vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜTALİƏ  
20:41 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Varfolomey qətliamı

Ölkə boyu 30 minə yaxın protestant huqenot qətlə yetirildi

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Varfolomey gecəsi qətliamı Fransada XVI əsrdə gedən məzhəb müharibələrinin ən məşhur hadisəsidir.

1568-ci ildə başlayan Üçüncü məzhəb müharibəsi 1570-ci ildə Sen-Jermen sülhü ilə yekunlaşdı. Müqavilə huqenotların etiqad azadlığını, dövlət vəzifələri tutmaq hüququnu tanıyırdı. Fransanın hər quberniyasında iki şəhər huqenotların açıq ibadət keçirmələri üçün ayrılırdı. Sülhün təminatı olaraq La Roşel, Montoban, Konyak və  La Şarite şəhərləri huqenotların ixtiyarına verilirdi və s.

Əlbəttə, huqenotlara belə hüquq və azadlıqların tanınmasından məmnun olmayan xeyli katolik vardı. Amma kral IX Şarl və anası Katerina Mediçi bu siyasəti davam etdirmək və Sen-Jermen sülhünü  hətta nikahla möhkəmləndirmək niyyətində idilər: kralın bacısı Marqaritanı (Dümanın məşhur kraliça Marqosu) huqenotların lideri, Navarra kralı Anri de Burbona verdilər.

1572-ci il avqustun 18-də bağlanacaq nikah münasibətilə xeyli sayda huqenot Parisə toplaşdı. Bu isə nə paytaxt sakinlərinin, nə də hersoq Gizin rəhbərlik etdiyi barışmaz katoliklərin ürəyincə idi. Papanın qadağan etdiyi nikahı bağlayacaq din xadimi tapmaq asan olmadı. Katerina Burbon ailəsindən yeganə katolik, kürəkənin əmisi Şarl de Burbonu bu işə razı sala bildi.

Toydan 4 gün sonra, avqustun 22-də huqenotların lideri admiral Qaspar Kolinyiyə qəsd oldu. Naməlum şəxsin açdığı atəş nəticəsində admiral ağır yaralandı, amma sağ qaldı. İki məzhəbin nümayəndələri arasında yenidən gərginlik yarandı. IX Şarl admiralı ziyarət etdi və günahkar(lar)ın cəzalandırılacağını vəd etdi.

Avqustun 23-də kral, anası və ən yaxın saray əyanları vəziyyəti müzakirə etdilər və belə qərara gəldilər ki, toydan sonra Parisdə qalan huqenot liderlərindən 20-30-nun öldürülməsi qarşı tərəfi başsız qoyar və gərginlik azalar.

Qərar qəbulundan sonra şəhər hakimiyyəti nümayəndələri saraya çağırıldı. Şəhər darvazalarının bağlanılması, əhalinin silahlandırılması tapşırıldı. Avqustun 24-ə keçən gecə başlayan qırğınlar zamanı Kolinyi başda olmaqla protestantların liderləri öldürüldü. Amma qırğın liderlərlə məhdudlaşmadı. Kralın dayandırmaq cəhdlərinə baxmayaraq, üç gün davam edən qətllərdə qadın və uşaqlar da daxil olmaqla 3 minə qədər huqenot amansızca öldürüldü. Qırğın başqa şəhərlərə də sıçradı və bütün ölkə boyu 30 minə qədər huqenotun öldürüldüyü təxmin edilir.

Müqəddəs Valentin gününə keçən gecə baş verdiyinə görə tarixə Varfolomey gecəsi qırğını kimi düşən hadisələr vaxtı Luvr sarayında olan 18 yaşlı təzə bəy Anri de Burbon faktiki girovluğa düşdü və sağ qalmaq üçün katolikliyə keçdiyini açıqladı.

Varfolomey gecəsi ilə Fransada Dördüncü məzhəb müharibəsi (1572-1573) başladı. Liderlərinin, demək olar, hamısını itirmələrinə baxmayaraq, qalalara sığınan huqenotlar ciddi müqavimət göstərdilər və 1573-cü ildə imzalanan La Roşel sülhü ilə sarayı yenə onların hüquqlarını tanımağa məcbur etdilər.

Anri de Burbon 1576-cı il fevralın 5-də Parisdən qaça bildi və yenidən protestantlığa keçdiyini elan etdi.