vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
20:09 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Total”ı topa tutmaq ...

Fransa şirkəti “Abşeron” layihələrindən qaz çıxarılmasını niyə gecikdirir?

İlham ŞABAN

Azərbaycan Parlamentində Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı qəbul edilən hökumətə çağırış bəyanatı tövsiyə xarakterlidir. Həmin sənəddə 4-cü çağırış enerji sahəsində əməkdaşlığı əhatə edir:

“Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması”.

Amma bu, avtomatik olaraq o qərara gəlmək demək deyil ki, hökumət qısa zamanda  “Totalenergies” şirkətinin “Abşeron” qaz layihəsində iştirakına yenidən baxa bilər.

Çünki “Abşeron” layihəsi üzrə 2009-cu ilin 27 fevral tarixində imzalanan müqavilənin tipi Hasilatın Pay Bölgüsü Sazişidir. Yəni bu tip müqavilələr icra olunmağa başlamazdan əvvəl Azərbaycan parlamentində təsdiq edilir və Prezident tərəfindən, həmçinin SOCAR-la layihə iştirakçıları arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra HÜQUQİ qüvvəyə minir.

Hökumət ”Abşeron” layihəsinə müdaxilə edə bilərmi? Axı sözügedən layihələrdə dövlətin maraqlarının qorunması rolunda SOCAR çıxış edir.

Elədir. Amma Hökumətin SOCAR-dan həmin layihənin icrası ilə bağlı MÜFƏSSƏL HESABAT tələb etmək hüququ var. Bu hesabatın əsasında İqtisadiyyat nazirliyinə göstəriş verilə bilər ki, ilk qazın çıxarılmasının bir-neçə dəfə yubadılması (əvvəlcə ilk qazın çıxarılması 2019-cu ilin ilk rübünə hesablanmışdı, sonra 2021-ci ilə keçirildi, daha sonra 2021-ci ilin dekabrında Prezidentlə görüşdə Fransa şirkətinin vitse-prezidenti bunun bir ilə ərsəyə gələcəyini bəyan etdi, indi isə 2023-ə hədəflənib) və indiyə qədər çıxarılmaması səbəbindən Azərbaycan Respublikasına dəymiş ZİYAN hesablansın.

Həmin qiymətləndirilmə əsasında Hökumət “Abşeron” layihəsinin icrasına cavabdeh şirkətin CƏRİLƏMƏNMƏSİ haqda qərar çıxarda bilər.

Amma bu da o demək deyil ki, belə bir qərar düşdüyümüz ziyanın ödənilməsində məhz Fransanın enerji nəhənginə yönələcək.

Məsələ burasındadır ki, AÇG və “Şahdəniz” layihələrinin idarə edilməsində olduğu kimi (operator - bp) burada da hər şeyə cavabdeh bir oyunçu deyil. İş burasındadır ki, “Abşeron” layihəsinin həyata keçirilməsini JOCAP (Joint Operation Company Absheron Petroleum) adlı əməliyyat şirkəti həyata keçirir və orada istər payçı qismində, istərsə də idarəçilikdə SOCAR və “Totalenergies” şirkətləri bütün riskləri və səlahiyyətləri 50/50 faiz qismində bölüşürlər.

Bu baxımdan elə düşünməyin ki, “Total”a təpinib onu motal kimi döyəcləsək, həm ürəyimiz soyuyacaq, həm də işlərimiz bundan sonra daha sürətlə irəliləyəcək və “Abşeron-2” layihəsindən də 2027-ci ildə ilk qazımızı çıxara biləcəyik.

Təbii ki, hazırda hamını düşündürən bir sual var: bəs “Abşeron-1” layihəsindən qaz nə vaxt çıxarılacaq?

Onun cavabını Fransa şirkəti açıqlamırsa… amma Hökumət ictimailəşdirə bilər axı..

Millət vəkilləri də o zaman 2009-da Milli Məclisdə təsdiqlədikləri və Fransa şirkəti tərəfindən indiyə qədər qanun şəklini almış, amma ictimaiyyət üçün açıqlanmayan MÜQAVİLƏNİ (bp nəinki hasilat müqavilələrini, hətta BTC ilə bağlı sənədləri də öz saytında ingilis və Azərbaycan dillərində yerləşdirib) bir vərəqləyib tanış olardılar ki, SOCAR-ın xarici tərəfdaş(lar)ı nəyi zamanda həyata keçirir, nələri isə vaxtında başa çatdıra bilmirlər…