vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
13:48 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 2934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O uzaq, yaşıl ada və yalanlar

Aldanırıq, yoxsa aldadırıq?

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün totalitar rejimlərin bədbəxtliyi oxşardır. Şimali Koreya və ya Myanma Karib dənizindəki Kubanın əkizləridir, onlar da mərhum böyük qardaşları SSRİ-yə bənzəyirlər.

Bu ölkələrin «müdrik lider»lərinin bir-birindən nələrisə əxz etdikləri və ya hər şeyə öz ağılları ilə çatdıqları isə qəliz məsələdir.

Məhz belədir: Kubanı 50 ildən bəri idarə etmiş rejim Sovetlər Birliyindəki hakimiyyətdən heç nə ilə fərqlənmir.

SSRİ gəbərib, tarixin zibilliyinə qovuşub, Kuba ətrafında isə hələ də romantik duman dolaşır.

Azərbaycanda da fikirlər haçalanıb. Bəziləri mərhum Fidel Kastronu böyük siyasətçi, lider, inqilabçı sayır, bəziləri isə onu diktator, siyasi fırıldaqçı hesab edirlər.

1930-cu illərdə avropalı intellektuallar da Sovetlər Birliyini belə sevirdilər. Maraqlıdır, pop-mədəniyyət və kontr-kultur o zaman olsaydı, görəsən, Danimarkada və ya Kanadada gənclər indi Feliks Dzerjinski, yaxud da Nərimanovun portretləri olan maykalarda dolaşardılarmı?!

İnqilab yalanı bütün əclaflara qəhrəman təki görünməyə imkan verir.

Məsələn, Çingiz İldırım illərlə «mətin bolşevik və inqilabçı», Qəzənfər Musabəyov və ya Əli Bayramov «ləyaqətli insan», Stepan Şaumyan «igid komissar» sayılmışdı.

Məhz həmin dumanlı, rolmantik oreoldur ki, Fidel Kastronun ölümündən sonra dünyanın bütün yerlərində olduğu kimi, Azərbaycanda da mediada, sosial şəbəkələrdə müzakirələr gedir: Kubadakı rejim yaxşıdır, ya pis, onlar orada, o adada sosializm, kommunizm və ya adi, eybəcər diktatura qururdular?

Kubada olanlar, Kuba barədə oxuyanlar, Kuba haqqında filmlərə və verilişlərə baxanlar, Kubadakı olayları təhlil etməyə çalışanlar - hamı danışır, yazır, nə isə söyləyib kimlərisə nəyəsə inandırmağa çalışır.

Kuba siqar, gözəl qadınlar, köhnə maşınlar, donub qalmış vaxt deyil.

Kuba ölkədir, insanlardır, cəmiyyətdir.

Və bu səbəbdən də suala cavab arayaq: nədir Kuba, kim idi Fidel Kastro və ümumiyyətlə, biz nəyin mübahisəsini edirik?!

 

Canı cəhənnəmə, yoxsa cənnətə?

 

Fidel Kastronun cənnətə və ya cəhənnəmə düşəcəyini dartışmaq istəmirəm. Çünki nə cəhənnəmə, nə cənnətə, nə qəzavü-qədərə, nə bəxtə, nə də fatuma və ya karmaya inanmıram.

Karma, bəxt, qəzavü-qədər və ya ilahi ədalət olsaydı, Pol Pot öz əcəli ilə ölməzdi, Antoniu Duş Santuş qəzada həlak olub hələ də qəhrəman sayılmazdı, Vyaçeslav Molotov ahıl yaşında rahat bağ evində sərsəm xatirələrini yazmazdı, sözün hərfi mənasında adamyeyən İdi Amin 70 yaşadək yaşamazdı, Robert Muqabe hələ də Zimbabvenin prezidenti olmazdı, Serj Sarkisyan da gözlərini süzdürüb pətərən danışmazdı.

 

Hansı karmadan danışırsınız?

 

Fidel Kastronun ölümü ilə bağlı nə matəmi, nə vəcdə gəlmiş açıqlamaları, nə də onun leşinə söyənlərin nifrətini bölüşmürəm.

Əslində, Fidel Kastro artıq 11 ildi ki, Kubanı idarə etmirdi. Əynində «Adidas» idman paltarı olan «Komandante» Havananın cənub həndəvərində villasında oturub ölkəyə ağsaqqallıq edir, özü demişkən, «həyatının qürubunda küllənirdi».

Kastro küllənməkdəykən onun kiçik qardaşı, tösmərək Raul Kastro Rus ABŞ ilə yaxınlaşmağa başladı, Vaşinqtonla diplomatik münasibətləri bərpa etdi, sonra da Ağ Evin qaradərili sahibi Barak Obamanın əlini sıxıb birgə şəkil də çəkdirdi. Bu ilin mayında ilk dəfə olaraq ABŞ-dan Kubaya kruiz layneri yollandı. Ötən aysa Kuba indiyədək «1 nömrəli düşmən» saydığı Birləşmiş Ştatlara siqar və rom satmağa başladı.

Hələlik astaca, tələsmədən, üsulluca. Səbəb - Fidel Kastronun sağ olmasıydı.

«Revolucion o muerte!», yəni «İnqilab, ya ölüm!», habelə «Patria o muerte!» («Vətən, ya ölüm!») şüarı ilə Kubanı idarə edən, «ABŞ ən böyük və mənfur düşmənimizdir!» deyən Fidel Kastro sağkən, Birləşmiş Ştatlarla əlaqələri bərpa etmək, alverə başlamaq bir qədər naqolay, rüsvayçı təsir bağışlaya bilərdi.

İndisə Fidel yoxdur, proses sürətlənib.

Cəmi 5 il sonra Kubaya ABŞ-dan milyardlarla dollar axacaq və ölkəni tanımayacağıq.

Bu səbəbdən də Fidel Kastronun fiziki ölümünün nəyisə çox ciddi şəkildə dəyişəcəyini düşünənlər yanılır. «Arzulardakı Kuba öldü!» deyib vaysınanları da anlamıram.

Əslində, çoxdan ölən Kubaya ağlamaq gərəkdi.

 

Balaca, amma qürurlu Kuba?

 

Kuba uzun illər boyu dünyanın fərqli ölkələrindəki insanlar üçün az qala qürur mənbəyi, fəxarət məkanı idi. Bəs nə?! Kiçik, amma qürurlu Kuba lap yanındakı ABŞ-a sinə gərirdi, əyilmirdi, sınmırdı və ilaxır. Həddən artıq sərt iqtisadi və maliyyə blokadasına, sanksiyalara, fasiləsiz pressinqə rəğmən Kuba dünyanın ən qüdrətli ölkəsinin önündə diz çökmürdü.

Dünyanın ən səviyyəli səhiyyələrindən biri, uzunömürlülüyün az qala adi hala çevrilməsi, keyfiyyətli və pulsuz təhsil, üstəlik əla siqarlar, gözəl qadınlar, ecazkar musiqi. Yoxsul ölkələrdə yaşayan, amma özlərini qürurlu hiss etmək istəyənlər özlərinə ürək-dirək verib deyirdilər ki, əgər Kuba ABŞ-a sinə gərirsə, deməli, onlar da bacarar.

Fidel Kastro isə qəhrəmanlıq filmlərindəki mətin insan obrazı idi. Bütün təbliğatçılar və saxta ideologiya ustaları belə obrazları sevirlər. Kastro, sanki, Hollivud ulduzu idi: qarşısını almaq istəyən bütün düşmənlərə qalib gəlirdi, ona sui-qəsdlər də uğursuzluğa düçar olurdu.

Məhz bu səbəbdən Kuba, sanki, bir din, Fidel Kastro da həmin dinin rəsulu idi: bu dinə inananların hisslərinə sayğı göstərərək gerçəkləri olduğu kimi yazmaq istəmirəm.

Çünki Kuba ilə bağlı müzakirələr mənə müqəddəs kitablarda bəhs olununların, həqiqətən, baş verib-verməməsi barədə diskussiyaları xatırladır.

Heyhat, indi Kuba arzusu, ümidi və mifi yoxdur, amma son günlərədək Fidel vardı - bu arzunun mühafizi. Artıq o da öldü.

Vəssəlam, arzu öldü və universal dəyərlərə söykənən tarixi məntiq Edvard Seydin onillər əvvəl söylədiyi «political correctness», yəni «fərqli olanları incitməmək» düşüncəsinə uduzdu.

Bu, öz yerində.

Fidel Kastronun ölümünə sevinənlərin, «Urra, diktator gəbərdi!», «Kuba demokratiya qovuşacaq!» deyənlərin də səmimiyyətinə zərrə qədər inanmıram.

 

Nədən bilirsinizmi?

 

Ən azı ona görə ki,  sayğıdəyər tarixçi Neyl Ferqüssonun «tarixdə yüksəliş həmişə həm mənfi, həm də müsbət məqamlarla doludur» sözlərini oxumayıblar.

«Kuba xalqı onillərlə davam edən müstəbidlikdən, diktaturadan azad oldu» deyənlər - sözlərinizə özünüz inanırsınız?

Axı Kubanın azad olub-olmaması, faktiki hesabla, kimin nəyinə gərəkdir?!

Yəni «Kuba demokratikləşəcək» deyəndə səmimisiniz?..

Bəlkə indiyədək Mozambikdəki siyasi prosesləri diqqətlə izlədiniz, Sudandakı acların dərdinə ağladınız, Konqoda və Nigeriyadakı qardaş qırğınlarının qurbanlarına yardımlar yolladınız, Haitidəki durumdan əfkarlandınız? Barı Suriyadakı viran evlərin altında yaralanan uşaqlar üçün paltar, dərman, ərzaq topladınızmı?

Əlbəttə ki, haradasa əzab çəkən insanların arasında faciənin hopduğu simanı ekranda görəndə, təbii ki, hər birimiz kədərlənirik, o dərdə şərik oluruq.

Fəqət, ən uzağı bir neçə dəqiqəlik. Sonra yeni dərd və ya sevinc unutdurur bizə bu hissi.

 

Məntiq və saxtakarlıq

 

Fidel Kastronun ölümünə sevinənlər arasında, sadəcə, ABŞ-ın Florida ştatında, Mayamidə yaşayan kubalı mühacirlərin hissləri səmimidir. Nədən ki, Kastro rejimi onlara, ailələrinə, yaxınlarına divan tutub, məhz Kastro rejiminə görə onlar Kubadan qaçıblar və onların da, təbii ki, bayramıdır.

Azərbaycanda isə bu ölümə sevinənlərin hisslərində, tarixçi Erix Hobsbaum demişkən, «məntiqi haçalanmadan qidalanan saxtakarlıq» var.

Kədərlənmək istəyiriksə, qəm üçün yetərincə mövzu var. Elə yaşadığımız küçədə yardıma ehtiyacı olan insanı xatırlayaq, ona kömək etməyə çalışaq.

Dünyanın o başında, Qərb yarımkürəsindəki olaylara məsafəli dəstək və ya nifrət erzas-hissdir, cənablar.

Fidel Kastronun hakimiyyətdə olduğu illərdə «əldə etdiyi nailiyyətlər»in istisnasız olaraq hamısı sabiq SSRİ-nin sel kimi adaya axıtdığı pulların hesabına idi.

Hə, Fidelin fanatları, Komandante aşiqləri deyirlər ki, Kubada səhiyyə dünyanın ən yüksək səviyyələrindən birindədir. Doğrudur. Amma nəyin hesabına? Gəlin, bu suala cavab arayaq.

Kuba indi nədir, bilirsinizmi? Orada olmuş insan kimi yazıram: orası böyük attraksion, əyləncə məkanı, təəssüratlar boxçası kimi qəbul olunur turistlər tərəfindən. Bax ancaq buna görə narahat olmaq və ya Fidel Kastroya minnətdar qalmaq olar.

Kuba unikal ölkədir. Orada zamanın gedişatı, sanki, 1959-cu ildə donub. Köhnə, əntiq amerikan maşınları, ecazkar memarlıq, beton və şüşə dördbucaqlıların tapdalayıb məhv etmədiyi gözəl binalar...

Və hər yerdə, addımbaşı problemlər, rüşvətxorluq, korrupsiya, başıpozuqluq.

Kuba ölkə boyda muzeydir ki, orada çox ucuz və çox keyfiyyətli siqarlar, rom, küçə həyatından kam almaq istəyənlər üçün saysız-hesabsız fahişələr, ilıq hava, okeanın lacivərd suyu var.

Əcnəbilər, turistlər Kubaya, sanki, Disneylendə yollanırmış təki gedirdilər.

«İnanın ki, çox gözəl istirahət alındı! Ah, nə gözəl günlərdi. Qədim küçələr, qonaqpərvər insanlar, hər şey ucuz, inanırsan?! Dayan, fotolarımı göstərim» - gözləri alacalanan turist əl atırdı smartfona və fiqurlar əvəzinə 12 milyon canlı insanın olduğu o Disneylenddən kadrları göstərirdi.

Yoxsul, yarıac, hirsli, əlinə imkan düşən kimi qaçmağın, ölkədən rədd olub getməyin yolunu arayan insanların simaları vardı o kadrlarda.

Gülümsəyirdilər, çünki gülüş kədərin ən ali halıdır.

Bütün bunlar Fidel Kastronun mirası, bəşəriyyətə hədiyyəsidir. Onun ölümü isə konservləşdirilmiş dövrün, donub qalmış zamanın, turistlər üçün əyləncə məkanının sonudur.

Vəssəlam.

Kastro öldü və Kuba indi irsdən qurtulmağa başlayır.

Az sonra bu adada kazinolar, fast-fud restoranları da açılacaq, şübhə etməyin.

Fidel Kastro 1959-cu ildən 11 il əvvələdək Kubanı idarə etdi, sonra hakimiyyəti qardaşı Raula verdi, herontokratiyanı nekrokratiyanı döndərdisə, belə rejimi tərifləmək məntiqlə manipulyasiya cəhdindən başqa bir şey deyil: bir şərtlə ki, demokratiya anlayışını «inqilab idealları» ilə əvəzləyək və isterik düşüncənin psixotipi ilə razılaşdığımızı etiraf edək.

Fidel Kastro yarıtmaz və yaramaz dövlət başçısı idi: ən azı ona görə ki, Kubada hər bir vətəndaş bu ölkədə onun karyerası ilə bahəm arzularının mütləq nə zamansa tavana dirənəcəyini, bütün həyatının «əyilməz, mətin və rəşadətli inqilab lideri»nin kölgəsində keçəcəyini bilirdi.

Bu hiss vətəndaşın batinindəki istəkləri, dövlətin və cəmiyyətin rifahı naminə çalışmaq hisslərini məhv edir.

Gələk «Fidel Kastronun dönəmində kiçik Kuba böyük, qüdrətli ABŞ-ın bütün təzyiqlərinə sinə gərirdi» məsələsinə.

Mübahisə etmirəm, ola bilər. Amma bu «sinə gərmək» nəyə gərəkdi ki...

Texaslıların bir lətifəsi var: «Ələkeçməz Conu tanıyırsınızmı? Bilirsinizmi Co niyə ələkeçməzdir?! Çünki kimsə onu tutmaq istəmir».

ABŞ və Qərb ölkələri sanksiyalar vasitəsilə Kubaya təzyiq etmirdilər - Kubanı özlərindən aralayır, arada sədd qoyurdular. Qərb sürəkli inkişaf edirdi, Kuba isə «qəhrəmancasına sinə gərərək» tənəzzülünü fasiləsiz prosesə çevirirdi və bu proses yalnız Kubanın özünü vururdu.

Kubalılar isə demokratik seçkilərin və azad seçimin olmadığı bu ölkədə siyasi rejimə ayaqları ilə səs verirdilər.

Ölkədən qaçaraq.

Kubanın səhiyyəsinin əla səviyyəli olduğunu, üzunömrürlülərin sayına görə ölkənin rekord vurduğunu deyənlər də az deyil. Gərçi belədirsə, niyə milyonlarla insan müalicə üçün İsrailə, Almaniyaya, Kanadaya, ABŞ-a üz tutur, Kubaya yollanmır? Kubada uzunömürlülərin sayının gerçək olduğuna, onların yaşadıqları illərin dəqiq hesablandığına əminsiniz?!

Xatırladım ki, sovet dönəmində 160 və ya 170 il yaşayanlar da «tapılırdı»: halbuki gerçəkdə o adamların maksimum 99, yaxud 100 yaşı vardı.

Və sonda inqilabi ritorika, obrazlar, küçələrdə Kastronun və Çe Gevaranın portretləri. Mənasız, bütün «yeganə dürüst və vahid təlim»lərin ideoloji boşboğazlığının saxtakarlıq nümunələrinin fərqsiz izharları.

Necə də gözəl səslənir: «Vətən, ya ölüm!» Amma kubalılardan soruşsan ki, bu «Patria o muerte!» sözlərinin arxasında nə durur və ya niyə məhz ölüm - cavab verməyə çətinlik çəkəcəklər? Hanı bu şüarda iqtisadi inkişaf, tərəqqi, vətəndaşların hüquqlarının təminatı?! Yox, əvəzində «ya o, ya bu» anlamı var və üstəlik də Kubada kim belə sualları verməyə cəsarət edərdi ki.

Əsas məsələ düşünməməkdir. Bəzi dövrlərdə Kuba kimi ölkələrdə düşünmək səhhət üçün ziyanlı olur.

Kubanın mərhum diktatoru Fulhensio Batistanın əməllərini və ya Fidel Kastro ilə dəstəsinin olduğu «Granma» yaxtasının adaya yan almayacağı təqdirdə nələr olacağını müzakirə etmək niyyətində deyiləm. Onillər keçib, İspaniya, Yunanıstan, Rumıniya çiyni paqonlu «inqilabçı»lardan qurtulub.

Kuba isə hələ də ətrafa romantik dumandan baxır...