vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
13:03 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 4031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baramaçılıq nə vəd edir...

Müslüm İbrahimov: «Ölkənin kənd təsərrüfatında yeni prioritetinin inkişafını dövlət öz üzərinə götürüb və investor rolunda özü çıxış edir»

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəlib.

Proqramda qeyd olunur ki, Sovet ittifaqı dövründə Azərbaycanda ipəkçilik inkişaf edib və yaxşı ənənələr formalaşsa da, sonradan bu sahədə müşahidə olunan geriləmə ipəkçiliyin tənəzzülü ilə nəticələnib. 1970-ci ildə Azərbaycanda 3.2 min ton idisə, getdikcə artaraq 1991-ci ildə 5.9 min tona çatib. Sonradan istehsal azalıb, 2015-ci ildə cəmi 236 kiloqram yaş barama istehsal olunub. Əsas hədəf 2025-ci ildə istehsalı  6 min tona çatdırmaqdır.

İpək istehsalı və ixracını stimullaşdırmaq üçün bununla məşğul olan yerli şirkətlər barədə məlumatlar Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdiriləcək. Bu vəzifəni həyata keçirmək isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Son illər baramaçılıq və ipəkçiliyin inkişafı üçün bir neçə addım atılıb. Xaricdən ipəkqurdu toxumları gətirilərək kümçülərə pulsuz paylanır. Bundan başqa, bölgələrdə baramaçılığın yem bazasını təşkil edən tut ağaclarının tingləri əkilir. Qax Damazlıq İpəkçilik Stansiyası dövlət vəsaiti hesabına yenidən qurulur. Kümçülərə hər kiloqram yaş barama üçün 5 manat subsidiya verilir. Ekspertlər hesab edir ki, son bir neçə ildə baramaçılığın stimullaşdırılması üçün atılan ayrı-ayrı addımlardan sonra təsdiq olunan dövlət proqramı kompleks tədbirlərin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu tədbirlər bir neçə istiqaməti əhatə edəcək.

Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur.

Baramaçılığın iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətli bir sahə olduğu bəllidir. Bu sahənin dövlət üçün prioritet elan olunması və bununla bağlı dövlət proqramının qəbul olunması müsbət bir addım kimi dəyərləndirilə bilər. Bəs görəsən, Azərbaycanda ipəkçiliyin inkişafı büdcəyə nə qədər xeyir gətirəcək? Ölkəmiz ipək ixracından nə qədər qazana bilər? Dünya bazarında Çin kimi böyük bir ixracatçısı olan ipək bazarında Azərbaycan da yer tuta bilərmi?

Bu sualları cavablandıran kənd təsərrüfatı eksperti Müslüm İbrahimov hazırda baramaçılıq sahəsinin ölkənin aqrar siyasətində prioritet olduğunu bildirdi: «Cənab prezident də çıxışında baramaçılıq, tütünçülük, pambıqçılıq kimi sahələri prioritet elan etdi. Əvvəllər bu sahələrə elə də diqqət yetirilmirdi. Ona görə də bu sahələrin yenidən qurulması başladı. Bunun çox böyük bir əhəmiyyəti var. Baramaçılıq elə bir sahədir ki, onun daxilində kənd təsərrüfatının bir neçə sahəsi birləşir. Burada həm heyvandarlıq var, həm də bitkiçilik. Baramaçılığın inkişafı üçün tut ağaclarının əkilməsi də önəmlidir. Həmçinin burada ipəkçiliyin, yəni yüngül sənayenin inkişafından söhbət gedir. Baramaçılıq sahəsi özü böyük  bir kompleksi əhatə edir. Baramaçılıq özü bir aqrobiznes formasıdır. Bunun üçün xammal zonası olmalıdır. Xammal zonası  da birbaşa sənaye məhsulunun yaranmasının başlanğıcıdır. Yəni baramadan sonrakı mərhələdə ipək və ondan da son məhsul hazırlanır. Tarixdə elə bir dövr olub ki, ipək valyuta kimi istifadə olunub. Bu gün də onun dəyəri çox yüksəkdir. Ümumiyyətlə, baramaçılıqda əlavə dəyər faizi çox yüksəkdir».

Ekspert vurğuladı ki, baramaçılıq həm də əmək tutumlu bir sahədir və işsizlik probleminin aradan qaldırılmasında rol oynaya bilər: «Təbii ki, burada texnologiyalar da tətbiq olunur. Biz indiki situasiyada elə sahələri inkişaf etdirməliyik ki, bir neçə problemi həll edə bilək. Problemlərdən biri işsizlikdir, dövlət yeni iş yerləri yaratmalıdır. İş yerləri olmalıdır ki, insanlar müstəqil şəkildə öz gəlirlərini qazana bilsinlər. Baramaçılıq da elə bir sahədir ki, bir ailə biznesinə çevrilə bilər. Hansısa bir ailə dövlətin bu sahəyə ayırdığı subsidiyalar vasitəsilə bu sahədə  fərdi biznesini yarada bilər. Dövlət bu sahənin inkişafını öz üzərinə götürüb və investor rolunda özü  çıxış edir. Hər bir ailə heç kimdən asılı olmayaraq ailə biznesi yarada və inkişaf etdirə bilər. Baramanın özü bir məhsul kimi ixrac olunur, onun satışı var. Həm də onu yüngül sənaye üzrə emal müəssisələri ala bilirlər. Ölkə başçısı da təsdiqlədi ki, bu gün 700 kənddə insanlar baramaçılıqla məşğuldur. Bu o deməkdir ki, artıq fərdi sahibkarlıq inkişaf edir və müəyyən qədər gəlirin formalaşmasında rol oynayır. Bu il dövlət qarşısına 1000 ton barama istehsalını məqsəd oyub. 2025-ci ilə qədər artıq 6 min ton barama istehsalı planlaşdırılır. Barama istehsalı artdıqca, digər sahələr də burada iştirak etməyə başlayır. Bu da baramaçılıq və ipəkçiliyin birgə inkişafına gətirib çıxarır.  Bu sahələr arasında elə bir bağlılıq yaranır ki, istehsal prosesi xammaldan son məhsula kimi aparılır və əlavə dəyər formalaşdırır. İpəkçilik çox zəhmət tələb edən çətin sahə olsa da, ən çox  əlavə dəyər formalaşdıran sahələrdən biridir».

Müslüm İbrahimovun sözlərinə görə, artıq bu sahənin infrastrukturu yaradılır: «Qax Damazlıq İpəkçilik Stansiyası var ki, əvvəllər bərbad vəziyyətdə idi. Cənab prezident tapşırıq verib ki, o, yenidən qurulmalıdır. Infrastrukturun yaradılması hələ o demək deyil ki, bu, birbaşa məhsul istehsalına təsir edəcək. Əksinə, məhsul istehsalı artdıqca infrastruktur formalaşmağa başlayır. Dövlət bu sahədə əsas investor rolunda çıxış edir və ilk növbədə infrastrukturun yaradılmasında iştirak edəcək.

Baramaçılıq sahəsində iştirak edib gəlir qazanmaq həvəsində olan və bu sahənin peşəkarı olan insanlar var.  Onlara dövlət tərəfindən subsidiyalar ayrılacaq. Bütün bu işləri tənzimləyən və ona nəzarət edən struktur da var. Əminliklə deyə bilərik ki, institutsional baxımdan bu sahənin inkişafı üçün hər cür şərait yaradılıb. Ancaq burada iqtisadi mexanizmlərin  nə dərəcədə düzgün formalaşmasını istehsalın artım tempi göstərəcək».