“Qızıl dövr” bitdi
“Çin bizim dəyərlərimizə sistematik problem yaradır”
Böyük Britaniyanın Baş naziri Rişi Sunak illik “Lord Mer`s Ziyafeti” naharında etdiyi çıxışda İngiltərə-Çin əlaqələrinin gələcəyi ilə bağlı açıqlamalar verib.
“Biz Çinə münasibətimizi dəyişməliyik. Açıq deyək ki, ticarətin avtomatik olaraq sosial və siyasi islahatlara gətirib çıxaracağına dair sadəlövh fikirlə “qızıl dövr” deyilən dövr başa çatdı”, – Sunak deyib.
Digər tərəfdən, Baş nazir sadə soyuq müharibə ritorikasına arxalana bilməyəcəklərini vurğuladı.
Noyabrın 27-də Çində COVİD-19 səbəbiylə komendant saatına qarşı keçirilən etirazları izləyən BBC müxbiri Edvard Lourensin saxlanmasına və sonradan sərbəst buraxılmasına toxunan Sunak deyib: “Biz başa düşürük ki, Çin bizim dəyərlərimizə və maraqlarımıza sistematik problem yaradır, biz daha böyük avtoritarizmə doğru irəlilədikcə bu problem getdikcə daha da şiddətlənir”.
Sunak onun rəhbərliyi altında ölkəsinin “status-kvo”nu seçməyəcəyini, beynəlxalq rəqibləri ilə “böyük ritorika ilə deyil, möhkəm praqmatizmlə” qarşılaşacağını vurğulayıb.