«Axı insanların krediti, ailəsi, uşağı var»
«Qarasu» şirkətindən ixtisar olunanlar danışır
«Qarasu» Əməliyyat Şirkətinin əməkdaşları öz hesablarına bir aylıq məzuniyyətə buraxılıblar. Bu haqda AzadlıqRadiosuna şirkətin əməkdaşları deyiblər.
«1000 manat əməkhaqqı alan 450 manat alır»
Şirkət qərarını «dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar şirkətin maliyyə hesabında problem yaranmasıyla» əsaslandırıb və işçilər məcburi istirahətə göndəriliblər.
Amma məzuniyyətdə olan əməkdaşlardan bir neçəsi artıq ixtisara salınıb.
Şirkət rəhbərliyi hələ noyabrda şəxsi heyəti yığaraq ixtisarlara getməməkdən ötrü işçiləri 12 saatlıq iş rejimindən 8 saatlıq iş rejiminə keçirdiyini bildirib.
«12 saatlıq iş rejimindən 8 saatlıq iş rejiminə keçəndə işçilərin maaşı da azalıb, təbii ki. Bundan başqa, əmək qanunvericiliyinin ziddinə olaraq, şirkət nədənsə 1 saatlıq nahar fasiləsi üçün də pul ödəmək istəmir. Beləliklə də, 12 saatlıq iş 7 saata endirilib. 1000 manat əməkhaqqı olan işçi indi 450 manat alır. Amma işçilər ixtisara düşməməkdən ötrü bununla da razılaşıblar», - işçilərdən biri deyir.
«O avtomobilləri ixtisara salın»
Fuad Ağayev də ixtisara düşənlərdəndir. Amma bir neçə ay öncədən. Deyir ki, müharibə veteranıdır, himayəsində azyaşlı uşaq var. Ammabütün bunlar onun işini itirməsinə əngəl olmayıb. O, «Qarasu» ƏŞ-də sex rəisi, mühəndis, baş mühəndis vəzifəsində işləyib.
«Şirkət içində iki ofşor şirkəti var, biri «GTS Solutions Alliance»dir, o biri «Navanta». İkincisi nasosların kirayəsi ilə məşğuldur, illik dövriyyəsi 8 milyondur, GTS isə avtomobil kirayəsi ilə məşğuldur. «Qarasu»ya 50-dən çox maşın kirayə verib, birini gündəlik 100 manata. Bu da aya 3 min manat deməkdir, 50 maşın aya 150 min manat, illiksə 2 milyon manat edir. Bu maşını mən sürürəm, məni də öz hesabıma məzuniyyətə yollayırsan, amma məni gəzdirməli olan maşın qalır və pul yazır. Niyə? O avtomobilləri ixtisara salın. Axı insanların krediti var, ailəsi, uşağı var», - Fuad Ağayev deyir.
İşçilər fevralın 1-dək işlə təmin edilməsələr, aksiya keçirəcəklərini bildirirlər.
«İşçilərin halına mən də yanıram»
İşçilərin məzuniyyətə göndərilməsi ilə bağlı kadrlar idarəsinin meneceri Ziba Axundovaya zəng etdik. Bildirdi ki, o, bu haqda danışa bilməz:
«İşçilərin halına mən də yanıram. Amma bu haqda danışmaq mənim səlahiyyətimə aid deyil».
Şirkətdən başqa səlahiyyətli şəxslə danışa bilmədik. Amma qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Son aylar Azadlıq Radiosuna bir sıra şirkətlərdən ixtisarlar barədə məlumatlar gəlir.
Prezident İlham Əliyevsə yanvarın 26-da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyirdi ki, şirkətlərdə ixtisar hallarının olmamasına çalışmalıdırlar: «İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər».