vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TÜRK DÜNYASI  
12:47 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızılbaş-Osmanlı düşmənliyinin iziylə...

Çaldıran savaşının 500 illiyinə sözardıBaşlanğıcda onlar təkcə qan qardaşı yox, həm də əqidə qardaşıydılar

Əkbər N.NƏCƏF, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun tarixi prosesdə türk xalqlarında üç çeşid islam formalaşdı: şifahi mənbələrə əsaslanan xalq islamı, yazılı mənbələrdən gələn rəsmi islam və mistikaya söykənən təsəvvüf islamı. Rəsmi islam mədrəsələrlə, dövlət xəttiylə yayılır və qorunub saxlanırdısa, təsəvvüf islamı məhdud mistik dairələrdə, təriqətlərdə qəbul olunurdu. Geniş xalq kütləsi isə islamı şifahi qaynaqlardan mənimsəyirdi. Qızılbaşlıq xalq islamının Babailik üsyanı ilə siyasi-ideoloji platforma qazanaraq siyasi səhnəyə çıxmış formasıdır.

Böyük türk köçü

Orta Asiya, Xorasan, İraqi-Əcəm və Azərbaycanda yaşayan, böyük əksəriyyətini köçərilərin təşkil etdiyi türk tayfaları monqol istilaçılarından xilas üçün Anadoluya sığınmalı oldular. Köçənlərin sayı bir milyondan çox, özləri isə yoxsul, pərişan və ac-yalavac idilər. Hətta birinci monqol istilasından sonra (1215-1223) Xorasandan Azərbaycana, buradan da Ərzincana yollanan osmanlıların ulu babası Ərtoğrul Qazinin başçılığı altında olan qayıların yırtıq-cırıq libas geyindikləri, qarınlarının ac olduğu söylənir...

Həmin vaxt Anadoluda Sultan II Qiyasəddin Keyxosrovun (1237-1246) başçılıq etdiyi Türkiyə Səlcuqlu dövləti (1075-1318) hakim idi. Anadolu səlcuqları üçün qonaqların hamısını yerləşdirmək imkan xaricindəydi. Gələnlərin bir hissəsi Bizansla sərhəd bölgələrdə məskunlaşdırıldı. Mənbələrin uç türkmənləri adlandırdığı türk tayfaları (onların arasında Ərtoğrul Qazinin başçılıq elədiyi osmanlılar da vardı) Qərbi Anadolunun türkləşməsində və Bizansın süqutunda böyük rol oynadılar.

Qalanlarsa Mərkəzi, Cənubi və Şimali Anadolu coğrafiyasına yayıldılar.

 

Şəhərli-köçəri qarşılaşması

Monqolların əlindən qaçıb gələn yarımköçəri türklər islamdan çox Göy Tanrı inancına bağlıydılar. Türkiyə Səlcuqlu dövlətindən yetərincə qayğı görmədiklərindən onlar böyük çətinliklərlə üzləşdilər. Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalan və Türkiyə Səlcuqlu dövlətindən maddi yardım ala bilməyən türkmənlər ağır şəraitdə yaşamağa məcbur idilər.

Tarixdə ilk qızılbaş üsyanı hesab edilən babailər hərəkatı məhz belə siyasi-sosial mühitdə meydana gəldi.

Babai üsyanının kökündə iki başlıca səbəb dayanırdı: iqtisadi və sosial-psixoloji səbəblər. İqtisadi amil dövlətin torpaq idarəçiliyi rejiminə bağlıydı. Türkiyə Səlcuqlularının torpaq siyasəti «miri» və «hərbi» torpaq sisteminə əsaslanırdı. Bu isə mükəmməl feodal sistem olmayıb, hərbi demokratiya prinsiplərinə söykənirdi. Sözügedən sistemdə başlıca amil əhalinin sayı idi. Əraziyə daha əvvəl köçüb məskunlaşmış türk tayfaları öz torpaqlarını yeni gələnlərlə paylaşmaq istəmirdi. Onların iqta yoluyla ələ keçirdiyi bu torpaqlar ancaq öz sürülərini saxlamağa yetirdi.

Sosial-psixoloji amillərin başında şəhərli (yerli) türklərlə köçərilər arasında münaqişələr dayanırdı. Yerli türklər köçəri soydaşlarına «ətraki-biidrak» (ağılsız türk), «ətraki-mütəqallibə» (zorba türk), «ətraki-napak» (natəmiz türk) deyərək təhqiramiz münasibət göstərirdilər. Köçəri türklər də yerli şəhərliləri «tat» (oturaq) və «yatuq» (tənbəl) adlandırmaqla özlərindən aşağı sayırdılar.

Köçəri türklər əsasən Göy Tanrı (şaman) və uzaqdan-uzağa islam anlayışına sahibdilər. Tanrıçılıq inancını güclü şəkildə qoruyan türklərin islamla əlaqəsi xeyli zəif idi. İslamın mürəkkəb şəriət qaydalarına bir o qədər maraq göstərməyən türklər güclü mistik cazibəsi olan, bir çoxu oxuyub-yazmağı bilməyən «baba»ların (şeyx və dərvişlərin) təsiri altındaydılar. Onların düşüncəsində qədim türklərin Göy Tanrı, Yer və Su inancını Allah-Məhəmməd-Əli təsəvvürü əvəzləyirdi...

Qayıdaq üsyana. Bu üsyanın yetişməsinin siyasi səbəbləri sırasında Türkiyə Səlcuqlu sultanlarına və əmirlərinə köçəri türklərin inamsızlığı mühüm yer tuturdu. Səlcuqlu əmirləri gələnləri işlədir, onlardan külli miqdarda rüşvət alır, onları hərbi mükəlləfiyyətə cəlb edirdilər. Bütün bunlar ac türkmənlərin şəhər və qəsəbələrə hücum çəkib onları talamasıyla nəticələndi. Mənbələr Anadoludakı talanlara 70 min türkmənin qoşulduğunu deyir.

Babailərin başçısı Baba Rəsulun Xarəzmşahlarla əlaqəsi olduğu da iddialar sırasındadır. Monqolların birinci istilasından sonra Xarəzmşah Cəlaləddin Manqburnu Azərbaycanı ələ keçirib burada Xarəzmşahlar dövlətini bərpa etməyə çalışırdı. Babailər üsyanında Misir Əyyubilərinin də əli vardı. Əyyubilər itirdikləri Cənub-qərbi Anadolu torpaqlarını geri qaytarmaq üçün həmin köçəri türkləri Türkiyə Səlcuqluları əleyhinə üsyana təşviq edirdilər. Hətta 1230-cu ildə Muğanda hərbi düşərgə salan monqol ordularının başçısı Çormağon Noyonun da babailəri gizlicə Səlcuqlara qarşı qaldırdığı bildirilir.

Üsyan rəhbərləri şeyx və dərvişlərdi. Onlar islamın mistik qatından və xalq inanclarından qidalanmışdılar. Xalq arasında «baba» və «dədə» adlanırdılar. Üsyanın liderlərinə də «baba» deyirdilər. Onlar əsasən Mavəraünnəhr, Xarəzm, Xorasan və Azərbaycandakı sufi dərgahlarında yetişmişdilər. Daha çox qələndəri, vəfai, heydəri, məlami, hətta işraqi və kübrəvi cərəyanlarının təsir dairəsində idilər. İnanclarını eyni dini hisslərə sahib xalq kütlələri arasında asanlıqla yaya bilirdilər.

 

Üsyanın ideologiyası

Üsyanın üç ideoloji təməli vardı:

Mehdilik (və ya məsihlik/ilahi xilaskar) adı verilən ilk ideoloji motiv üsyan başçılarının özlərini «müqəddəs», «Allah elçisi» (Baba Rəsul), «məzlumların xilaskarı», hətta «Allah» kimi xalqa qəbul etdirməyə imkan verirdi.

Sinkretik təməl olaraq göstərilən ikinci amil üsyana qoşulmuş müxtəlif din, inanc və əqidəyə sahib insanların eyni məqsəd ətrafında birləşməsiydi.

Üçüncü amil mistisizm idi. Yəni üsyan mistik düşüncə üzərində qərarlaşmışdı. Bu üç əsas sonradan qızılbaşlığın mayasına çevrildi:

  1. Hülul (incarnation): Allahın insan surətində təcəllisi;
  2. Tənasüx (metempsycose): Ruhun bədəndən-bədənə keçməsi;
  3. Don dəyişdirmə (metamorphose): Ruhun forma dəyişdirməsi.

Hər üç mistik tezis üsyan iştirakçılarının dini duyğularını alovlandırırdı. Qısası, babailik «ilahi xilaskar» təsəvvürü ətrafında formalaşmış ilk qızılbaş hərəkatıydı.

 

Xorasan ərənlərinin simvolları

Üsyanın ideoloji rəhbəri Baba İlyas, siyasi və hərbi rəhbəri isə Baba İshaq idi. Hər ikisi Xorasan ərənlərindəndi.

Baba İlyasın əsl adı Əbül-Bəqa Şeyx Baba İlyas ibn Əli əl-Xorasani idi, özü də Xarəzm türklərindəndi. O, monqol istilası səbəbilə Xorasana, oradan Azərbaycana, sonda da Anadoluya qaçmış, Amasyanın Çat kəndində məskunlaşmışdı. Onun ələvi-qızılbaş təriqətlərində böyük şeyxlərdən sayılan Dədə Qarqının müridi olduğu deyilir.

Baba İlyasın Türkiyə Səlcuqlu sultanı I Əlaəddinlə yaxşı münasibətdə olduğu, sultanın ona hörmət bəslədiyi də sirr deyil. Şeyxin tanrıçılıq inancına sahib olduğu haqda faktlar var. Misalçün, mənbələrdə onun «qamlar kimi sehr göstərdiyi və gələcəkdən xəbər verdiyi» bildirilir.

Baba İlyasın «yaşıl ələm», «qır at», «boz burak», «ağ çalma», «yaşıl don» kimi simvolları ön plana çıxarması onun qədim türk inancları ilə yanaşı bəzi sufi-islami düşüncələrdən qidalandığına da sübutdur. «Yaşıl ələm» (yaşıl bayraq) Səfəvi şahı I İsmayılın dövlət bayrağı, Bəktaşilərin isə təriqət rəmzi idi. «Boz burak» (dəvə) və «qır at» isə şaman motivlərdir.

Baba İlyasın diqqət çəkən başqa bir xüsusiyyəti Əbu Müslüm və xürrəmilik hərəkatının başçısı Babəklə oxşar missiyaya sahib olmasıdır. Bütün bunlar babailik hərəkatının dərin dini-siyasi qatlarının olduğunu deməyə əsas verir.

Üsyanın hərbi-siyasi lideri Baba İshaq olduqca maraqlı şəxsiyyətdir. O, ilk dəfə Sümeysata yaxın Kəfərsudda ortaya çıxdı və Şeyx Cüneyd kimi türkmənləri öz ideologiyası ətrafında toplamağı bacardı. Onun kimliyi haqqında müxtəlif fikirlər var. Hətta yunan əsilli xristian olduğu da iddia edilir. Mənbələrdə yer alan məlumatlardan onun da şeyxi kimi qam-sufi görkəmli türk dərvişi olduğu bilinir. Tarixçi-alim Faruk Sümər babailər hərəkatının rəhbər və hərbi kadrlarının «ağaçəri türkləri»ndən təşkil olunduğunu söyləyir.

Əlvan Çələbinin mənakıbnaməsində Baba İlyas haqqında «Baba İlyas Bozlu» və «Baba İlyas Bozatlu» ifadələrinin işlədilməsi onun mənşəyinin Urfa-Mardin yaxınlığında məskunlaşan oğuzların Əymür tayfasına bağlı Boz-ova türklərinə gedib çıxdığını deməyə əsas verir.

 

Mövlana Ruminin əsl şeyxi

Ələvi-bəktaşi və qızılbaş təriqətlərinin islam bazası məlamilər və qələndərilərlə formalaşıb. «Qələndərilər» (qədim türk dilində «iri, yöndəmsiz insan» mənası verən kalantor sözündən yaranıb) məlamilər arasında ortaya çıxan, 3-5 nəfərlik dərviş qruplarıyla yarıçılpaq dolaşan, gündəlik qida ehtiyacını dilənməklə ödəyən, bədəninin hər yerini tükdən təmizləyən, kəramətlər göstərən cəzbəli mistiklər idi. Davranışları, həyat tərzləriylə buddist və manixeyistlərə oxşayırdılar.

Qələndərilik X əsrdə intişar tapsa da, onu Cənubi Azərbaycanın Savə bölgəsində dünyaya gəlmiş Cəmaləddin Yusif Savi (1232/33-cü ildə vəfat edib) təriqət formasına salmışdı.

Şeyx Osman Ruminin müridi olmuş Cəmaləddin Savi onu tərk edib Şamdakı Bilal Həbəşi qəbiristanlığında yaşamağa başlayır, insanlardan uzaq durmağa çalışır. Əyninə «cavlak» deyilən yundan əba geyən, heç bir şəriət qanununa əməl etməyən belələri «ibaha» hesab olunurdular.

Fərqanədən Tunisə qədər bütün islam coğrafiyasına yayılan qələndərilər hər yerdə, hər dövrdə insanlardan hörmət-ehtiram görmüş, müqəddəs sayılmışdılar. Onlar xəstələri sağaldır, dualarla insanların dərdinə çarə tapır və güclü cəzbəylə diqqət çəkirdilər. Səfəvi, Osmanlı, Teymur ölkələrində onların dərgahları (qələndərxanalar) fəaliyyət göstərirdi.

İslamın türklər arasında yayılmasında qələndərlər böyük rol oynamışdılar. Təsəvvüf mənbələri onları «abdal» kimi yad edir. Osmanlı fəthləri zamanı ordu önündə abdallar dayanır, beləcə «dəlilər dəstəsi» meydana gəlirdi. Osmanlı mənbələrində onların igidlik və möcüzələri haqqında saysız məlumat yer alır.

Xorasan məlami məktəbindən çıxan bir başqa cərəyan isə yəsəvilik idi. Əhməd Yəsəvinin (1167-ci ildə vəfat edib) yaratdığı bu təriqət türklərin müsəlmanlaşma prosesində keçid funksiyası daşımışdı. Əhməd Yəsəvinin şeyxi isə həmədanlı məlami dərvişi Xacə Yusif Həmədani (1140-cı ildə vəfat edib) olmuşdu.

Yəsəviliklə qələndəriliyin sintezindən yaranan heydərilik təriqətinin banisi isə 1221-ci ildə vəfat etmiş Qütbəddin Heydər  idi. Türklər arasında geniş yayılmış təriqətlərdən olub, monqol istilasına qədər Orta Asiya, Xorasan və Azərbaycanda böyük nüfuza sahib idi.

XIII əsrdən Anadoluda yayılmağa başlayan heydərilər qələndərilərlə eyni inancı və həyat tərzini bölüşürdülər. Səfəvilik təriqəti heydəriliyin bir növ sonrakı forması idi. Türkiyə Səlcuqlu dövlətinin paytaxtı Konyada Hacı Mübarək adlı heydəri dərvişinin dərgahı vardı. Mövlana Cəlaləddin Rumiyə dərin təsir göstərən bu heydəri şeyxinin yaxın dostlarından biri də Şeyx Məhəmməd Heydəri olmuşdu. Bağbanlıqla məşğul olan həmin şeyx kəramətləriylə məşhur idi.

Babailərin birbaşa bağlı olduqları təriqət isə vəfailikdir. «Ariflərin tacı» (Tacül-arifin) adlanan Əbul Vəfanın (1020-1100) yaratdığı vəfailik özündən sonrakı bütün təriqətlərə təsir göstərmişdi. Osmanlı tarixi haqqında ilk əsərin müəllifi Aşıqpaşazadə özünün Baba İlyasın nəvəsi, İlyasın isə türkmən şeyxlərindən Əbul Vəfanın xəlifələrindən biri olduğunu yazır.

Vəfailik Azərbaycan, İraq, Suriya və Anadolu türkləri arasında geniş yayılmışdı. Anadoluda Səfəvi şeyxlərinin apardıqları dini təbliğatı əsasən vəfailər dəstəkləyirdilər. Şah İsmayılın Anadolu xəlifələrinin çoxu vəfai idi. Bu gün də Şərqi Anadoludakı ələvi dədələrinin əlindəki şəcərələrin çoxu vəfai şeyxlərinə gedib çıxır.

Adı çəkilən qələndəri, heydəri, yəsəvi, vəfai təriqətlərinin ana bazasını isə məlami və ya məlamətilik təşkil edirdi. Xorasanda yaranıb, xüsusilə türklər arasında geniş yayılan və türk islamının formalaşmasında aparıcı rol oynayan məlamilik özündən sonra bütün təriqətlərin anası hesab olunur. Səfəvilər ailəsi də Firuzşah qolundan məlamilərə gedib çıxır...

 

Üsyançı çoban

Mənakıbnamələrə görə, Baba İshaq Kəfərsudda qeyb olub, bir müddət sonra Amasyada zühur elədi. O, Amasya kəndlərinin birində çobanlıq edə-edə türklər arasında özünün dini-sufi təbliğatını aparırdı. Qısa müddət ərzində ətrafına çoxlu türkmən topladı. Bundan sonra Baba İshaq Türkiyə Səlcuqlu sultanının «Allahın yolundan çıxdığı» iddiasıyla ətrafındakıları üsyana qaldırdı. Onun əmrinə tabe olan türkmənlər mallarını satıb silah və at almağa başladılar. Üsyançı ordu qısa zamanda Sümeysat, Kaxta, Xısnı-Məsuru (indiki Adıyaman) ələ keçirdi.

Türkiyə Səlcuqlu sultanı Qiyasəddinin əmri ilə Malatya hakimi Müzəffərəddin Əlişir öz ordusu ilə üsyançıların qarşısına çıxdı, di gəl məğlubiyyətə uğrayıb qaçmağa məcbur oldu. Təzədən ordu toplayıb babailərin üzərinə yeridi, yenə məğlub oldu... Qələbələrdən mənəvi güc yığan babailər Sivasa doğru hərəkətə keçdilər.

Sivaslıların müqaviməti ilə üzləşincə babailər Amasyaya doğru çəkildilər. Özünü «peyğəmbər» elan edib Baba Rəsul adı almış İshaqın ətrafına xeyli qüvvə toplanmışdı.


Rəhbər öldü, üsyan böyüdü

Üsyanın sürətlə yayıldığını görən sultan II Qiyasəddin təcili Mübarizəddin Ərmağanşahın başçılığı ilə qoşun yığıb onların üzərinə göndərdi. Üsyançılardan əvvəl Amasyaya çatan Ərmağanşah Baba İshaqı ələ keçirib edam etdi. Bu isə üsyanın genişlənməsinə səbəb oldu.

Baba İshaqın ölmədiyini, qeybə çəkilib göydən, Allahdan kömək gətirəcəyini deyən üsyançılar «Baba Rəsul! Baba Rəsul Allah!» kimi şüarlarla Ərmağanşahın ordusuna hücum çəkib onu öldürdülər, sultanın ordusunu darmadağın etdilər.

Türkiyə Səlcuqlu dövlətinin paytaxtı Konyaya hücuma keçən babailər Qırşəhərin Malya ovasında frank, qıpçaq, gürcü muzdlu əsgərlərindən ibarət 60 minlik Səlcuqlu ordusu ilə qarşılaşdılar. Döyüşdə Səlcuqlu ordusu babailəri qılıncdan keçirdi (1240-cı il).

Beləcə, üsyan yatırıldı. Amma bu hərəkat türklər arasında siyasi-sosial və dini cərəyanların bazasına çevrildi – Anadoluda ələvi-bəktaşi, Azərbaycanda hürufilik və qızılbaşlıq inanclarının formalaşmasına böyük təsir göstərdi.

 

Yuxuda müjdə verilən dövlət

Sonradan Osmanlı dövlətinin banisi olacaq Osman Bəy babai şeyxi Baba İlyasın xəlifəsi Şeyx Ədəbalının qızı Mal Xatunla evlənəcəkdi. Məlum olduğu kimi, Osmanlı dövlətinin təşəkkülündə Şeyx Ədəbalı böyük rol oynamışdı. Osmanlı sülaləsinin Şeyx Ədəbalı vasitəsilə qızılbaşlığa bağlanması isə olduqca maraqlı faktdır...

Bütün Osmanlı mənbələri Ədəbalıdan böyük hörmət-ehtiramla bəhs edir. Mənbələrdə Şeyx Ədəbalının 120 il yaşadığı, 1326-cı ildə vəfat etdiyi xəbər verilir. Bu hesabla onun 1206-cı ildə dünyaya gəldiyi və babailik üsyanı zamanı 34 yaşında olduğu aydınlaşır.

Ədəbalı babai üsyanından sonra Konyaya gəlib, 1277-ci ildə burada dərgah qurdu. Bir müddət sonra Osmanlı dövlətinin ilk mərkəzi Soyüdə yollandı, Biləcikdə başqa bir dərgah açdı. Aşıkpaşazadə, Nəşri, Məcdi və İbn Kəmal kimi ilk dövr Osmanlı tarixçiləri şeyxin böyük sərvətə sahib olduğunu və bunu dərgaha xərclədiyini yazırlar. «Əş-Şəkayiki ən-numaniyyə» adlı əsərdə Şeyx Ədəbalının Osman Bəyin hər məsələ ilə bağlı məsləhətləşdiyi «baş müşavir» olduğu vurğulanır.

Bəzi müəlliflərə görə, Osmanlı tarixinin ən böyük hadisəsi Ərtoğrulun, bəzi mənbələrdə deyildiyinə görə isə Osman Qazinin gördüyü yuxudur. Bu yuxu türk dövlətçilik ənənəsinə əsasən, Osmanlı hakimiyyətinin də təməlini təşkil edir.

Rəvayətə görə, Ərtoğrul (və ya Osman Qazi) yuxuda sinəsindən bir ağacın çıxdığını və göyəcən ucaldığını görür. O, yuxusunu Şeyx Ədəbalıya danışanda şeyxdən «cahan hakimiyyətinin ona və övladlarına verildiyi» müjdəsini alır.

Qədim türk inancına görə, Tanrı hakimiyyəti kimə verirsə, onun hökmdarlığı ilahi əsas, legitimlik qazanır. Başda Səlcuqlular olmaqla türk dövlətlərinin ilk nümayəndələrinin bir çoxundan belə yuxular rəvayət olunur. Deyilənə görə, yuxu əhvalatından sonra Ədəbalı öz qızını Osman Bəyə verir.

 

Eyni ustadların yetirdiyi «düşmənlər»

Osman Bəyin Şeyx Ədəbalı ilə qohumluğu Osmanlı dövlətinə böyük şöhrət qazandırdı. Qələndəri, babai, vəfai, heydəri dərvişlərinin Osmanlı ordusundakı fəaliyyətində bu qohumluğun rolu az deyil.

Maraqlı cəhətdir ki, Osmanlı tarixində böyük rol oynamış dərviş və şeyxlərin çoxu babailiyə mənsub olub. Sarı Saltuq Baba, Barak Baba, Aybək Baba, Baba Mərəndi (Azərbaycanın Mərənd əyalətindən olub), Tapdıq Baba, Şeyx Süleyman Türkməni babai şeyxləri və dərvişləriydilər. Bundan başqa, Osmanlı dövlətinin formalaşmasında misilsiz rol oynamış Abdalani-Rum (Anadolu abdalları, xüsusilə Geyikli Baba, Abdal Musa, Qumral Baba və Abdal Murad) dərvişləri də ikinci nəsil babai şeyxləriydilər.

Beləcə, Osmanlılarla Səfəvilər əslində eyni dini-ideoloji kökdən qidalanırdılar...