vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
01:27 | 19 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 2125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manatı nə gözləyir?

Dollara nəzərən kurs tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib. Verilən məlumatlara görə hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir.

Bildiyiniz kimi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətləriinin ucuzlaşması səbəbindən tədiyyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilmiş, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Son 1 ildə tətbiq olunan üzən–tənzimlənən məzənnə rejimi lazımı səmərə vermədiyindən, gedən müzakirələr onu göstərir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhliz genişləndirilib, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləndən sonra üzən rejimə keçid təmin edəcəkdir. Bu isə o deməkdir ki, üzən məzənnə rejiminə keçidə Azərbaycan iqtisadiyyatı hazır deyildir. Odur ki, yaxın zamanlarda da manatın kursunun təyini üzən–tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da Mərkəzi Bankın valyuta bazarına müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan ( 2014-cü ilin noyabr ayından) indiyə qədər 11 milyard dolları «tonqalda yandıran» Mərkəzi Bank yenə də bu siyasətini davam etdirəcək.

 Üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlər (hedcinq) həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir. Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir. Bütün bu məsələlər Yol xəritəsində nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görünmür. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. Nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq. Əks təqdirdə valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejimi üçün şərait bu ilki müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payı azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu dövr ərzində qeyri-neft ixracatı 20,6 faiz və ya 488 milyon dollar azalıb. Deməli, «Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görünmür. Çünki, hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bu situasiyada manatı nə gözləyir?

1) Əgər hökumət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiyasıya seriyasından 3-cü devalvasiya getməlidir ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin.

2) Əgər hökumət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi dəyər itirərək kiçik templə olsa da yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını «tonqalda yandırmaqla», Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq.

Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq. Hər iki variantda yenə də hədəf gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşma olmalıdır ki, o da indiki səviyyədən xeyli yüksəkdir.