vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ƏDƏBİYYAT  
15:50 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xəyallarımız reallığa çevrildi»

Nərgiz Paşayeva Oksford alimləri ilə Nizami irsinə yeni yol açır

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi ilə Britaniyanın nüfuzlu Oksford Universitetinin nümayəndə heyəti ilə görüş olub. Virtualaz.org saytının tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, bu görüş Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması layihəsi ilə bağlı təşkil edilmişdi.

Bakıya səfər edən Oksford universiteti nümayəndə heyətinin tərkibinə universitetin iranşünaslıq Mərkəzinin rəhbəri, professor Edmund Martin-Hertsiq, Oksford universitetinin Şərqşünaslıq İnstitutunun professoru və Nyu York universitetinin antik araşdırmalar Mərkəzinin elmi əməkdaşı Robert Cerard Oyland, Oksford universitetinin Şərqşünaslıq İnstitutunun ərəb  filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culian Foltles daxil idilər. Görüşdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, o cümlədən AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, elm xadimləri, MDU-nun Bakı filialının müəllim və tələbələri də iştirak edirdi.

Görüşü açan Nərgiz Paşayeva britaniyalı alimlərin islam irsinin öyrənilməsindəki rolu haqda danışaraq bildirdi ki, onların müəllifi olduğu çoxlu elmi məqalələr və kitablar Oksford universitetində, habelə digər ali məktəblərdə dərslik kimi istifadə olunur. N.Paşayeva məlumat verdi ki, ötən ilin oktyabrında onun Oksford universitetinə səfəri zamanı britaniyalı alimlərin nüfuzu və dəstəyi sayəsində çox mühüm sənəd - universitetin nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin açılmasına dair memorandum imzalanıb. «Hesab edirəm ki, bu doğrudan da tarixi hadisə idi» deyə N.Paşayeva bildirdi.

Professorun sözlərinə görə bu layihə elm dünyasında və təhsil sferasında nüfuz qazanacaq. N.Paşayeva bu elmi  mərkəzə onun təşəbbüsü ilə Nizami Gəncəvinin adının verilməsini ikinci mühüm məqam adlandırdı. «Düzünü desəm bu təklif bir çox ziddiyyətlər yarada bilərdi. Lakin hörmətli professorların və həmkarların dəstəyi ilə bu Elmi Mərkəz Nizami Gəncəvinin adı verildi. Bununla da biz yolun əsas və çox çətin hissəsini keçdik. Bizim xəyallarımız, arzularımız reallığa çevrildi. Biz bununla fəxr edirik, bu bizi ruhlandırır, bizə güc verir. Layihənin əhəmiyyəti və davamlı olacağı heç kimdə şübhə doğurmur» deyə N.Paşayeva çıxışında bildirdi.

MDU-nun Bakı filialının rektoru qeyd etdi ki, Nizami böyük dünyadır, insanlığı birləşdirməyə qadir olan böyük şəxsiyyətdir. «Nizami peyğəmbərlər kimi əbədidir. Onun adının bu elmi mərkəzə verilməsi XXI əsrdə bölücü millətçi tendensiyalar üçün, birləşdirici amil kimi istifadə edilməlidir. Biz nümayiş etdiririk ki, Nizami Gəncədə doğulub, onun kökü azərbaycanlıdır, biz onun şerlərində türkçülük izlərini göstəririk. Eyni zamanda biz onu da yaxşı başa düşürük və qəbul edirik ki, Nizami böyük islam mədəniyyətinə aid şəxsiyyətdir. Onu təkcə islam deyil, həm də dünya mədəniyyəti ortaya çıxarıb» deyə N.Paşayeva əlavə etdi.

N.Paşayevanın sözlərinə görə hələ XII əsrdə Nizami humanizmə, müasir dünyanın ən başlıca çağırışlarından birinə çevrilmiş tolerantlığa səsləyirdi. Nizami məhz bununla da xatırlanmalıdır, onun adı millətçi spekulyasiyalarda istifadə edilməməlidir, nizamişünaslıq isə kampaniyaya çevrilməməlidir: «Bu yüksək missiya ilə alimlər məşğul olmalıdır. Bu missiya diletantların, qeyri-peşəkarların və həvəskarların çiyinlərinə yüklənməməlidir, onunla elmi mərkəzlər məşğul olmalıdır. Duanı farsa çevirmək lazım deyil-bu Nizami irsinin öyrənilməsinə, azərbaycan ədəbiyyatına və elminə zərbə vura bilər. Ona görə də israrla xahiş edirəm ki, burada iştirak edən alimlərin hər biri, hər bir vətəndaş bu cür hallara barışmasın və Nizaminin əsərlərinin həvəskar tərcümlərinin qarşısını alsın, Nizami haqda akademik əməyin məhsulu olmayan kitabların nəşrinə imkan verilməsin».

N.Paşayeva dedi ki, Nizami adına Elmi Mərkəz Oksford universitetinin strukturu kimi fəaliyyət göstərəcək. Bu layihə çərçivəsində filologiya, şərqşünaslıq, türkologiya, tarixşünaslıq, arxeologiya, etnoqrafiya, musiqi və incəsənət sahəsində araşdırmalar aparılacaq. Həmçinin mərkəz tərəfindən magistr, aspirant və doktorant proqramları təsis ediləcək. N.Paşayeva mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri kimi Azərbaycan alimlərinin, nizamişünasların elmi əsərlərinin Avropa dillərinə tərcümə olunaraq dünya elminə təqdim olunacağını bildirdi. O, xatırlatdı ki, Azərbaycan elmini təmsil edən alimlər tərəfindən ciddi araşdırmalar aparılsa da bu araşdırmalar dünya dillərinə tərcümə edilmədiyindən nüfuzlu elmi mərkəzlər onlardan xəbərsizdir. «Bizim fars ədəbiyyatı və tarixi ilə məşğul olan, Nizami dövrünü araşdıran gözəl alimlərimiz olub, lakin onlardan heç birinin əsərləri lazımi səviyyədə öyrənilməyib və Avropa dillərinə akademik tərcümə edilməyib» deyə N.Paşayeva vurğuladı

Görüşdə çıxış edən Oksford universitetinin professoru Edmund Martin-Hertsiq bildirdi ki, universitet  Nizaminin adını daşıyan Elmi Mərkəzlə birlikdə Azərbaycanda aparılmış elmi araşdırmaları tanıtmaq üçün layihələr həyata keçirəcək, tərcümələrlə məşğul olacaq. Oksford professoru Bakıdakı bu görüşün əməkdaşlığın inkişafı üçün böyük imkanlar açdığını bildirdi. O, Oksford universitetində şərqşünaslıq fakültəsinin yaranması və inkişafı tarixi haqda məlumat verdi, müasir dünyada bütün ölkələr və cəmiyyətlər tərəfindən elmi əməkdaşlığın və birgə araşdırmaların mühüm əhəmiyyət daşıdığını bildirdi.

Professor Robert Cerard Oyland isə çıxışında dedi ki, hazırda Nizaminin adını daşıyan Elmi Mərkəzin fəaliyyəti dörd istiqamət üzr təşəbbüslərə əsaslanır.Bura tələbə təqaüdlərinin ayrılması, ingilis dilinə tərcümələr, birgə seminarların keçirilməsi və Azərbaycan tarixinin, mədəniyyətinin və dillərinin müxtəlif aspektlərinə dair müzakirələrin aparılması, Bərdə şəhərində arxeoloji araşdırmaların aparılması daxildir. Alimin sözlərinə görə bu şəhərin sakinləri ərəb, alban, türk, kürd və azərbaycan dillərində danışıblar. «Biz ümid edirik ki, birgə səylərlə Azərbaycan tarixinin, mədəniyyətinin və tarix boyu burada danışılan dillərin öyrənilməsi sahəsində vəziyyəti dəyişə biləcəyik» deyə professor Oyland bildirdi.

Görüş Azərbaycanın xalq və klassik musiqi nümunələrindən seçmələrin, o cümlədən «Leyli və Məcnun» operasından bir hissənin ifa olunduğu maraqlı musiqi proqramı ilə başa çatdı.