vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
17:55 | 24 aprel 2020 | Cümə Məqaləyə 2494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“8K”dan “Skype”a doğru

Pandemiyanın “bir gecə”də ortaya çıxardığı yeni TV formatı

Səadət MƏMMƏDOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

İşdən sonra axşamlar başqa ölkələrin telekanallarına baxıram və düşünürəm. Nə baş verir? Özümün də hər gün içində olduğum teleistehsalın kənardan necə göründüyünü obyektivcəsinə qiymətləndirmək üçün həm bizim bütün kanallara, həm də “BBC”, “CNN”, “Euronews”, “France24”, “Rossiya 24”, “NTV”, “ORT”, “NTV” (Türkiyə), “HaberGlobal”, “TRTHaber” və s kanallara baxıram və “COVİD.TV” modelini təhlil edirəm.

Televiziyaların bir-birindən üstünlüyü ilk növbədə onun texniki imkanları, peşəkar kadrları ilə ölçülür. Zəruri texniki imkanlar olmayanda peşəkar kadrların qabiliyyətlərindən də səmərəli istifadə etmək çətindir. Təbii ki, istehsal olunan və yayımlanan keyfiyyət evlərdə qəbul olunana avadanlığın keyfiyyəti ilə düz mütənasibdir. “Türksat” şırkətinin rəsmisi 2 il əvvəl mənə dedi ki, biz Türkiyədə ilk dəfə 8K standartında yayım verdik, amma ölkədə bunu dəstəkləyən cəmi 4 ədəd televizor var, onun da biri elə bizdədir)) Yəni, dediyim odur ki, onsuz da tamaşaçı bizə evindəki televizorun imkan verdiyi keyfiyyətdə baxır.

 

Texniki məcburiyyət yoxsa məcburiyyət texnikası?

 

Texnika inkişaf etdikcə TV-lər arasında rəqabət başlamışdı- kim hansı kamera ilə çəkir, kim hansı proqramla montaj edir, kimin effektləri daha müasirdir və s. Telekanallar HD formada görüntü çəkəndən sonra SD arxivdən xüsusi zərurət olmadıqca istifadə etmirdilər. Amma son 1-2 ildə özəlliklə xəbər efirlərində texniki keyfiyyət operativ tələbatlara qurban verildi. Həmin «fors edilən” texniki üstünlüklər telefilmlərə, sənədli filmlərə, böyük studiyalardan çıxan tok-şoulara aid edildi. Xəbər isə tez və asan, amma operativlik məntiqinə qayıtdı. Fikir vermisinizsə, xeyli vaxtdır dünya telekanallarında-ən çox Rusiya kanallarında - müxbirlər efirə telefonla bağlanır, sözünü deyir və xəbəri ötürür, vəssalam. Alışdığımız estetika, kadrın kompozisiyası, gözəl operator işi, səhmanlı montaj, düzgün fon, peşəkar işıq, təmiz mikrofon səsi və s hamısı xəbərin operativliyinin kölgəsində qaldı. Bu minvalla «mobil jurnalistika” anlayışı artıq yeni bir janra çevrilərək sürətlə yayılmağa başladı, amma hələ Azərbaycanda bu xaricdəki intensivliklə tətbiq olunmurdu....

 

Zəruri irəliləyiş yoxsa məcburi geriləmə?

 

Pandemiya sürətlə dünyanı cənginə alandan sonra standart düzənlər də “düzəndən” çıxdı və az qala bir gecədə dünya TV-lərinin siması dəyişdi. Bəzəkli studiyalar boş qaldı, bərq vuran işıqlar söndü, 2 saat qrim otağından çıxmayan aparıcılar evində öz bildiyi kimi hazırlaşıb evindən “Skype” və digər müvafiq proqramlarla efirə çıxdı, «evdən yayım” tendensiyası qəfil “moda” oldu. Müxbirlər telefonla “selfie” kadrlarla efirə bağlanır, qonaqlar, müsahiblər hamısı evindən, iş otağından əyri-üyrü planlarla efirə çıxır, peşəkar mikrofon səsləri indi sanki hamamdan gələn küylə əvəzlənib. Hətta indiki standartlarla “qəşəng qız”, “yaraşılqlı oğlan” hesab olunmadığına görə kadr arxasında qalan jurnalistlər ciddi mövzularla efirə çıxır. Çünki “qəşəng qız və oğlan” aparıcıların bəziləri hətta koronavirus sözünü tələffüz edə bilmir). Televizorun səsini alıb “qlamur görkəmli aparıcılara” baxmaq dövrü indi “karantinə” düşüb. Xüsusi karantin rejimində xüsusi zəkası və nitqi olan insanlar efirdən fikir söyləyir...və s. Bir sözlə, mahiyyətcə görüntü yox, fikir önə çıxır. Efirdəki “necə görünür” yox, “nə deyir” məntiqi yayıma hakimlik edir.

Və... Bizim teleməkanda bu nə dərəcədə baxımlıdır? Nə qədər gözəl görünür? Əvvəla internetin sürəti üzündən efirə bağlanan qonaqların bir qismində görüntü bəzən tam aydın olmur, səs isə qırılır, donur, arada itir. Digər bir məsələ- hər kəsin fərdi kompüterinin və ya mobil telefonunun kamerası TV-yə babat görüntü ötürmək imkanında deyil. Hətta hiss olunur ki, telekanalların evdən efirə çıxan aparıcıları kompüter və mobil telefonla deyil, məhz foto və ya telekameradan istifadə edirlər...Və ya bəzi kanallar eyni vaxtda 3-4 pəncərə yaradaraq eyni anda bir neçə nəfəri (müxbir və ya qonaq) efirə çıxarır. Avropa kanalları 10 il olar ki, bu cür çoxmonitorlu bağlantılar edir və məhz bu cür diskussiyaya girirlər. Bizdə isə çox vaxt fikir mübadiləsi aparmırlar, hər kəs öz sözünü deyir və sadəcə xətdə digərini dinləyir. Bu cür çoxpəncərəli sistem ona görədir ki, müzakirə olsun, bir nəfər digərinin fikrinə münasibət bildirsin. Yoxsa sadəcə ekranda dayanıb görüntü üçün gözləmək sadəcə texniki imkanları nümayiş etdirməkdir.

 

TV-lərin estetik siması kənardan necə görünür?

 

Bəs bu belə də davam edəcəkmi? Evindən və ya iş otağından efirə qonaq kimi bağlanan müsahiblər (həmçinin müxbirlər) karantin bitəndən sonra studiyaya gəlmək istəyəcəkmi? Onlar keyfiyyətə yoxsa rahatlığa üstünlük verəcəklər?

Niyə bu qədər uzun yazdım. Çünki mən tamaşaçı kimi bu cür kadrlardan zövq almıram. Əyri planlara baxa, hamam effektli səsləri dinləyə bilmirəm. Bu halda sanki beynim informasiyanı tam qəbul edə bilmir. TV işçisi olaraq bu qaydaların tətbiq olunduğu sistemlə işləyirəm. Ona görə əvvəldə yazdım ki, məncə bu məcburiyyət texnikasıdır ya da texniki məcburiyyətdir. Amma davam etməyəcək. Yadınızdadırsa, musiqi ilə müşayiət olunan xəbər süjetləri bir vaxtlar necə dəbdə düşdü. Amma sonralar səliqəli və təbii küylərdən istifadə olunan reportaj üslubu tıp-tıs süjetlərə qalib gəldi. Bir neçə dəfə sübut olunub ki, TV texniki şərtləri təkmilləşdirməklə klassik janrlara geri dönür. Məncə yenə də dönəcək....Çünki TV gözəllik, zövq aşılamalıdır. Əlində telefon olan hər bir şəxs özünü “yayımçı” sayır. Lakin onlar peşəkar TV-nin ekranındakı keyfiyyətə həsəd aparmalı və ona bənzəməyə can atmalıdırlar. Peşəkar TV yayımı telefonla internet yayımı verən sosial şəbəkə standartından daha yüksək keyfiyyətə əsaslanmalıdır. Amma bunun üçün isə bizim televiziyaların peşəkar TV üçün ən müasir simsiz ötürücüləri və yüksək sürətli interneti olmalıdır.

P.S.: Çox arzu edərdim ki, “COVİD”in TV-yə gətirdiyi müsbət çalarlar pandemiyadan sonra yenidən aşırı qlamurluqla əvəzlənməsin, daimi olsun.