vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AKTUAL  
14:15 | 15 mart 2018 | Cümə axşamı Məqaləyə 2905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da hakimiyyət böhranı

Şahin Cəfərli: «Trampın Ağ Evdəki 14 aylıq idarəçilik dövrünü bir kəlmə ilə belə xarakterizə etmək olar: xaos»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqlayıb. Tramp Tillersonla fərqli düşüncədə olduğunu bildirib: «İranla nüvə razılaşması məsələsində fikir ayrılığımız birgə fəaliyyətimizə nöqtə qoydu. İranla anlaşma qorxunc qərar idi. Tillerson isə anlaşmanı tərifləyirdi. Mən deyirdim ki, ya bu qərarı ləğv edək, ya da dəyişək. O isə başqa söz deyirdi. Onun istefası ilə bağlı qərarı təkbaşına verdim».

D.Tramp dövlət katibi postuna təyin etdiyi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeoya tam etibar elədiyini bildirib, eyni zamanda MKİ postunda gətirəcəyi xanım Cina Haspelə uğurlar diləyib.

R.Tillerson isə Trampın qərarı ilə «Twitter»də tanış olduğunu və daha öncə ona istefa barədə heç nə deyilmədiyini vurğulayıb.

Qeyd edək ki, prezident Donlad Trampla dövlət katibi Reks Tillerson arasında bir çox məsələlərdə ciddi fikir ayrılığı olub. Hətta Tillerson prezidentin ağlına şübhə ilə yanaşdığını bildirib. Tramp isə öz növbəsində ağıllarını yoxlamaq üçün İQ testindən keçməyi təklif edib.

Trampın Amerika prezidenti olduğu müddət bir ildən bir az artıqdır, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı durmadan artır.

Bəs, Tillersonun bu şəkildə istefaya göndərilməsi Tramp administrasiyasında böhran yaşanması kimi qiymətləndirilə bilərmi?

Politoloq Şahin Cəfərli bildirdi: «Trampın Ağ Evdəki 14 aylıq idarəçilik dövrünü bir kəlmə ilə belə xarakterizə etmək olar: xaos. Onun prezident kimi fəaliyyətə başlamasından cəmi 1 il 2 aya yaxın vaxt keçib, lakin bu qısa müddətdə o qədər qalmaqal baş verib bəzən elə təsəvvür yaranır ki, Tramp 1,2 il yox, 12 ildir hakimiyyətdədir. Bunun əsas səbəbi odur ki, Tramp dövlət idarəçiliyindən bixəbər adamdır və sistemin içindən gəlməyib. ABŞ-ın siyasi tarixinə nəzər yetirdikdə görürük ki, ilk dövrlərdə prezident kreslosunda dövlətin qurucuları-Müstəqillik müharibəsinin iştirakçıları, Müstəqillik Bəyannaməsinin və Konstitusiyanın müəllifləri, daha sonra isə Konqres üzvü olmuş, nazir, vitse-prezident vəzifələrində çalışmış təcrübəli şəxslər əyləşiblər. Tramp isə ümumiyyətlə, daha əvvəl aktiv siyasətlə məşğul olmayıb və dövlət adamı keyfiyyətlərinə malik deyil. 2017-ci il yanvarın 20-dən, yəni Trampın andiçmə mərasimindən bəri istefaya getmiş və ya göndərilmiş prezident müşavirlərinin, dövlət məmurlarının, digər vəzifəli şəxslərin siyahısını yazası olsaq, uzun bir siyahı alınar. Lakin bu sırada milli təhlükəsizlik üzrə prezident müşaviri Maykl Flinn, Ağ Evin baş strateqi Stiv Bennon, Ağ Ev administrasiyasının rəhbəri Reyn Pribus, Ağ Evin mətbuat katibi Şon Spayser, Federal Təhqiqatlar Bürosunun (FBİ) dirtektoru Ceyms Komi, səhiyyə naziri Tom Prays, Ağ Evin kommunikasiya direktorları Entoni Skamaruççi, Maykl Dubke və Houp Hiks, iqtisadi məsələlər üzrə prezident müşaviri Harri Kon, Ağ Evin dəftərxana müdiri Rob Porter, prezident köməkçisinin müavini Sebastian Qorka və son olaraq dövlət katibi Reks Tillerson kimi şəxslərin adlarını xüsusi qeyd etmək lazımdır. Proses hələ davam edir. Məsələn, Reks Tillersonla eyni gündə onun müavini Stiv Qoldsteyn və prezidentin köməkçisi Con Makinti də istefaya göndərilib. ABŞ mediasının xəbərinə görə, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, general Herbert Makmasterin də növbəsi çatıb və yaxın günlərdə onun da vəzifədən azad olunacağı gözlənilir. Veteranların işləri üzrə nazirin də işdən çıxarılacağı bildirilir. 14 aya yaxın müddət ərzində prezident administrasiyasının əməkdaşlarının 45 faizi işdən gedib və ya uzaqlaşdırılıb. Bu, çox böyük rəqəmdir. Bundan başqa, Dövlət Departamenti başda olmaqla, dövlət strukturlarında çoxlu vakant vəzifələr qalır və bu vəzifələr üçün namizədlər hələ təqdim olunmayıb».

Ş.Cəfərli qeyd etdi ki, Tramp prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl televiziyada «Namizəd» adlı realiti-şou aparırdı. Şou iştirakçıları 1 il ərzində yarışırdılar və hər epizodda bir iştirakçı yarışı tərk edirdi. Tramp həmin iştirakçıları «Sən qovuldun!» (You are fired) sözü ilə yola salırdı. İndi Tramp dövləti də həmin şou-proqram kimi idarə etməyə çalışır: «Bu, ABŞ kimi ciddi dövlət üçün yaxşı hal deyil. Amma prezidentdən qaynaqlanan bu xaotik görüntüyə baxmayaraq, ABŞ dövlət aparatı fəaliyyətini davam etdirir. Yəqin ki, bu vəziyyət oturuşmamış dövlətlərdə yaransaydı, orada qeyri-sabitlik və müəyyən çaxnaşmalar müşahidə edilərdi. Lakin ABŞ güclü institutlara malik oturuşmuş dövlət olduğu üçün prezidentin təcrübəsizliyi və sistemə yad adam olması ciddi fəsadlara gətirib çıxarmır».

Politoloq onu da dedi ki, Tillerson ABŞ-ın İranla imzalanmış nüvə anlaşmasından çıxmasının əleyhinə idi. Onun yerinə gələcək olan MKİ direktoru Mayk Pompeo isə bu məsələdə sərt mövqe tutur. Ona görə də, ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir. Rusiya ilə bağlı siyasətdə də yumşalma gözləməyə dəyməz: «Pompeo hətta Trampın mövqeyinə zidd olsa da, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini dəfələrlə açıq bildirib və kəşfiyyatın Obama dövründə bu barədə verdiyi ortaq raportu dəstəkləyib.

Maraqlı bir detal var ki, «soyuq müharibə» dövründə Putin kəşfiyyatçı kimi Almaniyanın şərqində, Pompeo isə hərbçi kimi Almaniyanın qərbində xidmət edib.

Tillerson Türkiyə ilə müttəfiqlik əlaqələrinin qorunmasına tərəfdar idi. Hətta Suriya (Menbiç) ilə bağlı iki tərəf arasında əldə olunmuş prinsipial razılığın Çavuşoğlunun martın 19-da Vaşinqtonda Tillersonla görüşündən sonra açıqlanacağı gözlənilirdi. İndi bu səfərin baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb. Pompeonun Türkiyəyə münasibətinə gəldikdə isə, onun vəzifəyə təyin olunmazdan bir müddət əvvəl «Türkiyə də İran kimi totalitar islamçı diktaturadır» deyə «twit» yazdığı, bir qədər sonra bu «twit»i sildiyi məlumdur. Lakin MKİ direktoru təyin olunduqdan sonra o, ilk səfərini Türkiyəyə etdi.

MKİ direktoru vəzifəsinə təyin olunacağı gözlənilən Gina Haspel də maraqlı şəxsdir. Bu xanım haqqında müxtəlif iddialar var. Onun MKİ-nin bəzi ölkələrdəki gizli həbsxanalarına rəhbərlik etdiyi, hətta işgəncə üsulunu dəstəklədiyi bildirilir. (Yeri gəlmişkən, Pompeo da terrorda ittiham olunanların dindirilməsi zamanı işgəncələrin tətbiqinə tərəfdardır.) Haspelin oğlunun da MKİ əməkdaşı olduğu və Ukraynada separatçılıq başladığı zaman ora göndərildiyi, Slavyansk şəhərində naməlum qrup tərəfindən girov götürüldüyü və MKİ direktoru Con Brennanın şəxsən Ukraynaya gedib onu xilas etdiyi barədə də iddialar var, nə qədər doğrudur, deyə bilmərəm...

Bir sözlə, Tramp öz komandasını hələ indi qurmağa başlayıb».

Etibar SEYİDAĞA