vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
12:15 | 24 dekabr 2017 | Bazar Məqaləyə 3961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maxinasiya sobasında əriyən «DəmirBank»

Lisenziyası alınan bankda nələr baş verirdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Lisenziyası ötən gün axşam geri alınan «DəmirBank» ətrafında son zamanlar bir sıra qalmaqallar baş verirdi. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bankın Bayıl filialının keçmiş rəhbəri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və filialın əməkdaşı Fariz Qarayevin barəsində məhkəmə prosesi keçirilməkdədir. Onlar əmanətçilərin milyonlarla manatını sənədləri saxtalaşdırma yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihama əsasən, F.Rəşadətli «Dəmir Bank» ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. Lakin F.Rəşadətli pulu sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib. İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb və 800 min manatını ələ keçirib.

İstintaqın qənaətinə görə F.Rəşadətli eyni dələduzluq sxemi ilə Pərvanə Əliyeva adlı əmanətçinin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını mənimsəyib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli olduğunu bildirib. Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini deyiblər. Bu iş üzrə növbəti məhkəmə prosesi dekabrın 22-də, bankın lisenziyasının geri alınması ərəfəsində keçirilmişdi.

Yaxud bundan əvvəl «DəmirBank»a haker hücumunun edildiyi və bankın 3 milyon manata yaxın vəsaitinin kibercinayətkarlar tərəfindən ələ keçirildiyi məlum olmuşdu. Bu barədə virtualaz.org saytı tərəfindən yayılan xəbəri bank rəsmiləri əvvəlcə təkzib etməyə çalışdılar, lakin daha sonra bankın haker hücumuna məruz qaldığı təsdiqləndi.

Bu ilin iyul ayında isə Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan banklarından birinə haker hücumu həyata keçirərək 3.7 milyon manatdan çox vəsaiti ələ keçirən beynəlxalq kibercinayətkarların həbsi və Bakıya ekstradisiyası barədə məlumat yaymışdı. Məlumata əsasən Danila Dorin Konstatinoviç adlı cinayətkar (Rusiya, yaxud Belarus pasportu daşıdığı güman edilir) ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edərək 3.7 milyon manatdan artıq vəsaiti oğurlayan mütəşəkkil qruplaşmanın üzvü kimi Barselonada yaxalanıb. Həmin qruplaşmanın eyni üsulla başqa ölkələrdə də bankları soyduğu məlum olub.

DTX həmin qruplaşmanın Azərbaycanda hansı banka hücum etdiyini açıqlamasa da ehtimal edilirdi ki, söhbət məhz «DəmirBank»dan gedir.

Ümumiyyətlə bankda kapital yetərsizliyi də aşkar edilmişdi və Maliyyə Bazarlarına Nəzarət Palatası hələ ötən ildən bankın səhmdarları qarşısında nizamnamə kapitalını 50 milyon manata çatdırmaq tələbi qoymuşdu. Mətbuat isə durmadan bu bankdakı maxinasiyalar, kredit kimi ayrılan on milyonlarla manatın mənimsənilməsi kimi əməllərdən yazırdı...

 

***

 

22:59

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən «DəmirBank» ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

«Trend»ə Palatadan verilən məlumata görə, bu qərar bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edilib.

«DəmirBank» ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. «DəmirBank» ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.