vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
18:34 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obyektiv və qərəzsiz ...

Qlobal Bakı Forumu bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşır

Elçin MİRZƏBƏYLİ

Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxsaxəliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir.

Qlobal Bakı Forumunun özəlliyi bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu problemləri yaradan səbəblərin bu və ya digər geosiyasi qütbün maraqlarını ifadə etmədən dilə gətirilməsidir.

Məsələn, 1962-ci ildən etibarən müxtəlif adlar altına keçirilən Münhen təhlükəsizlik konfransında, əsasən xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur. Sözügedən beynəlxalq tədbirin 1993-cü ilədək “Hərbi məsələlər üzrə konfrans” adlanması da Münhen Təhlükəsizlik Konfransinin prioritetlərinin nədən ibarət olduğunu gün işığına çıxarır.

1971-ci ildə yaradılan Davos Ümumdünya İqtisadi Forumunun fəaliyyəti də konkret istiqamətləri əhatə edir. Davos Forumunda bir qayda olaraq, səhiyyə və ekologiya da daxil olmaqla, iqtisadi və qismən də sosial sferaları əhatə edən məsələlər müzakirə olunur.

2004-cü ildə yaradılan Valday Diskussiya Klubunun təşkil etdiyi konfransların da mövzusu, adətən qlobal iqtisadi-siyasi problemlərlə bağlı olur və müəyyən qədər Münhen Təhlükəsizlik Konfransının formatını xatırladır.

Hazırda dünyada 50-dən artıq müxtəlif sahələri əhatə edən populyar və qismən populyar beynəlxalq forum və konfranslar təşkil olunur. Onların arasında davamlı şəkildə keçirilənləri də, konkret problemlərdən doğan çağırışlara əsasən təşkil olunanları da var. Qlobal Bakı Forumunu digər konfrans və forumlardan fərqləndirən cəhət, daha öncə qeyd etdiyim kimi, dünyanı ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu çağırışların hansı sahəni əhatə etməsindən asılı olmayaraq, bir-biri ilə zəncirvari şəkildə bağlı olduğunun diqqətə alınaraq, ən incə detallarına qədər təhlil edilməsi, reallığa uyğun çıxış yollarının göstərilməsidir.

Ukraynada baş verənlərin fonunda bəşəriyyətin üzləşdiyi problemlər, o cümlədən ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların getdikcə daha təhlükəli həddə çata biləcəyi ehtimalı, siyasi, iqtisadi, sosial, ekoloji və digər sahələrdə yaranan təhlükələrin bir-biri ilə bağlı olduğunu təsdiqləyir. Müharibələr iqtisadiyyata, ekologiyaya, ərzaq və enerji təhlükəsizliyinə təhdid yaradır və yaxud əksinə iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişə və müharibələr üçün əlverişli zəmin formalaşdırır. Məhz bu baxımdan, rəsmi Bakının dünyada baş verən proseslərə baxış bucağını ifadə edən Qlobal Bakı Forumu Yer kürəsinə və bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşdığı, təbiət və insan fitrəti ilə ilahi harmoniyada olduğu üçün fərqlidir, unikaldır, ən əsası isə obyektiv və qərəzsizdir.

Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də, burada aparılan müzakirələrin hazır geosiyasi və geoiqtisadi respektlərdən uzaq olması, yeni yanaşmalara üstünlük verilməsidir. Qeyd edim ki, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkdi və bildirdi ki, forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamətdə müsbət nümunə yarada biləcək.