vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
12:19 | 30 noyabr 2014 | Bazar Məqaləyə 4412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oşo yox, «Kamasutra» oxuyun»

Buxur yandırmaqla, mal əti yeməməklə elitar insan olmağın nə əlaqəsi var axı?

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Gecəni kommunist kimi yatan azərbaycanlı səhəri qatı müsəlman kimi yuxudan oyandı. İşğal baş verdi. Yaşadıqları regionlarda məscidin pendir anbarı olduğuna gözü alışmış insanlar Bakıya çatar-çatmaz əlitəsbehli, üzü saqqallı mollalara çevrilməyə başladılar. Bu qədər sürətli dəyişikliyin necə baş verməsi isə heç kimi narahat etmədi.

İran təsiri, vəhhabilik, bəhailik, nurçuluq, İŞİD və s. və ilaxır. Ərəb mədəniyyəti və adət-ənənələri, ərəblərin primitiv gigiyena qaydalarına əməl etməsinə sövqə hesablanmış islam dini Sovet hökuməti dağıldıqdan sonra əvvəl xurma, daha sonra kompüter və ingilis dili kursları ilə addım-addım evimizə soxuldu. Rafiq Tağının öldürülməsindən 3 il keçməsinə baxmayaraq hələ də qatil və ya qatillərin tapılmadığını nəzərə alıb keçirəm mövzuya.

Son 3-4 ilə qədər dost məclislərinin ən deyib-gülənləri, yeyib-içənləri, içəndən sonra başqasının yardımı olmadan evə gedə bilməyənlərindən çoxu indi ortalıqda görünmür. Yox, ona görə yox ki, «sürətli» həyat tərzindən o biri dünyadadırlar. Sadəcə təsvir etməyə cəhd etdiyim tipajlar indi elə, ya da belə dinlə məşğuldurlar. Onlar həmin dostlar idi ki, özlərini daha sərbəst, təhsilli, dünyagörüşlü hiss edirdilər. «Çay içək» deyəndə ağlına pivəxanadan başqa yer gəlməyənlərin çoxu hazırda əməlisaleh bəndəyə çevrilib. Bir daha Rafiq Tağını xatırlayıb qeyri-ənənəvi dinlərə yoluxanlar haqda danışmaq istəyirəm.

Şərq dünyaya filosoflar, şairlər yetişdirməklə yanaşı, tayı-bərabəri olmayan fırıldaqçılar da istehsal edib. Bu gün həmin fırıldaqçılardan ən dəbdə olanı Oşodur. Həmin Oşo ki, övlada, ailəyə nifrət təlqin edən kitabları, demək olar ki, bütün dillərə tərcümə edilib. Bütün kitablarında insanları özünə qapanmağa, sadə həyata, minimalizmə səsləyən adamın 5 şəxsi təyyarəsi, adını bildiyiniz bütün markalarda avtomobilləri olub. Yanına gələn şəyirdlərinə bir cümləni belə, pulsuz deməyib. Dünya Oşo ilə dərdini 10 il əvvəl həll edib. Onun haqqında, fəlsəfəsinin bir qəpiyə dəyməməsi barədə saysız sənədli filmlər çəkilib. Yaşadığı ölkələrdə təqib altında olmasının səbəbsiz olmaması çoxdan təsdiqlənib.

Oşo kitabları Bakıya təxminən 2005-2006-cı illərdə ayaq basdı. Gözündən cin yağan, özü qara, saqqalı ağ kişi 7 ildən çoxdur ki, bizim məmləkətdə də çoxunu barmağına dolayıb. Əvvəllər damarlarında qan əvəzinə alkoqol axan dostların çoxu indi adi çay içməyən, heyvan əti yeməyən əcaib varlıqlara çevrilib. Bu adamlara elə gəlir ki, uşaq səsi gələn hər yerdə mənfi ruhlar var. Çoxu getdikcə cəmiyyətdən uzaqlaşır. Özlərini cəmiyyətin fövqündə hiss edirlər. Yaşıl çaydan başqa heç bir mayeni qəbul etməyən marazm qurbanı varlıqlar nəşə tüstüsünə keflənməyi isə məqbul hesab edirlər. Onlara görə, ailə institutu insanın şəxsi həyatına tələ kimi hesablanıb. Uşaqlar isə insan ömrünü baltalayan balaca cinlərdir. Yarı krişnaçı, yarı oşoçu, yarı «hərnəvoy» varlıqlar heyvani ətlərdən imtina etsələr də, ən bahalı markaların istehsalı olan, tamamilə heyvan dərisindən tikilmiş ayaqqabı və əlcəklərdən imtina edə bilmirlər.

Qardaşım, bacım, ərəb mədəniyyəti, ərəb ənənələrindən 14 əsrdir, qurtula bilmirik. Elə regionlar var ki, hər evdə bir vəhhabi olmayanda rayon camaatı ona pis gözlə baxır. İndi də başımıza siz çıxdınız? Bu nə ikiüzlülükdür, bu nə saxtakarlıqdır? Guya bunlar elitar-fəlsəfi həyat tərzi keçirirlər. Marazm, bekarçılıq, fırıldaqçılıq qurbanısınız. Buxur yandırmaqla, mal əti yeməməklə elitar insan olmağın nə əlaqəsi var axı?

Krişnaçı-oşoçu bacı və qardaşlar deyirlər ki, heyvan əti ona görə yemirik ki, bəlkə, o biri həyatda adıçəkilən heyvanlardan birinə döndük. Onda eyni nəsildən olduğumuz heyvanlar bizi bağışlamaz. Sən hələ bu həyatında belə nə olacağına qərar verə bilməmisən. Boş ver o biri həyatını.

Ey plastlin insan! İçinin boşluğundan sənə sırınan bütün adətləri, qaydaları, təriqətləri qəbul etməyə hazırsan. Dünya isə inkişafdadır. Sənin kimi üçüncü sinif beyni olan insan təbəqəsinə sırıdığı inanclarla pullar qazanır. Tüstüləri, Çindən gələn ot-ələf çaylarını sənə satıb nüvə silahı istehsal edir.

Madam ki, Şərqlə, ədəbiyyatla maraqlanırsınız, əsrlərdən bəri sınaqdan çıxmışa üz tutun. «Kamasutra» oxuyun. Ən azından, həyatınızda nə isə dəyişsin, nə isə rənglənsin. Oxuduğunuz nəyəsə yarasın.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)