensiyaya 63 yaşında deyil 61, anaya isə 59.5 deyil 57.5 yaşında çıxma hüququ verilə bilər. Uşaqların sayı 4 olduqda daha 2 il azaldıla bilər. Uşaqların sayı 5-dən çox olduqda isə bu saydan çox olan hər körpəyə qədər pensiya yaşının azaldılması 1 il müəyyənləşdirilə bilər.
Dördüncüsü, Rusiya və hətta neftlə zəngin əksər Yaxın Şərq ölkələrində olduğu kimi, uşaq doğulan zaman verilən birbaşa müavinətin məbləği yüksək müəyyənləşdirilə bilər. Verilən vəsait uşağın adına açılmış hesaba köçürülür və valideynin həmin vəsaitin 1/3-dən istifadə etmək hüququ olur. Qalan vəsaitdən isə uşaq böyüdükdən sonra özü sərbəst istifadə edir. Bu zaman, hər bir uşaq doğulan zaman 5 min manat birdəfəlik yardımın edilməsi və onun 66 faizinin depozit kimi uşağın gələcəkdə təhsil və digər məqsədlər üçün istifadə edilməsinə sərf edilər bilər».