vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞƏXSİYYƏT  
12:38 | 27 noyabr 2022 | Bazar Məqaləyə 7807 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cavidin gəlişi, gedişi və dönüşləri

Akademik Rafael Hüseynov İstanbul Universitetində Hüseyn Cavidiə həsr olunmuş simpoziumda məruzə edib

“Cavid” əbədi deməkdir, ölümsüz deməkdir, olumlu deməkdir. İstanbul Universiteti sadəcə bir təhsil ocağı deyildir, müqəddəs bir məkandır. Bu bilik yuvasını müqəddəsləşdirən ən əvvəl bu divarlar arasında səsi, izi, xatirəsi hər zaman yaşayan və saçdıqları işıqla heç vaxt unudulmayacaq böyük şəxsiyyətlərdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov bu fikirləri mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (1882-1941) 140 illik yubileyi ilə əlaqədar İstanbulda keçirilən simpoziumda məruzəsi zamanı deyib.

“Cavidin gəlişi, gedişi və dönüşləri” mövzusundakı məruzəsində akademik deyib: “Cavid və onun kimi bir çox gənci zamanın umduğunu, onlar yaradıcılıq səhnəsinə vaxtın hökmü ilə gəldilər. Vaxt keçdikcə Cavidə ata-baba yurdu Naxçıvan dar gəlirdi, ona yeni üfüqlər lazım idi. Oxumaq, daha çox biliklər qazanmaq, yeni dövrün çağırışlarına cavab verməyə hazır olmaq istəkləri Hüseyn Rasizadəni İrana apardı, orada əvvəldən də bildiyi farscasını mükəmməlləşdirdi, zəngin bir ədəbiyyat dünyasına daxil oldu. Lap az sonra, 1906-cı ilin aprelində isə “Paqi” adlı fransız gəmisi onu İstanbula gətirirdi. Bunu xüsusi vurğulamağım səbəbsiz deyil. Çünki bir rəmz kimi idi. Bu gənc İstanbula yalnız bir türk yurduna gedən kimi gəlmirdi. Bu gəliş həm də onun üçün Qərbə, Avropaya açılan pəncərə, daha artıq çağdaşlaşmaq fürsəti idi. Bura gələnəcən ana dilindən savayı farscanı, ərəbcəni bilirdi. Gəlişindən az sonra, 1906-cı ilin oktyabrında Naxçıvana o çağın tanınmış ziyalısı Qurbanəli Şərifzadəyə məktubunda xəbər verirdi ki, İstanbul Universitetində gündə bir saat fransızca dərs almaqdan əlavə gündə üç saat da qonşusu Şeyx əfəndidən fransızca öyrənir, həmçinin osmanlıcasını təkmilləşdirir”.

Akademik bildirib ki, Hüseyn Cavid İstanbula gələrkən onun ürəkdən istədiyi bir başqa cəhət azad ifadə imkanı və meydanı idi. Bunu həm tapır, həm tapmır. Elə təzə gəldiyi çağlarda şikayətlənirdi ki, İstanbulda çox böyük qiraətxana və kitabxanalar var, amma layiqincə kitablar və qəzetlər yoxdur. Çünki bəzi mündəricat və mətbuat qadağandır. İstanbulda aldığı ədəbi tərbiyə və zövq dərsləri, Cavidi Anadoluda yetişdirən mühitin təsiri həmişəlik onunla qaldı. Yazısının üslubundan, deyiş tərzindən başlayaraq geyim-keciminədək hər məqamda bu cazibə hiss olunurdu. Ancaq illər keçəcək, Cavidi başqalarından seçdirən, cazibədar edən bu əlamətlərin hamısı onun əleyhinə dönəcək. Onu inadla bu məziyyətlərindən arınmağa dəvət edəcəklər. Tabe olmayanda, dirəniş göstərəndə isə ona “Turançı”, “ifrat türkçü” yarlığı yapışdırıb sovetin düşmənləri sırasına qatacaqlar.

Cavid “mən sizi qəbul edirəm, gələcəyinizə də inanıram” söyləyirdi, ancaq “məni də elə bu cür, olduğum kimi qəbul edin” deyirdi. Lakin yeni rejim onlar kimi olmayanı, eynən onların dediyini deməyəni onların qatarının sərnişini saymırdı. Cavid tutduğu xəttin, getdiyi yolun onun başına bəlalar gətirə biləcəyini də təsəvvür edirdi. İllər əvvəl yazdıqlarının sonradan həqiqətə çevrilməsi də təsdiqləyir ki, bütün bunları o, hansısa ilahi fəhmlə öncədən sezib, bilirdi.

Hüseyn Cavidin 1920-ci illərdə Azərbaycan dramaturgiyasına gəldiyini xatırladan Rafael Hüseynov deyib: “O, tam yeni dalğa gətirdi. Azərbaycan poetik teatrının banisinə çevrildi. Böyük bir aktyor, onların da vasitəsilə tamaşaçı nəsli həmin əsərlərdən tərbiyə aldı, zövq mənimsədi. Birinci Dünya müharibəsinin ən şiddətli dövründə Cavid “İblis” faciəsini yazdı və böyük şəri heç də həmişə mücərrəd uzaqlarda aramamağa səslədi, bütün xəyanətlərə bais olan insanın elə ən müdhiş iblis olduğunu anlatdı.

Sağlığında, sovet dövründə nəşr edilməsi, hətta heç kiminlə bölüşülməsi, paylaşılması belə mümkün olmayan, müşkül və təhlükəli olan bəzi şeirləşmiş düşüncələrini mən şairdən yadigar qalan cib dəftərlərində 1980-ci illərdə tapdım və bu parçalar üzə çıxınca hər kəs gördü ki, sovetlərin ən amansız çağlarında da şair susmurdu, barışa bilmədiyi həqiqəti, vətəndaşı olmaq məcburiyyətində qaldığı cəmiyyəti və quruluşu ifşa edən sətirləri də qələmə alırdı. Elə həmin səbəbdən də 1937-ci ildə tüğyana başlayan sovet siyasi repressiyalarının ilk qurbanlarından birinin məhz Hüseyn Cavid olması gözlənilməz deyildi”.

Yazıçının illərlə səhnəyə həsrət qalan pyeslərinin yenidən səhnələşdirildiyini, onun yenə məktəblərə, dərslərə qayıtdığını, əvvəlkindən də artıq öyrənilib sevilməyə başladığını vurğulayan akademik deyib: “Gün yetişdi, Vətəndən uzaqlarda, Sibir buzlaqlarına gömülmüş cəsədi də 59 illik ömür sürmüş şairin 100 yaşının tamamında Azərbaycana geri döndü. Əvvəlcə 1937-ci ilin 4 iyun gecəsində ayrıldığı Bakıdakı evinə qayıtdı. Sonrakı dönüşü isə uşaqlığının, ilk gəncliyinin keçdiyi doğma Naxçıvanına idi. Elə bugünkü gün də Cavidin növbəti dönüşüdür. 1906-cı ilin payızında gəldiyi İstanbul Universitetinə 2022-ci ilin payızında, ilk gəlişindən 116 il sonrakı və yəqin ki, hələ bundan sonra dəfələrlə təkrarı olacaq dönüşü”.

1937-ci il gəldikdə irtica, şübhənin cəmiyyətə hakim kəsildiyi mənhus dövrün başlanğıcı olduğunu qeyd edən deputat deyib ki, Cavid bunları da on illər qabaq görür və inanır ki, bu dalğa da keçib gedəcək. Özünə qarşı olan bütün rəzil, əzazil həmlələri də bir kino ekranından seyr edirdi ki, gedişinin xronikasını da qabaqcadan görüb yazırdı. Ancaq özünün bütün gəliş və gedişlərini irəlicədən görən Cavid labüd dönüşlərindən də öncədən agah idi.

Qələmi ilə təkrarsız talelər cızan, özünün də öncədən cızılan taleyini, bütün gəlişləri, gedişləri və dönüşlərini öncədən bilərək bunu könüllü qəbul etdi, bəlalara sinə gərərək onlardan qaçmadı, gözəlliklər doğurmaqdan usanmadı.