Nemtsov mükafatının qalibi bilindi
Namizədlər siyahısı yalnız ukraynalılardan ibarət idi
MÖVZU İLƏ ƏLAQƏLİ
2022-ci il Boris Nemtsov mükafatı Ukrayna prezidenti Vladimir Zelenskiyə verilib. Bu barədə bazar günü “Boris Nemtsov Azadlıq Fondu” məlumat yayıb. Məlumatda vurğulanır ki, bu il fond mükafata yalnız Ukrayna nümayəndələrini təqdim etmək qərarına gəlib.
Onların arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş tibb könüllüləri birliyinin təsisçisi Yuliya Paevskaya (Taira), Ukrayna Prezidenti Aparatının müşaviri Oleksiy Aretoviç və başqalarının adı var.
Fondun təsisçilərinin və Şurasının reytinq səsverməsinin nəticələrinə görə, Ukrayna prezidenti qalib olub.
“Nemtsov Fondu Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyir. Boris Nemtsov özü də həmişə Ukrayna ilə müharibəyə qarşı çıxıb. 2014-cü ildə o, Moskvada bu müharibəyə qarşı çoxsaylı mitinqlər toplayıb. O, başa düşürdü ki, Putin Ukrayna ilə müharibəyə başlayıb və o, bu ölkənin Avropanın bir hissəsi olmasını istəmir. Ukraynaya tezliklə qələbə arzulayıram və bunu vətənpərvər mövqe hesab edirəm, çünki Ukraynanın qələbəsi avtoritar Putin rejiminin məğlubiyyətidir, bu humanizm dəyərlərinin qələbəsidir”, - deyə fondun həmtəsisçisi Janna Nemtsova bildirib.
Ötən illərdə yalnız Rusiya vətəndaşları - siyasətçilər Aleksey Navalnı və Lev Şlosberq, mülki fəallar Konstantin Kotov, Anastasiya Şevçenko, İldar Dadin və Nadejda Mityuşkina “demokratik dəyərlərin və insan hüquqlarının qorunmasında müstəsna cəsarətə görə” mükafatın laureatları olublar.
Krımın ilhaqını və Ukraynaya təcavüzü pisləyən rusiyalı müxalifət lideri Boris Nemtsov 2015-ci ilin fevralında Moskvada öldürülüb.