Mədədən asılı mədəniyyət
Azadlıq haqda xülyalar yazıçıların, filosofların və siyasətçilərin uydurmasıdır
Qədim Yunanıstanda Sofistlər məktəbinin nümayəndələri hesab edirdilər ki, elitar və kölələri, yəni aristokratiyanı və işçi sinfi bir- birindən fərqləndirən əsas cəhət sərvətin, var-dövlətin azlığı və ya çoxluğu deyil, düşüncə azadlığının olmasıdır.
Sofistlərə görə, bütün günü fiziki əməklə məşğul olan insan düşünə bilmir. Düşünə bilməyən insan da etiraz etmək haqqını itirir. Etiraz etmək haqq-hüququnu itirən insan da, azadlığını itirib köləyə çevrilir.
İsa peyğəmbər də buna işarə edərək xalq qarşısında etdiyi çıxışlarının birində deyirdi ki: “Tarlalarda çiçəklənən zanbaqlara baxın. Nə işləyirlər, nə də yun əyirirlər. Ancaq sizə deyə bilərəm ki, Süleyman öz əzəməti ilə onlardan daha cazibədar geyimlərə sahib deyildi”.
Qədim yunan elitası hesab edirdi ki, boş vaxtı çox olan, yəni fiziki əməklə məşğul olmayan insanlar aristokrat insanlar hesab edilir. Yunanlar fiziki işi, çox işləməyi azad insanlar üçün təhqir hesab edirdilər. Sofizmi fəlsəfi fikrini rəhbər tutan Bertran Rassel də “Tənbəlliyə mədhiyyə” məqaləsində Avropa kapitalizmini yıxıb-sürüyərək yazırdı ki, insanları səkkiz saat işlətmək olmaz, onların mədəniləşmək, mədəniyyət yaratmaq üçün boş vaxta ehtiyacları var. Gündə bu qədər işləyən Avropa və avropalı getdikcə öz mədəniyyətini itirəcək və yenidən barbarlaşacaq. Çünki gün ərzində səkkiz saat işləyən insan düşüncə azadlığını itirir. Şarl Lui Monteskyö isə deyirdi ki, siz mənim düşüncə azadlığımı əlimdən almaqla məni köləyə çevirirsiniz. Xahiş yox, tələb edirəm sizdən, mənə düşüncə azadlığı verin.
Aristotelə görə də, tərbiyənin əsas hədəfi gözəl məziyyətlərlə uzlaşan fəaliyyətdir. Buna görə də bütün predmetlər bu və ya digər şəkildə həmin məziyyətlərin (cəsarət, təmkin, müdriklik və ədalətlilik) inkişafına yönəlir və yönəlməlidir. Antik dövr Yunanıstanında insanın mənəvi ideala çatması üçün yaxşı mənşə, gen faktoru zərurət hesab olunsa da, yetərli sayılmırdı. Odur ki, təhsilə böyük diqqət ayrılırdı. Bu gün bunu təsəvvür etmək çətindir, ancaq hətta təbiət, fəlsəfə, hüquq incəsənət kimi sahələrin öyrənilməsi də şəxsin tərbiyəsində, insani cəhətlərin inkişafında, onun şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Aristotel özünün “Siyasət” kitabında bu barədə danışarkən qeyd edir ki, azad insanı quldan və sənətkardan fərqləndirən əsas cəhət hər şeydən əvvəl onun asudə vaxta malik olmasıdır. Bu vaxtdan layiqli şəkildə istifadə edilməlidir, yəni həzlə mənəvi gözəllikləri uzlaşdırmağı bacarmaq lazımdır. Dahi filosofun sözlərinə görə, xoşbəxtlik və aristokratiya bununla ölçülür. Bütün günü fiziki əməklə məşğul olan insan düşüncə azadlığını itirməklə qalmır, o həm də xoşbəxtliyini itirir. Ancaq asudə vaxtı bu şəkildə dəyərləndirə bilmək üçün nələrsə öyrənməlisən – incəsənətlə, fəlsəfə və ədəbiyyatla məşğul olmalısan, əks halda yetişkin insan qaba və nalayiq olacaq.
Ancaq bircə həqiqət də var ki, azadlıq haqda xülyalar yazıçıların, filosofların və bir də siyasətçilərin uydurmasıdır. Ən çox da siyasətçilərin işinə yarayır azadlıq və demokratiya nağılları. Ona görə nağıl deyirəm ki, kapitalizmdə, daha dəqiqi, mədənin olduğu dünyada azadlıq və demokratiya heç vaxt olmayıb və ola da bilməz. Ona görə ola bilməz deyirəm ki, mədənin qayəsi çörəkdir. Mədə bütün mənəvi dəyərlərin başında bardaş qurub. Aristotel və sofizm fəlsəfəsi, bəlkə də, mədəni cəmiyyətlərin gedəcəyi yoldur, bizə heç dəxli də yoxdur...