vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
22:47 | 22 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 3482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaqif Səmədoğlunun İngiliscə «mahnı»sı

«Onun sözləri yalnız Azərbaycana deyil, bütün dünyaya ünvanlanıb»

Leyla ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyasının sərhədləri İttifaq ölkələri ilə məhdudlaşırdı. Müstəqillik qazandıqdan sonra sərhədlər və imkanlar xeyli genişləndi.

Tərcümə olunan əsərlərin əksəriyyəti nəsr nümunələri olsa da, son illər poeziya da maraq dairəsindədir. Ötən ay ingilisdilli oxucular müasir Azərbaycan şeiri ilə tanış olmaq imkanı qazanıblar.

Sentyabrın 16-da Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Vaqif Səmədoğlunun ingilis dilində nəşr edilmiş «Zülmətdə günəşə mahnı» kitabının təqdimat mərasimi keçirilib.

Kitab «Azerbaijan İnternational» jurnalının baş redaktoru Betti Bleyerin təşəbbüsü ilə hazırlanıb. İyirmi ildən çoxdur fəaliyyət göstərən «Azerbaijan İnternational» mütəmadi olaraq Azərbaycan ədəbiyyatına müraciət edir. Jurnal hələ 1998-ci ildə görkəmli yazıçı Mir Cəlalın «İclas qurusu və digər hekayələr» toplusunu nəşr edib. On iki hekayədən ibarət olan həmin kitab sayəsində  ingilisdilli əcnəbi oxucular  yazıçının həyat və yaradıcılıq yolu ilə tanış olublar.

Vaqif Səmədoğlunun «Zülmətdə günəşə mahnı»sı bu silsilədən olan ikinci kitabdır. Yüz üç şeirlik kitabda şeçilmiş nümunələri ingilis dilinə Jalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Aynurə Hacıyeva, Könül Səmədova, Vəfa Məstanova və Türkiyədə yaşayan ingilis dili müəlliməsi Aynur İmecer çeviriblər.

Kitabın tərtibatı da qeyri-adidir. Oxucuların diqqətini yayındırmamaq üçün şeirlər kitabın sağ tərəfində yerləşdirilib, sol tərəfsə boş saxlanılıb.

«Zülmətdə günəşə mahnı»nın üz qabığındakı təsvir gənc rəssam Vüqar Muradovun fırçasından çıxıb. Xanım Bleyerin sözlərinə görə, bu rəsm Vaqif Səmədoğlu şeirlərinin psixoloji alt qatını çox dəqiq ifadə edir.

Poeziyanı sevmədiyini etiraf edən Bleyer Vaqif Səmədoğlu yaradıcılığının istisna olduğunu deyib: «Mən Vaqif Səmədoğlu ilə 1999-cu ildən tanışam. Ondan jurnalımız üçün Səməd Vurğunla bağlı müsahibə almışdım. Onun şeirlərindəki lakoniklik, aydın fikir və azadlıq yanğısı məni heyran edib».

Betti Bleyerin sözlərinə görə, onun Səmədoğlu yaradıcılığına müraciət etməsinə səbəb şeirlərinin həcmcə qısa, məzmunca çox sanballı olmasıdır: «Sovet dövründə yazsa da, onun şeirləri öz aktuallığını bu gün də qoruyur. Vaqif Səmədoğlunun sözləri yalnız Azərbaycana deyil, bütün dünyaya ünvanlanıb».

Betti Bleyer kitabdakı bütün şeirləri maraqla oxuduğunu, ancaq birini xüsusən sevdiyini deyib:


Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın geyib getsin...


Ön sözdə Betti Bleyer ilk dəfə 1963-cü ildə çap olunan Vaqif Səmədoğlunun totalitarizm məngənəsində sıxılan cəmiyyətdə şeirlə nəfəs aldığını yazıb. Redaktorun sözlərinə görə, şair azadlığı bu şeirlərdə və bu şeirlərlə tapıb.

Vaqif Səmədoğlu bundan əvvəl gürcü («Freedom I am your child»), türk («Ben burdayım, Tanrım») və rus («İgra v snejki letom») dillərinə tərcümə olunub.

Növbəti sayında «Azerbaijan İnternational» jurnalı  Xalq yazıçısı Anarın yaradıcılığına müraciət edəcək. Yazıçının «Dantenin yubileyi», «Otel otağı» povestləri və hekayələri silsilə şəkildə ingiliscə təqdim olunacaq.