Bir istək həyata keçməsi üçün mütləq problemə çevrilməlidir. Məhz onda problemdən, onun ağrılarından, bəzən məhvedici fəsadlarından qurtarmaq, rahatlanmaq haqqında təkcə düşünülmür, həm də konkret addımlar atılır. Onda insanı sadəcə yaşadan xəyallar pərən-pərən düşür, ümidin qoynundan real, bütün döngələri sərt olan həyata atılırsan.
Həyata çırpılan zaman xəsarər almaq təhlükəsi və onun ömürlük verəcəyi qorxulu əzablar, yaxud keçilməsi vacib olan döngələrin sərtliyinin yaratdığı həyacan çoxlarını istəklərindən birdəfəlik vaz keçməyə məcbur edir. Problemlə yaşamaq növbəti problemlər yaratmaqdan daha üstün sayılır və qəbul olunur. Bunları tanrının imtahanı hesab edənlər isə böyük mənada bir qurtum suyu belə içməyə çatmayan ömürlərini mübarizəyə və qazandıqları qələbələrinin onlara verdiyi ən böyük həzzə qurban verirlər.
Səbəblər
Qələbə insana bəxş olunan ləzzətdi. Bu, bütün şüurlu canlılar üçün belədi. Konkret isə özümüzdən danışaq-Azərbaycan adamlarından, cəmiyyətindən və xalqından. Bir qədər də konkretləşdirib, xalqımızın probleminə və onun bu problemi həll etmək istəyi varsa, onun həlli mexanizminə, mexanizmin işə düşməməsi üçün yaradılan manelərə nəhayət isə problemin aradan qaldırılma mümkünlüyünə məntiqlə və bir qədər də diqqətlə nəzər salaq. Azərbaycanın problemi təbii ki, Qarabağı və işğalda olan başqa ərazilərimizi işğaldan azad etmək olmalıdı. Azad etmək istəyirikmi? Cavabı axtarılası ən böyük sual budur. Ölkədə gedən proseslərə diqqətlə və soyuq başla nəzər salanda yəqin edirsən: bizim Qarabağ adlı problemimiz yoxdur. Qarabağı problem səviyyəsinə qaldıra bilməməyimiz hələ də torpaqlarımızın işğalda qalmasının ən böyük səbəbidir. Qalan bütün səbəblər törəmədi. Yəni biganəlik, qorxaqlıq, informasiya blokadasını yara bilməməyimiz, dünyanın arxamızda dayanmaması, xristian faktoru, qan tökülməmək arzusu və bu kimi səbəblər 1990-cı ildən bu günə qədər Qarabağı problemə çevirə bilmədiyimizdən yarananlardı.
Reallıqlar
Qarabağ deyəndə daha çox kef məclisləri, xanəndələr, istedadlı uşaqlar, diş donduran bulaqlar, baş gicəlləndirən qayalıqlar, bir sözlə, füsunkar təbiətə məxsus bir bölgə gəlir gözlərimizin qarşısına. "Qarabağ cənnətdir" deməyimizdəndir ki, Qarabağ cəhənnəmə dönüb. Bütöv bir vətənə qoyulası, lap elə qoyulmuş adı qoparıb, Qarabağa yapışdırmaqla düşüncəmizdə oranı Azərbaycandan ayırmışıq. Biz Qarabağı heç vaxt sevməmişik, sadəcə, ona vurulmuşuq. Qarabağ həmişə xatirələrimizin yurdu olub. Əsərlərdə bu diyarla bağlı yalnız xatirələrimizin şəklini çəkmişik. Oxucuya Qarabağı nağıllarda olan diyar kimi yedizdirmişik. Bütün bu yanlışlıqlarımıza görə də Qarabağın bizdən alınmasına dözmüşük, dözürük, yəqin uzun müddət dözəcəyik. Bütün nağıllar uydurmadı axı.
Artıq Qarabağ bizim üçün cənnət deyil. Düşmən oranı cəhənnəmə döndərib. Bu üzdən də cəhənnəmin arxasınca getmirik. İşğal tarixlərində televiziya kanalları vasitəsi ilə Azərbaycan tamaşaçısına göstərilən viran qalımş rayonlar bizdə ikrah hissi oyadır. Xarabalıqlar bayquşuna çevrilməkdənsə, qaranquş kimi daha gözəl yerlərdə məskən salmağa üstünlük veririk. Bizi Qarabağsız qoyan həm də bu təsəllidir. İnsan daima gözəlliklər axtarır.
Bir qədər obrazlı təsvir etdiyim Azərbaycan vətəndaşının Qarabağ prizmasından görsənən mahiyyəti məhz bu reallıqlardan ibarətdir. Psixologiyamızı dəyişmək illərin işi deyil. Həm də biz çox vaxt itirmişik. Hakimiyyət dəyişiklikləri ərəfəsində əslində boş yerə xərclədiymiz potensial itirdiklərimizin cəminə bərabər oldu. Başqa tərəfdən, məhəbbət həm də gözlə yaranır. Görmədiyini sevmək mümkünsüzdü. Yalnız Allah görsənmədən sevilə bilər. Bu məntiqlə hər gün Qarabağı və işğalda olan rayonları görənlərin və ona həm də gözlə bağlı olanların sayı azalır.
Zəbt olunan yurdlarımız haqqında yalnız ağızlardan eşidən adamların isə sayı artmağa başlayır. İqtidar siyasətçilərinin xal qazanmaq üçün heç bir məntiqə söykənməyən "vaxt bizim xeyrimizə işləyir" ifadəsi doğulanlarla dünyasını dəyişənlərin arasındakı fərqin qabarıqlığında görünməz və eşidilməz olur.
Qarabağdan hər gün dünənkindən daha böyük məsafədə uzaqlaşırıq. Paytaxtda artan hər işıq işğaldakı torpağımıza uzanan yolu qaranlıqlaşdırır. Restoranlardan ucalan xaric səslər əsirlərin qopardığı fəryadları eşidilməz edir.
Bayatılardakı, qədim mahnılardakı Bakı yoxa çıxdıqca, Şərqin mentalitetinin daşıyıcısı qeyrət tikilən göydələnlərin özülündə basdırılır.
Bir mahnıda deyildiyi kimi: "Yağışlı, çiskinli, əyri, köndələn Bakı"nın üzünə çiskin dəymədikcə, üzündəki süni rənglər yuyulumur, başındakı parikə yağış yağmadıqca, altda gizlənən teli görünmür, əyrilər hər gün düzəldilir. Daha köndələn tin, dalan qalmayıb. Bakı boylu-buxunlu, amma zövqsüz, pinti geyimli oğlana oxşayır. Hər gün bu "oğlan"la üz-üzə gələn adamlar "eh, qürur kimə lazımdır axı" deyib, özlərini doğma şəhərləri kimi aparırlar. Adamlar gec-tez doğulduqları şəhərə oxşayır. Adamları elə öz şəhərləri doğur. Azərbaycanın əkdikləri, Bakının doğduqları Şuşanın arxasınca getməz. Qarabağın düşməndə qalmasının ən böyük səbəbkarı bu günün Bakısıdır.
Bəhanələr
Gözümüzə girən ən böyük bəhənə "biz müharibə tərəfdarı deyilik" ifadəsidir. Biz rəsmi olaraq bu sözü deməklə, hətta əsgərimizə dedirtməklə müsəlman qiyafəsindən çıxırıq, islama, onun müqəddəs kitabı Qurani-Kərimə qarşı oluruq. Qurandakı ayələrin birində şərt kimi göstərilir ki, düşmən səni qovduğu yerə qədər qov. Müqəddəs kitabın hər bir şərti müsəlman üçün qəbuldu. Biz Allahın kitabı vasitəsi ilə müsəlmanlara ünvanladığı qisas əmrinə əməl etmdikcə dinsizləşirik. Bizi qovan yerə qədər düşmən qovulmadıqca, belə aydın olur ki, qovulmamışıq, ona görə də qovulduğumuz yeri bilmirik.
Qisas təbii ki, müharibədi. Biz niyə müharibə eləmirik? Cavab yenə bəhanədir: biz müharibə etmirik ona görə ki, hegemon dövlətlərin xətrinə dəyər, ölkəmizdə olan şirkətləri pul qazanmaz, onların dövlətləri günü-gündən şişməz və dünyanın ağalarına çevrilməzlər. Biz müharibə etmədikcə qlobal quldarlıq formalaşdırırıq. Ölkəmizdə şirkəti olan hər bir dövləti atəşkəsimiz quldar edir. İngilisin mənim vətənimdə mənim vətəndaşımı yumruqlaması sözlərimə dəstəkdir. Bütün enerjisi, potensialı ilə Qafqazın liderinə çevrilmək haqqı olan Azərbaycanın əlindən haqqını alan yeganə güc atəşkəsdir. Atəşkəs dövründə doğulan uşaqlarımızın içində köləlik böyüyür. Dünya Azərbaycanı atəşkəslə zəbt edir.
Bütün dövlətlərin iqtisadi maraqları olur ki, bir çox hallarda bu maraqlar qurban tələb edir. Ancaq neft-qaz kəmərlərinin çəkilişinə əngəl yaranmasın deyə, müharibədən qaçmaq iqtisadi cəhətdən yanlışdır. Şuşanı alıb kurort şəhərinə çevirməklə, dünya turistlərini ora cəlb edib külli miqdarda gəlir əldə etmək olar. Başqa işğalda olan torpaqlarımıza təbiətin bəxş etdiyi özəlliklər də iqtisadi xoşbəxtliyimizdi. Müharibədə itirdiklərimizi isə qaçqınların yerlərinə qaytarılması ilə qazana bilərik. Bu gün vacib sahələrə xərclənməsi tələb olunan pul qaçqınlara sərf olunur. Yurdunda olan qaçqın isə o pulu torpağından qazanacaq.
Bu göstəricilərə nəzər salmaqla müharibənin iqtisadiyyata zərbə vurmayacağını göstərmək istədim. Bununla da savaşın iqtisadiyyata zidd olduğu haqqında səslənən fikirlərin bəhanə olduğunu sübüt etdim.
Bu Bakı ilə, belə laqeyid insanlarla müharibədə uğur qazanmağın kölgə altına salınması da bəhanədir. Heç bir xalq öz istəyi ilə müharibə etməyib. Müharibəni baş komandan başlayır və öz dəmir pəncəsi ilə insanlara sübüt edir ki, bu, onların taleyidi. Fəlakətlər, faciələr, əzablarla dolu şərəfli taleyi.
...Mən də müharibə tərəfdarı deyiləm. Amma Nobel mükafatçısı Rabindranat Taqor deyir: "Bütün şübhələrə qapını bağlasan, həqiqət də kənarda qalar".