vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
XADİM  
09:55 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci xanımın özəl günü

Bu gün Mehriban Əliyevanın doğum günüdür

MÖVZU İLƏ ƏLAQƏLİ

«Trend» xəbər verir ki, avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1990-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) «Azərbaycan-İRS» jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.

Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan iyulda yenidən bütün dünyadan olan çoxsaylı qonaqları VI Qəbələ Beynəlxalq Musiqi Festivalında qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alim, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin «Əxlaqi-Nasir» əsərini latın qrafikasında yenidən nəşr etdirib, «Azərbaycan» kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan «Qabusnamə» kitabının Azərbaycan və rus dillərində variantlarını hazırlayıb, «Azərbaycan muğamı» multimedia məcmuəsi və «Muğam dünyası» kitabını buraxıb.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. 2012-ci ilin iyun ayında Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında «Roma katakombalarının bərpasına dair ikitərəfli saziş» imzalanıb. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında «2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması»na dair müqavilə imzalanıb. Növbəti gün Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən «Sistina» zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.

Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

2013-cü il sentyabr ayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun, BMT-nin Sivilizasiyaların Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə «Azərbaycan-tolerantlıq məkanı» adlı fotosərginin açılış mərasimi olub. Fotosərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. Bənzər sərgi 2013-cü ilin noyabr ayında Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində və 2014-cü ilin aprel ayında Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində təşkil edilib.

Heydər Əliyev Fondu 2013-cü ilin oktyabr ayında Azərbaycan mədəniyyətini İtaliyanın regionlarında daha yaxından tanıtmaq məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilib. Azərbaycanın incəsənət ustaları növbəti dəfə İtaliya tamaşaçılarına ölkəmizin zəngin mədəniyyətini nümayiş etdiriblər.

2013-cü ildə Heydər Əliyev Fondu Romanın Kapitolini Muzeyinin «Filosoflar zalı»nı təmir edib. 25 oktyabr 2013-cü ildə təmirdən sonra zalın açılışı olub.

2013-cü ilin noyabr ayında Heydər Əliyev Fondu Almaniyada «Azərbaycanı tanıdım» layihəsi çərçivəsində daha bir tədbir keçirib. Azərbaycanın Ştutqartdakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə «Azərbaycan gecəsi» təşkil edilib.

Həmin ay Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Strasburqun «Reyn sarayı»nda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi və konsert təşkil olunub. Bir neçə gün sonra Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reyms şəhərinin To sarayında Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.

2013-cü il noyabrın 20-də Almaniyanın Köln şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Azərbaycan gecəsi» təşkil olunub. Tədbir səhərin tarixi Gürsenix mədəniyyət zalında baş tutub və 3 saatdan çox davam edib.

2013-cü ilin dekabr ayında Avropanın ən iri limanlarından biri olan Almaniyanın Hamburq şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə «Azərbaycan gecəsi» təşkil olunub. Bu, Heydər Əliyev Fondunun 2013-cü ildə Almaniyada təşkil etdiyi «Azərbaycan gecəsi» silsiləsindən sonuncu tədbir olub.

2014-cü il iyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən «Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi» sərgisinin açılış mərasimi olub. İyulun 12-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş «Müasir dəbdə Azərbaycan cazibəsi» adlı moda nümayişi olub.

2014-cü il mayın 28-də Strasburqda, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Avropa Şurası yanındakı Daimi nümayəndəliyinin dəstəyi ilə «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» layihəsi çərçivəsində sərgi keçirilib.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların səmərəliliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən «Qarabağ reallıqları» bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən «Müharibə və mədəni-tarixi abidələrimiz», «Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında» kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və video sərgilər təşkil edir.

2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESCO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm UNESCO, həm də İSESCO, nizamnamələrində qeyd olunduğu kimi, bu təşkilatlar qeyri-siyasi institutlardır. Eyni zamanda, bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir. 2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESCO-nun «Qızıl Motsart» medalı təqdim olunub.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci il iyunun 9-da mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın «Yüzilliyin mesenatları» Beynəlxalq Fondunun «Yaqut Xaç» ordeni ilə təltif olunub.

2007-ci il yanvarın 29-da Cenevrədə keçirilmiş Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva «Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə» xüsusi mükafatı ilə qiymətləndirilib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə «Qızıl Ürək» beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva «İlin qadını» fəxri adını alıb.

Ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Mehriban Əliyevanı «2005-ci ilin adamı» elan edib.

2006-cı ilin mart ayında Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunmasında verdiyi töhfəyə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülüb.

2013-cü ilin fevralında Mehriban Əliyeva türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə «Türk mədəniyyətinin hamisi» adına layiq görülüb. Mehriban Əliyeva «Türküstan» qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən rəy sorğusunun nəticələrinə görə bu mükafata layiq görülüb.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın «Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013» mükafatına layiq görülüb. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələr həyata keçirilib.

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin «Nefertiti Media Productions» şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva «2014-cü ilin ən nüfuzlu qadını» adına layiq görülüb. Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə bu ada layiq görülüb. Azərbaycanın birinci xanımının xidmətləri sırasında, həmçinin Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsi, digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilib.

2014-cü il mayın 12-də Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada Türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının İdarə heyətinin qərarı ilə qurumun Fəxri mükafatına layiq görülüb.

2014-cü il mayın 14-də Bakıda «The Business Year: Azerbaijan-2014» nəşrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mehriban Əliyevanın Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada «İlin Birinci Xanımı» mükafatına layiq görüldüyü elan edilib.

2014-cü il iyunun 15-də ELPIDA - Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının prezidenti Marianna Vardinoyannis «ELPIDA» mükafatını Mehriban Əliyevaya təqdim edib. Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən ELPIDA bu sahədə model tibb bölməsinin yaradılmasına nail olub, sümük iliyi nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə edib, ixtisaslaşmış uşaq xəstəxanası açıb. Ən əsası isə ELPIDA ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək verib.

2014-cü il avqustun 14-də Rusiya Federasiyasının Həştərxan vilayəti Dumasının deputatları Mehriban Əliyevanın «Həştərxan vilayəti qarşısında xidmətlərinə görə» ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi altında Həştərxan vilayəti ərazisində bir sıra iri sosial əhəmiyyətli layihələr keçirir.

2014-cü ilin avqust ayında Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Mehriban xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb.

2014-cü il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı yüksək səviyyədə keçirilib. Yubiley çempionatında qitənin 33 ölkəsindən 258 idmançı iştirak edib. Bu nüfuzlu turnir Bakıdakı Milli Gimnastika Arenasında baş tutub. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

2014-cü il iyunun 16-da Afinada Mehriban Əliyevaya Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının «Olympic Excellence» xüsusi fəxri mükafatı təqdim olunub. Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim edib.

2013-cü il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edilib.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib. Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının «Xidmətlərə görə» Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva «Fəxri legionun böyük xaç komandoru» ordeni ilə təltif edilib.

24 iyun 2011-ci il tarixdə Brüsseldə Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) «Birliyin Ulduzları» mükafatı ilə təltif edilib.

2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun «Prix de la Foundation» mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.

Heydər Əliyev Fondu Azərbaycanın «Eurovision» mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycanın bu müsabiqədə iştirak etdiyi dövr ərzində ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar «Eurovision 2011»in qalibi oldular.

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib: «Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır. Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri və internat məktəblərini tamamilə yenidən qurub onlarda ailə mühitinin formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən biridir».

Vaxt.az saytı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində uğurların davamını arzulayır.