vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
10:14 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhkəmə dərəbəyliyinin qurbanı - Kapital Bank

Savadsız və korrupsioner hakimlər hamı üçün təhlükəlidir…

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəmiyyətimizdə belə rəy var ki, guya məhkəmələr həmişə bankların xeyrinə qərar verir. Dəfələrlə demişəm ki, səhv fikirdir. Hakimlərimizin mütləq əksəriyyəti savadsız və korrupsionerdir. Onlar üçün hüquq, qanun meyar olmadığı kimi taleyini həll etdiyi şəxsin də kimliyi əhəmiyyətli deyil. Buna görə də bankların və digər maliyyə qurumlarının əleyhinə olan məhkəmə qərarları az deyil. Sadəcə əksər hallarda onlar gizlədilir, halbuki bütün məhkəmə qərarları dərc edilməlidir.

Bu cür qərarlar, bir qayda olaraq, mübahisə predmetinin iri məbləğ olduğu hallara təsadüf edir. Yəni hakimi maraqlandırmaq üçün müəyyən baza, əsas olmalıdır. Banklara qarşı olan belə qərarlar bəzən qanuni, bəzən isə qanunsuz da olur. Hər bir halda bütün tərəflər (işi udmuş vəkillər daxil olmaqla!) belə qərarlar haqda susmağa, onun barəsində ictimaiyyətə məlumat verməməkdə maraqlı olur. Hətta məğlub olmuş bank da susur, çünki digər müştərilərinin də belə qərardan presedent kimi yararlanmasından qorxur.

Lakin bəzən belə qərarlar üzə çıxır. Məsələn, ötən il «Qafqaz Lizinq» ASC məhkəmədə biabırçı qərarla məğlub olmuşdu. Ali Məhkəmə də daxil olmaqla bütün məhkəmələr hesab etmişdi ki, borclunun vəfatı üçüncü şəxsin qoyduğu girovun azad edilməsi üçün əsasdır. Həmin qərarı bu ilin aprelində mən dərc etmişdim və bundan sonra ondan presedent kimi bankların əleyhinə istifadə olunur.

Bu ilin iyulun 28-də isə Ali Məhkəmənin növbəti biabırçı qərarı (qərarın linki aşağıdadır) ilə müştərisinə Kapital Bank məğlub olub. İşin xülasəsi belədir. Müştərinin bank hesabına 19 fevral 2015-ci il tarixində (cümə axşamı) 104 065 manat vəsait daxil olur. 21 fevral şənbə olsa da (xatırladıram ki, həmin gün manatın ilk devalvasiyası baş vermişdi) qısa iş günü elan olunub və müştəri pulunu çıxarmaq istəyir (əslində, bank ümumiyyətlə deyir ki, müştəri ayın 21-i banka heç gəlməyib, amma bu əhəmiyyətli deyil, tutaq ki, lap gəlib). Bank deyir ki, şənbə günü bu cür ödənişləri etmir, bazar ertəsi, yəni 23 fevralda gəl verim. Ayın 23-də bank pulu müştəriyə verir. Amma müştəri məhkəməyə müraciət edib guya devalvasiya nəticəsində ona dəymiş zərəri (32 619 dollar) bankdan tələb edir. Bunu onunla əsaslandırır ki, devalvasiya haqqında qərar 21 fevral saat 11.26-da elan olunmuşdu və bank pulu onadək həmin gün versəydi 0,78 manat məzənnəsi ilə dollar ala bilərdi, amma ayın 23-də pulu alandan sonra 1,05 məzənnəsi ilə dollar alaraq zərərə məruz qalıb. Məsələnin faktiki tərəfi öz yerində: hamı bilir ki, fevralın 21-dən əvvəl də artıq neçə gün idi ki, dollar tapmaq mümkün deyildi. Məsələnin dərin hüquqi aspektlərinə (məsələn, ehtimal edilən valyuta əməliyyatı niyə zərərin mövcudluğuna əsasdır və s. və i.a.) də burada toxunmaq istəmirəm. Ən əsası budur ki, Mərkəzi Bankın qərarı ilə devalvasiya saata deyil, günə bağlı olub, yəni fevralın 21-ə. Deməli, hər bir halda müştəri dolları ayın 21-də artıq yalnız yeni məzənnə ilə ala bilərdi. Bunu başa düşmək üçün hüquqşünas olmaq lazım deyil. Buna baxmayaraq, Ali Məhkəmənin qərarı ilə Kapital Bankın üzərinə 32 619 dollar zərərin ödənilməsi qoyulub. Halbuki, Kapital Bank hesabdakı vəsaiti müştəriyə vaxtında ödəməyibsə belə, uzaqbaşı Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə müştəriyə uçot dərəcəsi ilə cərimə faizi ödəməli idi. Həmin tarixdə uçot dərəcəsi illik 3,5% idi. Bir günlük gecikməyə görə cəmi 10 manat təşkil edirdi. 10 manat hara, 32 619 dollar hara!

Fikir verin, söhbət hansısa ikincidərəcəli bankdan getmir. Söhbət ölkənin ən nüfuzlu və kifayət qədər dəstəyi olan Paşa Holdinqin tərkibinə daxil olan Kapital Bankdan gedir. Belə bir bank tam cəfəng əsasla məhkəməni uduzub və 32 619 dollar zərər ödəməlidir. Bundan sonra kim yenə deyəcək ki, bankları məhkəmədə udmaq mümkün deyil? Mümkündür, özü də istənilən bankı, təki resursun olsun!

Hələ bizim bilmədiyimiz bankarın əleyhinə neçə-neçə qərar var. Sadəcə «bir daş altda, bir daş üstdə»dir hələlik. Özü də fikir verin: mübahisə predmeti cəmi 32 619 dollardır. Məhkəmələrdə isə hazırda milyonlarla borcu olan sahibkarların işinə baxılır. Kapital Bankın aqibətini bilərək, sizcə, belə iri məbləğlər üzrə işdə kimin resursu daha çoxdur: bankın, yoxsa sahibkarın?!

Odur ki, əminliyiniz olsun: banklar da məğlub olur, həmçinin tam qanunsuz əsaslarla da. Düzdür, əsasən iri işlərdə. Təbii, kiçik işlərdə də bəzən obyektiv qərarlar olur (vicdanlı və yarımvicdanlı hakimlərimiz də var). Məsələn, bir az əvvəl Antikollektor bir işi belə udub, qərarı alandan sonra dərc edəcəyik. Buna görə də həmişə deyirəm ki, kiçik borclular da banklara qarşı kütləvi və uzun müddətli məhkəmə çəkişmələrinə başlasa (təbii, yalnız qanuni əsaslarla), bankların belə işləri aparmağa resursu çatmayacaq və güzəştə gedəcəklər. Resurs yoxdursa, banklar məğlubiyyətə məhkumdur, xüsusilə 100% müştərinin haqlı olduğu işlərdə.

P.S.: Əslində, bu statusu yazmaqda məqsədim yalnız borcluları ruhlandırmaq deyil. Bəli, banklar əhaliyə divan tutur, o cümlədən məhkəmələrdə. Amma yenə də bankların qanunsuz məğlubiyyəti də bizim üçün qəbuledilməz olmalıdır (mən banklara qarşı məhkəmə işlərində heç vaxt qanunsuz hesab etdiyim əsasa, arqumentə istinad etmirəm!). Axı niyə kimsə bankı əsassız məğlub edib varlanmalıdır? Həmin pul hansısa əmanətçinindir axı. Sabah bank əmanəti qaytara bilməsə, dövlət verməli olacaq. Yəni həmin pul yenə də bizdən çıxacaq.

Amma əsas heç bu da deyil. Əsas odur ki, hamı nəhayət başa düşsün: bərbad məhkəmə sistemi olan ölkədə heç kəs təminatlı deyil. Qanunlar işləməyən, məhkəmələr qeyri-obyektiv olan, hüquq sisteminə əminlik olmayan ölkədə heç kəs xoşbəxt ola bilməz. Bank da, varlı da, kasıb da, vəzifəli də, vəzifəsiz də. İqtisadiyyatı da tənəzzülə məhkumdur, heç kəs belə ölkəyə sərmayə qoyub işləmək istəməyəcək. Buna görə də hələ ötən il ilk devalvasiyadan sonra mən banklara da, Konstitusiya Məhkəməsinə də təklif edirdim ki, gəlin ilk növbədə qanunu rəhbər tutaq. Qanun həmişə kompromisə aparan yoldur, qarşılıqlı güzəştlərlə problemi həll etmək olar. Lakin banklar acgözlük edib əhali ilə düşmənçilik mövqeyini tutdular, güzəşt etmək istəmədilər, Konstitusiya Məhkəməsini və digər məhkəmələri hədələyib-maraqlandırıb istədiyi qanunsuz qərarı aldılar. Elə o zaman banklara dedim ki, bununla öz çökmələrinin əsasını qoydular (bu il artıq 11-i çöküb, ardı da gəlir!). Çünki hüququn ayaq altına alındığı cəmiyyətdə banklara qarşı da analoji münasibət olacaq və onları nifrət səbəbindən müdafiə edən olmayacaq. Xırda müştərilərin öhdəsindən bəlkə də gəldilər (halbuki onlar da birləşsə və kütləvi olsalar, gəlməyəcəklər öhdəsindən), amma iri məbləğlər (Kapital Bankın işindən görünür ki, iri məbləğ heç elə də iri deyil həqiqətdə) üzrə məğlub olacaqlar, çökəcəklər və hamı da buna sevinəcək. Avropada hüquq, hüquqi dövlət əsasən iri şirkətlər, bankarın sayəsində inkişaf edib. Çünki onlar başa düşüb ki, əsas oyun qaydalarıdır, onları pozmaq olmaz. Rifahın mütləq şərti budur. Bizimkilər bunu başa düşmədi və budur, indi özlərinin rəvac verdikləri hüquqi dərəbəyliyin qurbanı olurlar. Amma ziyanın yarısından da qayıtmaq olar. Nə qədər ki, gec deyil və xalqımızı, ölkəmizi, dövlətimizi birlikdə xilas edib, ədalətli və firavan cəmiyyət qura bilərik. Bunun ilk şərti isə hüquqi dövlət, ədalətli və hamı üçün eyni olan oyun qaydaları və onların keşiyində duran obyektiv və savadlı hakimlərdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)