

Uşaqların yuxu keyfiyyətləri və idrakı artır
Bloqqerlər Rusiya dövlət başçısının Tuvadakı balıq ovunun saxta olduğunu iddia edirlər
Balıq filesini, pendiri, yaşıl soğanı
Ağzının dadın bilməz bu daddan doyan
Snakehead ABŞ-ın ən önəmli simvollarından sayılan göldə də peyda olub
Bakıda əsl Qazax xəngəli harda tapmaq olar?.. Kimə sordumsa, hərə bir söz dedi. Dostum Abid Məmmədov bir yer tövsiyə etdi. Şəhərin basırıq, bezdirici tıxacı olan bölgəsi idi.
Vaxtı düz hesablaya bilmədik, qonaqlar gəlmədən Abidlə xəngəlin qurutunu, həlimini və başqa olmazsa, olmaz atributlarını kontrol etmək üçün getdik “hadisə yerinə”.
Abid, hörməti artıq olsun, bütün təlimatları öncədən vermişdi.
Ancaq yenə də restoranın mətbəxinə apardı məni.
Mətbəxdəki geniş dəmir masanın üzərinə xəngəlin inqridientləri düzülmüşdü.
Yan tərəfdə müxtəlif hazırlıqlarla yanaşı karton yeşiyin içində “şamayka” – Qazaxda Kür və Xram çaylarının qovuşduğu yerdə tutulan delikates sayılan balıq var idi.
“Bundan yenə varmı?”, – Abid soruşdu və cavabı dinləmədən amiranə şəkildə “Aparın masaya düzün” dedi.
Abid gözü ilə son dəfə hər şeyi kontrol edib başqa bir məclisə getdi.
Gedərkən də dedi ki, bu məclisdən sonra gecə neçə olursa-olsun, səni Hamlet, Orxan və digər dostlarla filan yerdə gözləyəcəyik…
Rafael Hüseynov və Rasim Müzəffərli bir maşında gəlirdilər.
Zəng etdim.
Dedilər azı bir saat “trafikdəyik”.
Rafik Kazımova “Alo” dedim, cavab eyni oldu…
Kabinetdə oturub gözləməyə başladım.
Acmışdım, ancaq dedim dözüm.
Bir də zəng elədim, baxdım ki, hələ gəlmirlər.
3 boşqab şamaykanın birini gözümə təpdim.
Yeyərkən də düşündüm ki, bu ləzzətdə, bu gözəlliklə balığın adına bax: “Şamayka”!
“Söz üçün əlini cibinə atmayan” qazaxlıların kreativliyi bu qədərdir?
Bizimkilər bu məşhur balığa niyə düz-əməlli bir ad tapa bilməyiblər.
Qazaxlı damarım tutmuşdu…
Saat yarım sonra gəlib çıxdılar.
Xoş-beş deyəndə baxdım ki, dostlarım əməllicə qurmandırlar – xəngəli unudub şamaykaya keçmiş, trafikin əzabını şamaykanın dillərdə dastan ləzzəti ilə çıxarmağa qoyulmuşdular.
Mən də qədəhləri doldurub gileylənməyə başladım ki, belə də admı olar?
Əziz Ağabəyim Rafael müəllim gözünü əlindəki balıqdan ayırıb bir anlığına dayandı və “Bundan gözəl ad ola bilməz” dedi.
Etiraz edəcəkdim ki, görkəmli söz Ustası, akademik Rafael Hüseyn o gecəyə damğa vuracaq sözləri dilə gətirdi:
“Fars dilində balığa “mahu” (mahi) deyirlər, “şah” da bildiyimiz şah. Olur “Şah-i mahu”… yəni “Balıqların Şahı”…Şamayka da dilimizə “Şah-i mahu”nun deformasiya olunmuş şəklində girib”...
Ağzım açıq Rafael müəllimin o bənzərsiz səs tonu ilə verdiyi qısa izaha qulaq asırdım.
Dediklərini qeyd etmək istədim.
Ancaq baxdım ki, iki ofisiant əllərində sinilər başımızın üstünü kəsib.
Baxışları ilə “Siz bura xəngəl yeməyə gəlibsiz, yoxsa balıq?” deyirdilər sanki…
Xəngəli müşayiət edən içkilər, adətən, ağır artilleriya cinsindən olduğu üçün belə məclislərdə söhbətlər daha doyumsuz və daha şirin olur. Odur ki, vaxtın necə gəlib keçdiyini hiss edə bilmədik. Axşamın irəlləyən saatlarında Rafael müəllim “İbrahim başqa məclisə də getməlidir” deyib məclisi yekunlaşdırdı…
Şəhərin bir başından digərinə çatanda gecə yarıdan keçmişdi.
Dostlarımın mənim gəlişimə açdıqları masanın arxasına keçən kimi “Şah-i Mahi”dən danışmaq istəyirdim ki, sinif yoldaşım, yüz ildir qardaşlıq etdiyim Hamlet Ağayev əsəbi halda “Nə şah ala, bizi dolayıbsan, gecə ikinin yarısıdır e” deyib nəsə qeyri-adi bir şüşənin ağzını açdı.
Qazax istehsalı – Kəmərli və Xanlıqlar mənşəli başıxamırlıdan sonra Hamletin açdığı uşaq oyuncağı idi doğrusu.
Ağzımın dadını dəyişmək istəmədim.
Dostlarım əllərindəki qədəhlər, dillərindəki sözlərlə məni sevgi selinə bürüyəndə fikrim başqa yerdə idi…
Bu qeydlərimi də yazıya Hamlet üçün tökdüm.
Hamletin “baxti var, amma vaxtı yoxdur”.
Vaxt tapıb oxusa şamaykanın adının hardan gəldiyini öyrənər deyə ümid edirəm…