vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SOSİAL  
13:12 | 12 avqust 2017 | Şənbə Məqaləyə 3399 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manat sabitdirsə, qiymətlər niyə qalxır?

Ekspert: «Bundan sonra da bahalaşmanı mərhələli şəkildə görəcəyik»

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddətdir ki, Azərbaycanda milli valyutanın məzənnəsi sabit olaraq qalır. Manatın məzənnəsinin xüsusın də dollara nisbətdə sabiq qalması ölkədə qida və digər məhsulların da qiymətinə təsir edib. Belə ki, devalvasiyanın ilk aylarında olduğu kimi, kəskin qiymət artımı müşahidə olunmur.

Lakin bazarda bütün məhsulların qiymətinin sabit qaldığını da söyləmək olmaz. Xüsusilə də idxal edilən yuyucu vasitələrin, gigiyenik məhsulların eləcə də bəzi ərzaq məhsullarının qiymətində artım az da olsa davam edir. Ekspertlərə görə, ölkədə qiymət artımı hələ bundan sonra da müşahidə ediləcək. Məlum olduğu kimi, artıq bir aya yaxındıq ki, «Aİ-92» markalı avtomobil benzininin pərakəndə satış qiyməti qalxıb. Bu faktorun da ölkədə məhsulların qiymətinin artımına təsir edəcəyi bildirilir.

Dövlət Statistika Komitəsinin yanvar ayı üçün yaydığı məlumatda isə qeyd olunur ki, son bir ildə qida məhsullarının istehsalçı qiymətləri orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb. Həmçinin qeyd olunur ki, ötən il rezin və plastik kütlədən məmulat buraxan müəssisələr qiymətləri 15,1 faiz, kimya məhsulları istehsalçıları 35,8 faiz, metallurgiya zavodları isə 28 faiz qaldırıblar.

Yanvar-iyul ayı üçün rəsmi rəqəmlərə görə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Bəs növbəti aylarda bizi nə gözləyir?

İqtisadçı ekspert Rəşad Həsənov «Yeni Müsavat»a bildirdi ki, növbəti dövrlərdə də mərhələli şəkildə qiymət artımının şahidi olacağıq: «Bir neçə aydır ictimaiyyətin ciddi şəkildə müzakirə etdiyi məsələlərdən biri ondan ibarətdir ki, manatın məzənnəsinin sabitləşdiyi dövrdə istehsal məhsullarının qiymətləri nə üçün artır. Hökumətin hesabatlarından da məlumdur ki, 2017-ci ildə inflyasiya səviyyəsi 2015 və 2016-cı illərlə müqayisədə daha sərt formada özünü büruzə verir. Təxminən iyun ayına olan məlumata görə, ölkə üzrə rəsmi inflyasiya səviyyəsi 13.9 faizidir. Halbuki, devalvasiyanın sərt formada dinamika nümayiş etdirdiyi dövrlərdə inflyasiya səviyyəsi bundan aşağı idi. Bu, həqiqətən də haqlı narazılıq doğuran məsələdir. Çünki faktiki olaraq həm tədarüklə məşğul olan, həm də istehlakçı şirkətlər bir sıra hallarda qiymətin bahalaşmasını manatın məzənnəsindəki dəyişikliklə əlaqələndirməyə çalışırdı. Təbii ki, bu, hardasa belədir. Ancaq burada bizim diqqət edəcəyimiz əsas məqam məhz ondan ibarətdir ki, hazırda müəyyən qədər məzənnədəki sabitlik dövriyyəyə vəsait axınını təmin edən faktora çevrilib. Necə ki, əvvəlki illərdə iqtisadi resessiya istehlakda özünü sərt şəkildə büruzə verdi və bunun nəticəsində alıcılıq da kəskin şəkildə azaldı. Digər tərəfdən, nəzərə alaq ki, xüsusilə devalvasiya ərəfələrində hökumət adminstrativ üsullarla qiymət artımının qarşısını almağa cəhd göstərirdi. Bu faktorların birləşməsi nəticəsində bazarlar real qiymətləndirmə apara bilmədilər. Hazırda isə valyuta məzənnəsində müəyyən qədər sabitlik yaranıb. Bu isə bir sıra hallarda yığımlardan xərcləmələrə keçməyə əsas səbəb hesab oluna bilər. Çünki dinamika kəskin olan dövrlərdə əllərində vəsait olan insanlar xərcləmələri müəyyən qədər dayandırıb, gecikdirirlər ki, proseslərdə daha mənfəətli olsunlar. Ancaq elə ki, sabitlik yaranır onlar gözləmə mövqeyindən hərəkətə keçirlər və yığımların müəyyən bir qismini xərcləməyə başlayırlar. Bu isə istehlakı artırmaqla yanaşı, öz növbəsində bazarda digər bazar iştirakçıları olan İstehsalçılara və tədarükçülərə məhsulların qiymətlərini artırmaq imkanı yaradır. Düşünürəm ki, 2017-ci ildə müşahidə edilən devalvasiyanın əsas səbəbi bu məqamdır».

Ekspert bildirib ki, qiymət artımına səbəb olan digər məsələ isə daha çox mövsümü xarakterli olur: «Bildiyiniz kimi, bu ilin əvvəlində kənd təsərrüfatında müəyyən fəlakətlər və istehsalın həcmində müşahidə edilən azalma eyni zamanda Rusiya bazarlarına çıxışın müəyyən qədər daha rahat olması kənd təsərrüfatı məhsullarına təklifin azalmasına gətirib çıxardı. Bu isə öz növbəsində mövsümün üzərində qiymətləri şərtləndirən əsas faktor oldu. Təbii ki, hazırda yanacağın qiymətinin qalxmasının bazara təsirləri daha çox müzakirə mövzusudur və bu, qiymətləndirilir. Düşünürəm ki, istənilən halda əsas yanacaq vasitəsi hesab olunan benzinin qiymətinin qalxması son istehlak qiymətlərinin artımına səbəb olacaq. Proses bundan sonra da müşahidə ediləcək və nəticədə mərhələli şəkildə bazarda qiymətlərin artmasını görəcəyik».