

ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara rüsum tətbiq etməsi ilə başlayan “ticarət müharibəsi”nin əks-sədaları davam edir.
Tramp Çinin ABŞ-a daxil olan fentanillə mübarizə apara bilmədiyini iddia edərək, Çinə tarifləri 10 faizdən 20 faizə qaldırdı.
BBC-nin təhlili göstərir ki, ABŞ bu addımı ilə Çindəki kütləvi istehsal şəbəkəsini hədəf almağa çalışır.
Bildirilir ki, Çin 1970-ci illərin sonunda iqtisadiyyatını qlobal ticarətə açdıqdan sonra ucuz işçi qüvvəsi və infrastruktura dövlət investisiyaları sayəsində “dünyanın fabrikinə çevrilib”.
Təhlildə deyilir ki, Tramp tarifləri ABŞ iqtisadiyyatını gücləndirmək, iş yerlərini qorumaq və vergi gəlirlərini artırmaq üçün bir yol kimi görür. Bununla belə, onun ilk prezidentlik dövründə tətbiq etdiyi gömrük rüsumları nəticəsində ABŞ-da qiymətlərin artdığı da xatırlanır.
“Moody's”in iqtisadçısı Harri Mörfi Kruz, tariflər qüvvədə qalarsa, ABŞ-a ixrac dörddə bir qədər azala bilər.
Honq-Konqda yerləşən “Natixis” investisiya bankından Alisiya Qarciya-Herrero da, “Tariflər Çinə zərər verəcək. Bunun qarşısını almaq üçün həqiqətən də daha çox iş görməlidirlər. Onlar Si Cinpinin dediklərini etməli və daxili tələbatı artırmalıdırlar”, – şərhlərini paylaşıb.
Amma daşınmaz əmlak bazarının böhran içində olduğu və gənclər arasında işsizliyin artdığı bir iqtisadiyyatda bu çətin məqsəddir. Çin xalqı da iqtisadiyyatı stimullaşdırmaq üçün kifayət qədər pul xərcləmir.
Britaniyanın “Standard Chartered” bankından Şuanq Dinq qeyd edir ki, Çində istehsal olunan bəzi yüksək səviyyəli texnologiya məhsulları tez bir zamanda dəyişdirilə bilməz: “Çini əvəz edəcək birini tapmaq həqiqətən çətindir, onların bazar lideri statusunu devirmək çox çətindir”.
“The Wall Street Journal” (“WSJ”) də öz təhlilində yazır ki, Çin ABŞ-ın vergi qərarından narahatdır.
Adının açıqlanmaması şərti ilə WSJ-yə danışan yüksək çinli məmurlarla əlaqə saxlayan mənbələr deyirlər ki, Pekin Moskvanın Soyuq Müharibə dövründə yaşadığı “təcrid”i yaşamaq istəmir.
Təhlil şərh edir ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında rəqabət Çinin qaçdığı nəticəyə gətirib çıxara bilər: “Soyuq müharibədən bəri görünməyən fövqəldövlət qarşıdurması, iqtisadi, texnoloji və ümumi geosiyasi üstünlük uğrunda hər şeyi əhatə edən rəqabət yarana bilər”.
Çin Trampın vergi addımına sərt reaksiya vermişdi. Çinin Vaşinqtondakı səfirliyinin bəyanatında, “Biz ABŞ-la sona qədər mübarizə aparmağa hazırıq”, – deyilir.
Bunun ardınca ABŞ-ın müdafiə naziri Pit Heqset də “Çinlə hər cür müharibəyə hazırıq” deyib.