vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
18:10 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 3284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstəyirlər bazara lap 10 polis qoysunlar»

«Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlər İstanbulda olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı layihənin ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacağını bildirib.

Nazir Səlim Müslümov xatırladıb ki, 2017-ci il iyunun 1-dən «Əmək pensiyaları haqqında» qanuna müvafiq dəyişikliklər edilib: «Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Hər ilin əvvəlində əvvəlki ilin əməkhaqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əməkhaqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq. Həmin səviyyəyə uyğun olaraqəmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik. Yeni dəyişikliklərə görə, artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab prezidentin müvafiq sərancamına görə artırılırdı. Sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq, baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı. Bu indeksləşdirmədə ölkədə orta aylıq əməkhaqqının illik artımının faizi əsas götürülüb».

Nazirin söylədiklərində yeni bir şey görməyən bəzi iqtisadçılar buna sosial şəbəkələrdə mənfi reaksiya veriblər.

Onlar ölkədə pensiya və maaşların indeksləşdirməsinin qanunvericiliyə uyğun aparılmadığını söyləyiblər. Həmin iqtisadçılar bildiriblər ki, son aylar ərzaq mallarının qiymətlərinin hər həftə artmasının qarşılığında maaş və pensiyalar çox aşağıdır.

Hüquqşünas Elnur Əliyev açıqlamasında «Gəlirlərin və əmanətlərin indeksləşdirməsi haqqında» qanunu xatırladaraq sənədin özündə iki məsələni ehtiva etdiyini bildirib: «Gəlirlərin və əmanətlərin indeksləşdirilməsi. Gəlirləri əməkhaqqı və pensiyaya böldükdə, ikincidə indeksləşdirmədə problem yoxdur. Hər il pensiya indeksləşdirilir və prezidentin bu barədə müvafiq sərəncamı var. Amma əməkhaqqının indeksləşdirilməsi hissəsində boşluq var, nəticədə qanun tətbiq olunmur. Halbuki, buna zərurət var».

Hüquqşünas bildirib ki, qanuna görə, il ərzində inflyasiya 5 faizdən artıq olarsa, o zaman gəlirlərin və əməkhaqqının indeksləşdirilməsi həyata keçirilməlidir. Amma bu günə qədər əməkhaqqılarının indeksləşdirilməsinə rast gəlinməyib.

«Düzdür, qiymətlərin son vaxtlar artması qarşısında indeksləşdirmə çevikliyi praktik olaraq mümkün deyil. Belə çıxır ki, dövlətin gündəlik istehlak qiymətlərinin artımına reaksiya verməyə çoxlu işçisi olmalıdır. Amma qanunvericiliyə görə 5 faizdən artıq inflyasiya varsa, indeksləşdirmə olmalıdır».

Rəsmi statistikaya görə, hazırda inflyasiya 14 faizə çatıb. Elnur Əliyev deyir ki, bu qarşılanmalıdır.

«Qanunvericilik normaldır, sadəcə, tətbiq olunmalıdır. Pensiya sahəsində ildə bir dəfə tətbiq edilir, əməkhaqqılarında və müavinətlərdə müəyyən problemlər olur».

Milli Məclisin İqtisadi və sosial siyasət komitəsinin keçmiş sədri Əli Əlirzayev də «Gəlirlərin və əmanətlərin indeksləşdirməsi haqqında» qanunu xatırladaraq deyib ki, bu sənədə əsasən dövlət müxtəlif tədbirlər həyata keçirməlidir.

Onun fikrincə, gəlirlərin artımı ilə qiymətlərin artımı arasında müəyyən tənzimlənmə olmalıdır ki, bu alıcılıq qabiliyyətinə mənfi təsir göstərməsin: «Bu qanunun bütövlükdə işlədiyini deməkdə çətinlik çəkirəm. Bəli, bəzi qanunların tətbiqində problem ola bilər, amma bu qanun reallaşmalıdır».

Əli Əlirzayev bildirib ki, inflyasiyanın artımı qədər pensiyalar qalxmalıdır: «Əgər ümumi daxili məhsul (ÜDM) artırsa (rəsmi statistikaya görə azalır-AR), iqtisadiyyat inkişaf edirsə, gəlirlər çoxalırsa, bunlardan əhalinin payı da artmalıdır. Yaşayış minimumu indi 146 manatdır. Vaxt var idi bu, 85-90 manat idi. İldən-ilə bu məsələlərə baxılır və ayrı-ayrı sahələrdə müəyyən indeksasiya gedir».

Keçmiş deputat deyib ki, qiymətlərin artmasında inhisarçılıq və başqa amillər rol oynayır: «Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır. Bəli, inzibati yolla bu mümkünsüzdür, istəyirlər bazara 10 polis qoysunlar, başqa yerdə qalxacaq. Qiyməti azaltmaq üçün istehsal ıgücləndirmək lazımdır, bununla paralel maya dəyər endirilməlidir. Ümumi yanaşdıqda çörəyin, ətin və yağın qiymətinin artması əhaliyə təsir edir, bu artım dollarla bağlıdır. Çünki valyuta ilə alırlar. Problem ondadır ki, qiymət dəyişməsində biznesmen yox, istehlakçı uduzur. Bunun üçün dövlət rəqabəti gücləndirməlidir. Hələ qazın və suyun qiyməti artırılanda demişdim ki, bu əgər əhalinin 60-70 faizinə təsir etmirsə, buna getmək olar. Bir daha deyirəm, qanun var, onu işlətmək üçün şərait yaratmaq lazımdır. Əgər işləmirsə, buna cavab vermək vacibdir, çatışmazlıqlar aradan qaldırılmalıdır. Bunlar həyata keçsə, effekti olacaq».