vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
11:40 | 27 iyul 2022 | Çərşənbə Məqaləyə 2738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağa söyüləndə nökər döyülər

İrəvan Moskva ilə münasibətlərə tələb olunanı etməzsə Qərbin sərt təzyiqinə məruz qalacaq

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanın iqtisadi inkişafına birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Buna görə də biz bu təhlükələri aradan qaldırmaq və mümkünsə neytrallaşdırmaq üçün qısamüddətli və aralıq həllər və mexanizmlər tapmağa çalışırıq”, – o əlavə edib.

Eyni zamanda, Ermənistan xarici işlər naziri ümidvar olduğunu bildirib ki, bu prosesdə mütləq uğur əldə olunacaq.

A.Mirzoyanın nikbin bəyanatlarına rəğmən, Rusiyaya qarşı tətbiq edilən çoxsaylı və sərt sanksiyaların Ermənistana ağır təsir edəcəyi, İrəvandakı daxili siyasi situasiyanı ağırlaşdıracağı şübhəsizdir.

Prosesə təkanverici qüvvə rolunu isə Ermənistanı nəyin bahasına olursa-olsun, Rusiyanın total təsirindən çıxarmağa çalışan ABŞ-dır.

Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Treysinin aprelin 16-da “Ermənistan banklarının Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmaq niyyətində olduğunu bilirəm” açıqlamasından sonra İrəvanla Moskva arasında yaranmış gərginliyi xatırlamaq yetər.

Rəsmi Vaşinqton o vaxtdan bəri mövqeyini dəyişməyib.

L.Treysinin digər bəyanatı isə faktiki olaraq Ermənistana ultimatum kimi qəbul edilə bilər və əslində, edilməlidir də.

“Ermənistan banklarının rəhbərləri ilə görüşümüz oldu. Görüş əsnasında onlara bildirdim ki, Rusiyaya qarşı yeridilmiş sanksiyalardan yan keçərək Moskvaya yardım etməyə çalışmasınlar”, – L.Treysi deyib.

Birləşmiş Ştatların İrəvandakı səfirinin bəyanatı həm də Rusiyaya qarşı tətbiq edilən sərt və ağır sanksiyalar strategiyasına postsovet məkanındakı ölkələrin cəlb edilməsi niyyətindən xəbər verir.

ABŞ səfirləri çalışdıqları ölkələrin hakimiyyət dairələrini bu cəza sanksiyalarına qatılmağa sövq etməyə çalışırlar. Sanki amerikalı səfirlər arasında “Kim buna daha tez nail olar” sloqanlı qeyri-rəsmi yarış keçirilir.

Ermənistanın Rusiyadan bütün sahələrdə asılılığı reallıq olduğundan İrəvan belə vəziyyətdən çıxış yolunu Qərbin, daha doğrusu, ABŞ və Avropa Birliyinin tələblərinə dərhal riayət etməkdə görmür.

Tam əksinə, ermənilər dərk edirlər ki, onlar Linn Treysinin bəyanatlarına əməl etsələr və Qərbin təlimatlarını yerinə yetirsələr Rusiyanı qəzəbləndirəcəklər. Sinirlənmiş Moskvanın reaksiyanın hansı formada olacağını isə təxmin etmək çətin deyil.

Moskvanın baş nazir Nikol Paşinyanın hakimiyyətinə və ümumiyyətlə, Ermənistanın “Kremlə sürəkli xəyanətlərə köklənmiş kollaborasionist siyasət”inə münasibəti bəllidir.

44 günlük İkinci Qarabağ Müharibəsini tam kapitulyasiya ilə bitirən və Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqlarla barışmaq məcburiyyətində qalmış Ermənistan indi Qərblə Rusiya arasında barraj vuraraq iki güc mərkəzini sərt davranışa təhrik etməməyə çalışır.

Rəsmi İrəvan bunu “komplimentar siyasət” adlandırsa da, ermənilər Qərblə Rusiyaya həm yarınmağa can atır, həm də hər iki tərəflə ikili oyun oynayaraq daha çox mənfəət əldə etmək fikrini gerçəkləşdirməyə meyllidir.

Avropa İttifaqından yardım qismində 2,6 milyard avro almağa hazırlaşan İrəvan məhz bu səbəbdən Rusiya Federasiyası ilə ələqalərini zəiflətmir.

ABŞ-ın və Avropa İttifaqının xəbərdarlıqlarına rəğmən, Ermənistan Rusiyadan aldığı təbii qaza görə “Qazprombank”a ödənişləri rus rublu ilə gerçəkləşdirməyə razılıq verib.

Nikol Paşinyan da fasiləsiz vurğulayır ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Moskvanı bütün beynəlxalq müstəvilərdə, xüsusilə də BMT-də tam dəstəkləyir.

Lakin əsl reallıq budur ki, Ermənistanda Rusiyanın təsir imkanları sürətlə azalmaqdadır.

Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun büro üzvü, Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan sabiq prezident Robert Köçəryanın marionetkası və ümumiyyətlə, qeyri-adekvat tip, zooloji millətçi olsa da, onun İrəvan-Moskva münasibətlərinin indiki durumu barədə dedikləri maraqlıdır.

“Xozeyin söyüləndə nökər döyülər. Moskvaya qarşı tətbiq edilən sanksiyalar Ermənistana çox baha başa gələcək”, – Saqatelyan deyib.

O, haqlıdır.

Ermənistan Rusiya ilə münasibətlərə heç bir zəruri, Qərbin tələb etdiyi korrektələri etməzsə, ABŞ və Avropa Birliyinin sərt təzyiqinə məruz qalacaq.

Əslində, İrəvanın konkret, bəsit çıxış yolu da yoxdur. Həddən ziyadə ağır iqtisadi-maliyyə böhranında olan Ermənistan iqtisadiyyatının ən önəmli və strateji sahələri bütünlüklə Rusiyanın nəzarətindədir.

Qərbdən alınan kreditlər və ya yardımlar isə səfalətin hökm sürdüyü Ermənistana qısa müddətdə Rusiyanın təsirindən qurtulmağa, Moskvanın orbitindən sürətlə çıxmağa imkan vermir.

Bu, nə iqtisadi, nə də siyasi baxımdan mümkün deyil və Qərbin istədiyi korrektələr də illüzor təsir bağışlayır.

Belə korrektələr isə Rusiyanın sinirlənməsinə, qıcıq minimumunun bitməsinə və Nikol Paşinyanın devrilməsinə səbəb ola bilər.

Ermənistan indi Qərbin ağır Ssillası ilə Rusiyanın qəzəbli Haribdası arasında qalıb. (Milli.az)