vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:58 | 16 mart 2022 | Çərşənbə Məqaləyə 1958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Ev nə istəyir?

Okeanın o tayından Əliyevə gələn zəng

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda ABŞ Kremlin digər regionlardakı, o cümlədən Cənubi Qafqazdakı təsir dairəsini zəiflətmək cəhdlərinə girişib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünü qabağa salmağa çalışan ABŞ hegemonluq iplərini əlindən buraxmaq niyyətində olmadığını göstərir – bu cümlə Türkiyə amilinə nisbətdə də işlədilir.

Hər şey ondan başlayır ki, Azərbaycan Ermənistana sülh üçün 5 maddəlik baza prinsipi təklif edir, İrəvan isə topu ATƏT-in Minsk Qrupu həmsədrlərinin meydançasına atır.

Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında aktiv təşəbbüskar missiyası ilə çıxış edir və bunu rəsmi Bakı ilə koordinasiyalı şəkildə həyata keçirir.

Bakı ilə İrəvan arasında buzların əriməsi üçün yeni mərhələ məhz Antalya Diplomatiya Forumunda başladıldı, Ermənistanın da həmsədrlərə müraciəti “post-Antalya” dövrünə təsadüf etdi.

Bu isə həmsədrlərin kürkünə birə salan bir mənbəyə çevrilir, ABŞ-la Türkiyə sadəcə NATO maraqları çərçivəsində birgə maraq yarada bilərlər, ancaq ABŞ tərəzinin gözünün Ankara tərəfinə əyilməsinə yol verməməyə çalışır.

Cənubi Qafqazdakı postmünaqişə dövrü Türkiyə ilə Rusiyanı bir-birinə daha da yaxınlaşdırıb, amma Moskva da proseslərdə Ankaranın birinci dərəcəli olmasına qarşı strateji duruş sərgiləyir.

Fransaya gəlincə, onun hazırkı sükutunun səbəbi Avropanın Azərbaycan qazına ehtiyacı ilə bağlıdır, buna görə, Bakı indi rəsmi Paris üçün siyasi-iqtisadi fayda gətirən məkan rolunu oynayır.

Ancaq Fransa siyasətinin qayəsindəki Azərbaycan və Türkiyəyə qarşı hikkə hələ də soyumayıb, sadəcə Paris situativ möhtaclar səbəbindən bir qədər geri çəkilmiş görüntüsünü yaradır.

Ermənistanın həmsədrlərə müraciətindən sonra diplomatik-siyasi trafiklərdə də canlanma müşahidə edilir, ABŞ dövlət katibi Entoni Blinken martın 14-də Ermənistanın baş naziri Nikol Paşinyanla, martın 15-də isə Azərbaycan Prezidenti ilə telefon danışığı aparıb.

Beynəlxalq sistemdə baş verənlərə münasibətdə ABŞ-ın Azərbaycana və Ermənistana münasibətində üstünlük Bakıya verilir. Söhbət ondan gedir ki, Blinken yalnız Əliyevlə telefon danışığında Azərbaycan dövlət başçısına Ukrayna münaqişəsində sərgilədiyi mövqeyə görə təşəkkür edib.

Blinkenin Əliyevə zəngi həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən insidentlər kontekstində diqqət çəkir.

Mümkündür ki, ABŞ bu məsələdə Azərbaycanın yanında yer alır – məqsəd isə Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluq imkanlarını minimuma endirməkdir.

Amma Azərbaycan ölkə ərazisini böyük oyunçuların rəqabət meydanına çevirmək siyasətindən uzaqdır, verilən siyasi qərarlar Azərbaycanın qırmızı cizgilərini özündə ehtiva edir.

Rəsmi Bakı prinsipcə həmsədrlərin sülhyaratma prosesində iştirakına qarşı deyil, ancaq Bakı ilə Ankara birgə səylərlə bu iştirakı praqmatik siyasətə köklənən prinsiplərə əsaslanmasını tələb edir.

Azərbaycanla Türkiyənin özünümüdafiə üçün yeganə yolu ordu qüdrətini artırmaq və strateji müttəfiqliyini yeni düzənə uyğunlaşdırmaqdan keçir. Çünki nə beynəlxalq oyunçulara, nə də ki, siyasi gedişatlara ümid bəsləmək olur.

Ermənistanın baş verənlərdən dərs çıxarmaq əvəzinə növbəti dəfə xalqların öz müqəddəratı məsələsini vurğulaması hələ də İrəvanın beynəlxalq havadarlara bel bağlamaq ümidindən irəli gəlir.

Əgər Ermənistanın həmsədrlərə müraciəti erməni ictimai rəyindəki emosiyaları cilovlamaq məqsədi daşımırsa və mahiyyət etibarı ilə erməni siyasi xislətidirsə, bu zaman Azərbaycana güc tətbiqindən başqa yol qalmır.

Ermənistanın sülh üçün növbəti iradəsizliyi və ya həyasızlığı hələ münaqişə dövründəki Madrid prinsiplərindən yapışmasının göstəricisidir.

Ancaq Madrid prinsipləri münaqişə dövründə aktual idi, Bakı isə 5 bəndlik təklifi həmin prinsiplər əsasında deyil, postmünaqişə periodunun reallıqları çərçivəsində irəli sürüb.

Blinkenlə Əliyev yəqin ki, Azərbaycan-İran anlaşması barədə də müzakirə aparıblar, çünki regionda İranla bağlı baş verən istənilən hadisə Ağ Evin diqqət mərkəzində olur.

Blinkenin telefon zəngindən çıxan nəticə:

ABŞ Ukraynadakı müharibə səbəbilə Rusiyanı bütün cəbhələrdə hərbi iştirakdan kənarda qoymaq istəyir. Buna görə də sülhyaratma prosesinə öz siyasi töhfəsini verməklə “minimum şəkildə Rusiya” prinsipini önə çəkir.

ABŞ Azərbaycan-İran münasibətlərində Bakının maraqlarına önəm verir, çünki Azərbaycan Qərb-İran münasibətlərində Qərb üçün əhəmiyyətli rola malikdir...