vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
10:42 | 18 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 3061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belarus prezidentinin etirafları...

... və MDB liderlərinin nəzərə almadığı məqamlar...

Hüseynbala SƏLİMOV

Belarus prezidenti A.Lukaşenkonun Rusiya jurnalistlərilə görüşdə səsləndirdiyi etiraflarda ifrat yeni detallar olmasa da, hər halda, maraqlı məqamlar çox idi.

“İfrat yeniliklər” deyəndə biz onu nəzərdə tuturuq ki, işğal altında olan beş rayonun Azərbaycana qaytarılması ilə bağlı söhbətlər, Rusiyanın ən müxtəlif siyasət və politologiya adamlarının bu xüsusda tez-tez səsləndirdikləri açıqlama və bəyanatlar bəlkə də son il yarımda ən çox diskussiya olunan məsələlər olub.

Amma əlbəttə ki, burada başqa vacib məqam var. Biri var ki, bunu MDB-yə və KTMT-na daxil olan ölkələrdən birinin prezidenti deyir, biri də var ki, belə fikirlər hansısa politoloqun dilindən səslənir – həmin politoloq hətta Kreml əsabələrinin yaxınlarından olsa belə bütün hallarda bilavasitə prezident olan adamı əvəz edə bilıməz, çünki politoloqların işi tövsiyə vermək və məsləhətlər səsləndirməkdir, prezidentlərsə bilavasitə siyasəti həyata keçirən və formalaşdıran insanlardır.

Fəqət, bunun da məsələnin məğzinə dəxli yoxdur. Əsas odur ki, həm nəzəri, həm də praktiki siyasət müstəvisində məsələ çox dartışılıbdır və nəinki nəzəriyyəçi politoloqlar, hətta bilavasitə böyük siyasətə aidiyyatı olan adamlar bu istiqamətdə müəyyən səylər ediblər.

Amma proses bitməyibdir, odur ki, bu konteksdə müəyyən suallar yaranır. Birincisi budur ki, doğrudanmı MDB liderləri hələ də Ermənistan hökumətinin Dağlıq Qarabağla, xüsusilə də işğal altında olan beş rayonla bağlı məramını bilməyirlər? Beş işğal altında olan rayonun ermənilərin nəzərində rolu və missiyası nədən ibarətdir? Doğrudanmı bu liderlər Ermənistanla hansı dildə danışmaq lazım gəldiyinin fərqində deyillər və indiyədək başa düşmürlər ki, “Serj və yaxud da Nikol, beş rayonu qaytar!” deməklə bu rayonlar qaytarılmayacaq?..

İşğal altında olan beş kənar rayon Ermənistanın Dağlıq Qarabağla bağlı planlarının girovudur, hamı gözəl anlayır ki, həmin rayonlar diplomatik “torq” predmetidir. Ermənilər heç də ondan ehtiyat etmirlər ki, həmin o rayonları qaytarsalar Azərbaycan hansısa yolu kəsəcək, daha çox ondan qorxurlar ki, Dağlıq Qarabağa müstəqillik tələb etmək üçün əllərində bir qeyri kəsərli təzyiq vasitəsi olmayacaq– bəli, onlar bundan qorxurlar, axı hamıya aydındır ki, daha beş rayonun işğalda olması Bakının mövqeyini xeyli dərəcədə zəiflədir...

Odur ki, qoy, birincisi, MDB liderləri erməni hakimiyyətinin Dağlıq Qarabağla bağlı planlarını özləri üçün aydınlaşdırmağa çalışsınlar və bir daha sözdə dəstək verdikləri məsələyə - Azərbaycanın ərazi bütünlüyü məsələsinə ermənilərin real münasibətini öyrənsinlər, aydınlaşdırsınlar ki, İrəvan üçün həmin məsələ hansısa bir önəm kəsb edirmi? Necə deyər, bu məsələnin bir tərəfi. Digər məqam isə budur ki, hətta konfliktologiya ilə bağlı dərsliklərdə belə təcavüzkarı sülhə məcbur etməkdən söhbət gedir, “Serj və ya Nikol, rayonları Azərbaycana qaytar” kimi xahişlərlə erməni durub rayon qaytaran deyil...

Demirik ki, həmin bu məqamaları MDB liderləri bilmirlər, yox, onlar yetərincə təcrübəli insanlardır, sadəcə, prosesin sonrakı mərhələləri, Dağlıq Qarabağın sonrakı taleyi onların özü üçün də qaranlıqdır, çünki bu məsələdə üç ssenari var: Bakının baxışı, İrəvanın planları, Rysiyanın niyyətləri.

Ona görə də onlar erməni rəhbərlərinə yetərincə təzyiq göstərə bilmir, çünki Qarabağ probleminin həllinə yalnız hansısa mərhələyə qədər start vermək olar – bundan sonra isə Moskvanın ssenariləri başlamalıdır; bölgəyə Rusiya sülhməramlıları gəlməlidir ki, Dağlıq Qarabağ bundan sonra da onun nəzarətidə qalmaqda davam etsin və yalnız Kreml tamam əmin olduqdan sonra ki, artıq Azərbaycan onun əlindədir, bundan sonra Dağlıq Qarabağ formal şəkildə Azərbaycana qaytarıla bilər.

Yeri gəlmişkən, A.Lukaşenkonun açıqlamalarında maraqlı bir detal da sezildi. Belarus prezidenti dedi ki, Serj Sarkisyan beş rayonu qaytarsaydı Azərbaycan da Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olacaqdı...

Deyək ki, bu açıqlama da bizim üçün qətiyyən sürpriz-filan olmadı, bu haqda da çox söhbətlər gəzirdi.

Bir tərəfdən bizim bəzi siyasət adamları (onların arasında hətta keçmiş “milli müxalifətçilər” də vardı) hey israr edirlər ki, guya biz Rusiya ilə yetərincə “bazarlaşa” bilmrik. Bazarlaşma deyəndə də onlar bunu nəzərdə tuturlar ki, Rusiya Dağlıq Qarabağı bizə qaytarır və biz də onun bütün layihələrinin iştirakçısı oluruq - Avrasiya İqtisadi Birliyinə, KTMT–na qoşuluruq...

Bir daha deyirik ki, belə ehtimallar son ilyarımda xeyli səslənib və şəxsən bizim ona münasibətimiz bəllidi: nəyinsə hissəsini geri almaqçün onu tam şəkildə kiməsə hədiyyə etməzlər. Bu baxımdan Dağlıq Qarabağ bizimçün müstəqil Azərbaycanın bir hissəsidir və müstəqil Azərbaycanın da bir hissəsi kimi geri qaytarılmalıdır. Bunu MDB liderləri, xüsusən də ki, Kreml əhli birdəfəlik qəbul etsə, çox yaxşı olar...

Hüseynbala SƏLİMOV