vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BAZARLIQ  
17:51 | 28 dekabr 2012 | Cümə Məqaləyə 2720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazarda od-alov satırlar

Alıcılar şikayət, satıcılar etiraf edir

Gülxar Şərif

Ötən yazıda yeni illə bağlı evimizi bəzəmək üçün nə qədər xərc çəkməli olduğumuzu araşdırdıq. İndi isə bayram bazarlığından yazacağıq. Axı təkcə evi bəzəməklə bayram olmaz. Gərək süfrəmizdə də bir şey olsun. Yazını oxuyun ki, alacaqlarınızın siyahısı tamamlanmamış cibinizdəki pul bitməsin.

“Bayramdır, gərək süfrədə yaraşıqlı meyvələr olsun”

Sərlövhə üçün seçdiyimiz bu cümləni qiymətlərin yüksək olduğunu irad tutduğumuz “elit” hesab olunan “Nəsimi” bazarında satıcı xanımlardan biri deyir. Düz də deyir. Amma bayramda kim istəməz ki, süfrəsi gözəl görünsün. Di gəl ki, kəllə-çarxa qalxan qiymətləri görəndə, bu barədə bir daha düşünməli olursan.
Beləliklə, “Nəsimi” bazarında almanın bir kilosu 2-3,  armud 6-8, kivi 4-5, portağal 4-5, ananas 5-6, gavalı 6-7, çiyələk 10-12, üzüm 7-8, nar 5-6, heyva 4-5,  xiyar 5-6, pomidor 5 manata satılır. Qoz 12-15, qabıqlısı 8-10, fındıq 8-9, ərik qurusu 8, kişmiş 6, alça qurusu 7, şabalıd isə 10-12 manatdır. Qış bayramında yay mövsümünün yeməklərini süfrənizdə görmək istəyirsinizsə, badımcanı 4-5, bibəri 4 manata ala bilərsiniz. Ən maraqlı isə lobyanın qiymətidir - 12-15 manat. Beləliklə orta səviyyəli bayram bazarlığı üçün 200-300 manatınızı hazırlayın.

Satıcılardan etiraf

Sizə təqdim etdiklərimiz hələ orta qiymətlərdir. Amma bazarda qızğın rəqabət var. Bayramqabağı hamı daha çox qazanmaq istəyi ilə qiymətləri bir az da qaldırır. Bütün dünyada bayram qabağı qiymətlər ucuzlaşsa da, bizim satıcılar bayramı fürsət hesab edir. Onsuz da alıcı süfrəsini bəzəmək üçün məcbur qalıb alacaq. Amma alıcılar da onların bu niyyətindən xəbərdardır. Deyəsən, elə buna görə də, bazarda boşluqdur.
Gülsüm adlı satıcı qiymətlərin qalxdığını etiraf edir: “Son üç-dörd gündür qiymətlər qalxıb. Məsələn xiyarı 1.50 qəpiyə alırdımsa, indi 5-6 manata satılır. Satanda da ən azı 1 manat baha satmalıyam ki, mən də nə isə qazanım. Düzdür, bayramqabağı hər şeyin qiyməti qalxır, amma alan da yoxdur”.
Qiymətlərin yüksəkliyindən danışdığımızı görən Mahirə adlı satıcı isə çox əsəbi halda: “Qiymətlərin qalxması bizdən asılı deyil. Baha alırıq ona görə də, bu qiymətə satırıq. Alıcı da yoxdur. Biz hər şeyi “Yaşıl bazardan” alırıq. Orada qiymətlər necədirsə, biz də üstünə bir-iki manat qoymalıyıq da. Yoxsa, bu soyuqda kefimizdən oturmamışıq ki, burda”.

Hər qiymətə meyvə var

Satıcıların da şikayətlərini nəzərə alaraq yollandıq “Yaşıl bazar”a. Bura topdansatış olduğundan qiymətlər nisbətən fərqlidir. Amma bu o demək deyil ki, burda hər şey ucuzdur. Bazarda ən aşağı qiymətə  limon satılır - 4-5 ədədi bir manata. Mandarin 1.50-2, portağal 1.50-3,  alma 2-3 (50-60 qəpiyə də var), armud 2-6, kivi 1-3, nar 3-5, çiyələk 6-8, heyva 1-4, xiyar 2-4, pomidor 1.80-3, bibər 2-4, qoz 8-10, fındıq isə 6-8 manatadır. Ətin qiyməti isə 8-9 manat arası dəyişir.
Bu bazarda da satıcılar alıcı azlığından şikayətlənir.
Hava soyuq olduğundan gözlərindən başqa hər yerini şalla örtən Şahzadə adlı satıcı xüsusən dekabrın 21-i ərəfəsində alıcıların azaldığını deyir:
“İndi də gəlirlər hərəsindən bir kilo alırlar. Başa düşürük, imkan yoxdur, qiymətlər bahadır, amma nə edək biz də qazanmalıyıq. Məcburuq bayram ərəfəsi qiymətləri bir az qaldıraq”.

Yerli, yoxsa xarici mal?

Bazarları gəzərkən diqqətimizi çəkən başqa bir məqam isə eyni məhsulun qiymətindəki fərq oldu.  Satıcılardan öyrənirik ki, bu yerli və xarici məhsula görə fərqlənir. Məsələn, yerli heyva 1-1.50 manatadırsa, Türkiyədən gətirilən 3-4 manata satılır.
Tural adlı satıcı xarici mal satsa da, hələ bir dəfə də olsun ondan dadmadığını deyir. Səbəbini isə belə izah edir:
“Yerli armud bir az səliqəsiz olur, amma xaricilər hamısı bir ölçüdə. Alıcı da istəyir ki, süfrəsində səliqəli meyvə olsun. Dadına gəldikdə isə, fərqini deyə bilmərəm. Çünki heç vaxt yeməmişəm, televizorda həmişə deyirlər ki, xarici meyvələr zərərlidir. Amma onun da öz alıcıları var”.
Ruslan adlı satıcı isə yerli köklə xarici kökün fərqindən danışır: “Yerli kökü daha ucuz veririk, amma Türkiyədən gətirdiklərimiz  yol xərci də əlavə olunduğuna görə baha olur. Dadına qaldıqda öz kökümüz daha dadlı olur. Xaricini yeyəndə heç nə hiss etmirsən. Həm də hamısı eyni ölçüdə olur. Səbəbini bilmirəm, amma özüm də əvvəllər kənddə yaşamışam bilirəm ki, belə normal deyil”.

Bu bayram plov yeməyəcəyik...

Qiymətləri, yerli və xarici məhsulun fərqini anladıq, bəs alıcı bazar, qiymətlər barədə nə düşünür? Yerli, yoxsa xarici mal alır?
Şabalıdın qiymətini öyrənib satıcılardan şikayətlənən Əminə xanımdan bazarın ümumi vəziyyətini necə dəyərləndirdiyini soruşuruq:
“Satıcılar deyir, əvvəlki qiymətdir, amma mən həmişə bazara gələnəm. Bilirəm ki, bazarda nə var, nə yox. Bir həftə əvvəl 1 manata aldığım almanı indi 1.50-2 manata deyirlər”.
Yerli, yoxsa xarici məhsul almasına gəldikdə isə: “Həmişə yerli məhsullar alıram, xaricilər həm baha olur, həm də dadından heç nə anlamıram. Üstəlik hər gün eşidirik də, onların hamısı dərmanlıdır” - dedi.
Aytəkin xanım isə yarım saatdır bazarda gəzsə də, bir kilo portağal ala bildiyini deyir: “Ay qızım, belə bazar olar? Bayram gəlib deyə, qiymətlər iki dəfə qalxıb. Şabalıd 12 manat, kişmiş 6-8 manat,  alça qurusu 6 manat. Deyəsən, bu bayram plov yeyə bilməyəcəyik. Meyvə-tərəvəzin qiyməti də bahadır. Hərəsindən ancaq bir kilo ala biləcəm. Onu da ancaq yerli məhsul, xaricilərə yaxın durmaq olmur”.
Qiymətləri, keyfiyyətlini, keyfiyyətsizi söylədik. İndi seçim etmək sizə qalıb. Amma satıcılar deyir ki, bayrama bir-iki gün qalmış, qiymətlər bir az da qalxacaq. Elə isə bu gün işdən çıxarkən, ya da yazını oxuyandan az sonra bayram bazarlığınızı edin. Təbii cibinizdə pul varsa. Yoxdusa, üzümüzə gələn yeni ildə sizə bol-bol ruzi-bərəkət, var-dövlət arzulayırıq.