Dekabrın əvvəllərində virtualaz.org və haqqin.az saytlarında Dövlət Miqrasiya Xidmətinin (DMX) bəzi əməkdaşlarının qanunsuz əməlləri haqda jurnalist araşdırması dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, DMX əməkdaşları Bakıdakı “Urfa” restoranının sahibləri olan Türkiyə vətəndaşları Salman Hüseyn, Çora Əli və Eken Müdiri gündüz günorta çağı faktiki olaraq oğurlayıblar. Məqalədə qeyd edilirdi ki, Nizami Rayon Məhkəməsi DMX əməkdaşlarının bu əməllərinin qanunsuz olduğuna dair qərar da çıxarıb, lakin DMX əməkdaşları həmin qərardan apelyasiya şikayəti veriblər.
Bu yazı virtualaz.org saytında dərc olunandan sonra “Urfa” ASC-nin nümayəndələri Şahin Hüseynov və Lətif Məmmədov DMX-ya dəvət olunmuşdular. Onları orada qurum rəhbərliyi qəbul etmiş və daxili təhqiqat apararaq günahkarları cəzalandıracaqları barədə vəd vermişdilər.
Biz bu xəbəri yayar-yaymaz məlum oldu ki, türk sərmayədarlar yenidən məmur özbaşınalığı ilə üzləşiblər. Belə ki, bu yazı saytımızda dərc olunandan bir neçə gün sonra DMX Miqrasiya İdarəsinin rəisi Rövşən Səfərov restoranın sahibləri ilə əlaqə saxlayıb və onlardan Ayna Sultanovanın heykəlinin yaxınlığında bir yerdə görüşməyi xahiş edib.
Bu görüş baş tutub. R.Səfərov investorların problem və şikayətlərini dinləyib. Sonra onları DMX-nin əsas ofisinə (bina həmin heykəlin yaxınlığında yerləşir) dəvət edərək qurumun Baş Təşkilat-Nəzarət İdarəsinin rəisi, polkovnik Siyasət Alıyevlə görüşmələrini xahiş edib.
Beləliklə, DMX-nin baş ofisində “Urfa” ASC-nin təsisçiləri Şahin Hüseynov və Lətif Məmmədovun qurum rəhbərliyini təmsil edən Rövşən Səfərov və Siyasət Alıyevlə görüşü olub.
Sahibkarlar baş verən hadisə və üzləşdikləri problem haqda danışıblar. Siyasət Alıyev öz əməkdaşlarının bu hərəkətlərinə görə iş adamlarından şəxsən özü üzr istəyib. Vəd edib ki, DMX Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verməyəcək, əgər o şikayət verilibsə belə onu tezliklə geri götürəcəklər.
“Gedin, Allah köməyiniz olsun, gedin işləyin” - deyə Siyasət Alıyev bildirib və sahibkarlardan “xırda” bir xahiş də edib: “Amma gedib virtualaz.org və haqqin.az saytlarına belə bir məlumat verin ki, Dövlət Miqrasiya Xidməti sizin probleminizi həll edib”.
Haqq-ədalətin qalib gəlməyindən sevinən sahibkarlar da həmin görüşdən sonra saytımızın redaksiyası ilə əlaqə saxlayaraq bu barədə məlumat verdilər, mətbuat müdaxilə edəndən sonra problemlərinin həll olunduğunu dedilər. Haqqı tapdanan iş adamlarının verdiyi bu informasiya əsasında biz də DMX rəhbərliyinə mətbuata həssas yanaşmasından dolayı təşəkkürümüzü bildirdik.
Amma bunun üstündən heç bir həftə keçməmiş məlum oldu ki, sahibkarlara bildiriş gəlib. Məlum olub ki, DMX onlardan apelyasiya şikayəti verib.
Bundan şoka düşən xarici sərmayədarlar idarə rəisi Rövşən Səfərova zəng vuraraq bunun səbəblərini öyrənmək istəyiblər. R,Səfərovun cavabı belə olub ki, DMX-də daha yüksək səlahiyyət sahibləri var, bu məsələ onluq deyil, onun əsas işi həmin görüşü təşkil etmək olub.
Aldadıqlarını anlayan sahibkarlar yenidən DMX-nin əsas ofisinə gedib və idarə rəisi, polkovnik Siyasət Alıyevlə görüşməyə çalışıblar. Amma polkovnik onları qəbul etməkdən imtina edib.
Beləliklə, məlum olur ki, DMX-nin idarə rəisləri öz şefləri Firudin Nəbiyevin əmrini bu cür yerinə yetiriblər. Onlar sahibkarları qəbul edərək problemin həllinə dair vədlər veriblər, biznesmenləri sakitləşdirib yola salıblar, xarici sərmayədarlardan özlərinə sərf eləyən təşəkkürü alıblar, bu barədə DMX-nin rəisi, general-mayor Firudin Nəbiyevə məruzə ediblər, bununla da missiyalarını başa vurublar. İş də bununla tamam olub. Madam şef razıdır, deməli, türk iş adamlarına qarşı reketliyi davam etdirmək olar...
Türk iş adamları da DMX rəhbərliyinin bu əməllərindən şoka düşüblər.
“Bu ölkədə gərək nazirliklərin, dövlət idarələrinin qabağında özünü yandırasan ki, onlar sənin problemlərinə diqqət yetirələr?!” - deyə türk iş adamları müxbirimizlə söhbətlərində bildiriblər.
Virtualaz.org saytının müxbirinin DMX mətbuat xidməti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək üçün göstərdiyi çoxsaylı cəhdlər nəticəsiz qaldı.
“Mən sizin suallarınıza cavab vermək səlahiyyətlərinə malik deyiləm” - deyə mətbuat xidmətinin rəhbəri Nadir Əliyev qısa açıqlama verməklə kifayətləndi.