vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TƏDBİR  
20:33 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QHT-dən hökumətə təkliflər paketi

«Məmurlar bizə «5-ci kolon» ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

2004-cü ilin may ayının 13-də təsis olunan İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» (MSŞA) Koalisiyası hazırda sıralarında 150-dək qeyri-hökumət təşkilatlarını (QHT) və ictimai xadimləri, jurnalistləri birləşdirən vətəndaş cəmiyyəti alyansıdır. Ötən müddət ərzində MSŞA Koalisiyası Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MSŞT) gerçəkləşdirilməsində fəal iştirak edib, bu prosesə hökumət və mədən sənayesi şirkətləri ilə birlikdə Çoxtərəfli Qrup formatında əməkdaşlıq şəraitində töhfəsini verib. Lakin 2 ildən çoxdur ki, Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən MSŞA QHT Koalisiyasının bu təşəbbüsdə azad və səmərəli iştirakına çətinliklər yaradılır. Elə buna görə də 2015-ci ilin aprel ayının 15-də Azərbaycan MSŞT-də tamhüquqlu üzv statusunu itirib və bu statusun bərpa olunması üçün Azərbaycan hökumətinə və Çoxtərəfli Qrupa islahedici tədbirlər planı təqdim olunub, 2016-cı ilin yayında bu planın icrası səviyyəsini, Azərbaycanda MSŞT standartlarının tətbiqi vəziyyətini qiymətləndirmək üçün ölkəyə ikinci dəyərləndirici missiya göndərilib. Qiymətləndiricinin hazırladığı yekun hesabat 25-26 oktyabr 2016-cı ildə MSŞT üzrə beynəlxalq idarə heyətinin Astanada keçirilən 35-ci toplantısında müzakirə edilib.

Bu barədə mətbuat konfransında jurnalistlərə məlumat verən MSŞT üzrə beynəlxalq idarə heyətində Avrasiya regionunu təmsil edən, Azərbaycanda MSŞA QHT Koalisiyasının koordinatoru Qubad İbadoğlu bildirdi ki, beynəlxalq rəhbər komitənin toplantısında uzun müzakirələrdən sonra Azərbaycanla bağlı qərar qəbul edilib. Beləliklə də beynəlxalq İdarə Heyəti razılaşıb ki, Azərbaycan 2016-cı il üzrə MHŞT Standartının icrası üzrə nəzərəçarpacaq irəliləyişə nail olub, həmçinin 2015-ci ildəki Qiymətləndirmə ilə müqayisədə bir sıra fərdi tələblər üzrə inkişaf müşahidə edilib. Azərbaycan son irəliləyişləri nəzərə alaraq Namizəd statusunu saxlayıb. Lakin, beynəlxalq İdarə heyəti razılaşır ki, vətəndaş cəmiyyətinin cəlbi üzrə MSŞT standartının vətəndaş cəmiyyətinin prosesə cəlbi üzrə 1.3-cü tələbində qənaətbəxş irəliləyişə nail olunmayıb. Müvafiq olaraq Azərbaycanın 

islahedici tədbirləri həyata keçirməyinə ehtiyac vardır. Bu islahedici tədbirlərin İdarə Heyətini qane edəcək dərəcədə icra olunmaması MHŞT Standartına əsasən Azərbaycanın bu təşəbbüsdə üzvlüyünün dayandırılması ilə yekunlaşacaqdır. İdarə Heyəti Beynəlxalq Katibliyə növbəti idarə Heyətinin iclasınadək dəyərləndirmə aparılması işini tapşırıb. Bu qiymətləndirmə əsasında və MHŞT Standartına uyğun olaraq İdarə Heyəti növbəti iclasında qərar qəbul edəcəkdir. İdarə Heyətinin növbəti iclası gələn ilin mart ayının 1-ci on günlüyündə Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək. Qubad İbadoğlu qeyd etdi ki, bu toplantıya qədər Azərbaycan hökuməti vətəndaş cəmiyyəti Protokolunun 2.2 bəndinə müvafiq olaraq vətəndaş cəmiyyətinin MHŞT prosesinə tam şəkildə cəlb olunması üçün əlverişli hüquqi və fəaliyyət mühitinin olduğunu təmin etməlidir. Xüsusən də: 


I. Vətəndaş cəmiyyətinin iki ildən bir qeydiyyatı təsdiq edən çıxarışı ;


II. Vətəndaş cəmiyyətinin qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsi;


III. Xarici donorlar fərdi qrantları hökumət qurumlarında qeydiyyatdan keçməsi və qrantın məqsədəuyğunluğuna dair rəyin əldə olunması tələblərini aradan qaldırmalıdır.


Bununla yanaşı MSŞT standartlarının və vətəndaş cəmiyyəti Protokolunun digər tələblərini qitmətləndirmək üçün Azərbaycana 26 iyul 2017-ci ildə başlayacaq üçüncü qiymətləndirici missiyası göndəriləcək.

MHTŞ beynəlxalq İdarə Heyətinin Astana iclasında yerli vətəndaş cəmiyyətinin həmin quruma ünvanlanmış müraciətlərini təqdim edən Qubad İbadoğlu bildirib ki, bu müraciət hələ Astana toplantısı başlamazdan əvvəl MSŞA QHT Koalisiyası tərəfindən hazırlanıb. Həmin müraciətdə bildirilib ki, biz MSŞA Koalisiyası olaraq Azərbaycanın bu Təşəbbüsdə qalmasını arzulayır və ölkəmizin MHŞT çərçivəsində namizəd statusunda saxlanılmasında maraqlı olduğumuzu bildiririk. Sizdən yerli QHT-lərin MSŞT prosesində azad və effektiv fəaliyyətini təmin edəcək vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllinə yönələn, 6 aydan az 1 ildən çox olmayan müddət üçün ikinci islahedici tədbirlər planını qəbul etməyə və onun icrası üçün Azərbaycana yüksək səviyyəli missiya göndərməyi xahiş edirik. Bu müraciət MSŞA QHT Koalisiyasinin 11 nəfər Şura üzvünün 6-sı tərəfindən imzalanıb. Bununla yanaşı, MSŞA QHT Koalisiyasinin 11 nəfər Şura üzvünün 5-ı tərəfindən imzalanmış və İdarə Heyətinə ünvanlanmış daha bir müraciətdə Azərbaycanın əvvəlki tam hüquqlu üzv statusunun qaytarılmasına çağırış edilib. 

Qubad İbadoğlu bildirib ki, o İdarə Heyəti toplantısında çıxışı zamanı hər iki məktubu üzvlərə təqdim edib. Eyni zamanda müstəqil vətəndaş cəmiyyətinin problemlərini qaldıraraq qeyd edib ki, indiyə qədər mövcud olan bəzi dəyişikliklər yalnız MSŞA QHT Koalisiyasinin üzvlərinə şamil olunub. MSŞA QHT Koalisiyasindan kənarda olan vətəndaş cəmiyyətinin problemləri həll edilməmiş qalır. O, həmçinin çıxışında yalnız praktiki məhdudiyyətlərin aradan qaldırıldığını, hüquqi sahədə və fəaliyyət mühitində müsbət dəyişikliklərin aparılmadığını bildirib. O, beynəlxalq idarə heyətinin son toplantısında çıxışını “QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi baza təkmilləşməyəcəyi, əlverişli fəaliyyət mühiti təmin edilməyəcəyi halda vətəndaş cəmiyyətinin dayanıqlı inkişafından danışmaq olmaz” fikri ilə tamamladığını bildirib.

Mətbuat nümayənələri ilə bu məlumatları bölüşəndən sonra MSŞA QHT Koalisiyasinin koordinatoru Qubad İbadoğlu beynəlxalq İdarə Heyətinin qərarının MSŞA QHT Koalisiyası tərəfindən müsbət qarşılandığını və Koalisiya Şurasının əksəriyyətinin imzaladığı müraciətə uyğun olduğunu bildirib. O bu qərarı ideal və ədalətli olmasa da mövcud şəraitdə Azərbaycan hökumətin məsuliyyətini artırmaq və onun niyyətini qiymətləndirmək üçün optimal və kompromis qərar adlandırıb. Qubad İbadoğlu qeyd edib, bu qərarla beynəlxalq idarə heyəti Azərbaycanda vətəndaş cəmiyyətinin MSŞT-də iştirak prosesinə sistemli və ardıcıl yanaşdığını bir daha nümayiş etdirib.

Sonra çıxış edən MSŞA QHT Koalisiyasının Şura üzvü Oqtay Gülaliyev bildirib ki, MSŞT İdarə heyətinin Astana toplantısı ərəfəsində hərəkətə gəlib vətəndaş cəmiyyətinin problemlərinə kosmetik əl gəzdirən hakimiyyət həmin toplantı başa çatar-çatmaz dərhal bu imitasiyanı dayandırıb. Koalisiya üzvü olan təşkilatların qeydiyyat məsələsi natamam saxlanılıb. Bizdə olan məlumata görə Koalisiyanın üzvü olan, qeydiyyata alınmayan 36 QHT- dən yalnız 10-a yaxını qeydiyyata alınıb. Koalisiyanın Şura üzvü olan Akif Qurbanovun, Azər Rəsulun, Əlövsət Sadıqlının, Koalisiya üzvləri Məhəmməd Talıblının, Səməd Hətəmovun, Asif Yusiflinin, Fikrət Cəfərlinin, Cəmil Hacıyevin və digərlərinin rəhbərlik etdikləri təşkilatların dövlət qeydiyyatı hələ də problem olaraq qalır. O qeyd edib ki, Ədliyyə nazirliyi 17 ildir sədri olduğum Demokratik İslahatlar Uğrunda İctimai Birliyi deyil, özünün müəyyən etdiyi, adını və məramını özü müəyyənləşdirdiyi, mənə aid olmayan bir QHT-ni - “İnkişafa Yardım İctimai Birliyi”ni mənim adıma qeydiyyata alıb. Mən insan hüquqları sahəsində fəaliyyət göstərdiyim halda bu təşkilatın məqsədi iqtisadi təhlillər aparmaqdır. Mən Ədliyyə Nazirliyinə müraciət edərək bildirmişəm ki, ya təsisçisi olduğum və uzun müddətdir sədrlik etdiyim təşkilatı-Demokratik islahatlar Uğrunda İctimai Birliyi qeydiyyata alın, ya da mənim adıma qeydiyyata alınan uydurma təşkilatın qeydiyyatını ləğv edin. Hazırda mən hökumətin qeydiyyata aldığı təşkilatı qəbul etmirəm, həmin təşkilatla hər hansı formada fəaliyyət göstərmək niyyətim də yoxdur.

Oqtay Gülalıyev qeyd edib ki, haqqımda olan cinayət işinə xitam verilsə də ölkədən çıxışıma olan qadağa götürülmədi, mənə xarici pasport verməkdən imtina edildi. Hətta söz verilməsinə baxmayaraq Koalisiya üzvü Asif Yusifli həbsdən azad edilmədi. Digər Koalisiya üzvü Fuad Qəhrəmanlı ilə bağlı məsələ isə müzakirəyə belə çıxarılmır. O əlavə edib ki, son günlər həcmi 100 min manatdan yuxarı olan dondurulmuş layihələrinin həyata keçirilməsinə razılıq verilən, reyestrdən çıxarış alan QHT- lərin əksəriyyəti hakimiyyətə yaxın QHT- lərdir ki, onlara yaşıl işıq məhz MSŞT çərçivəsində həyata keçirilən son İslahedici Plan çərçivəsində baş tutub. Yəni bu Planın icrasından hakimiyyət daha çox yarımmüstəqil olan QHT-ləri özündən tam asılı vəziyyətə salmaq, eyni zamanda öz himayəsində olan QHT-lərə yardım etmək məqsədilə istifadə edir. Bu prosesdən müstəqil QHT-lər hər hansı bir formada yararlanmayıblar və ümumiyyətlə məlumat üçün deyim ki, digərlərindən fərqli olaraq Koalisiya Şurasında təmsil olunan müstəqil vətəndaş cəmiyyətini təmsil edən şəxslərin heç birinin qrant layihəsi yoxdur. 

Oqtay Gülalıyev bildirib ki, 30 aprel 2016-cı il tarixində keçirilmiş MSŞA QHT Koalisiyasinin Ümumi Yığıncağından ötən 6 ayda hakimiyyət üzvlərinin çoxu müstəqil vətəndaş cəmiyyəti fəallarından ibarət olan Koalisiya Şurasının legitimliyini qəbul etməyib. QHT-lərə Dövlət Dəstək Şurasının Koalisiyaya ayırdığı İnstitutsional layihənin icrası dayandırılıb. Koalisiyanın fəaliyyət göstərmək üçün ofisi belə yoxdur. Hazırda heç bir maliyyə mənbəyinə malik olmayan MSŞA QHT Koalisiyasi mətbuat konfransının xərclərini belə öz aralarında bölüşərək ödəmək məcburiyyətindədirlər. O əlavə edib ki, rəsmi müraciət edilməsinə baxmayaraq MSŞT Komissiyasının sədri Şahmar Mövsümov yeni Şura üzvləri ilə görüşməkdən, əməkdaşlıqdan rəsmən imtina edib. 

Oqtay Gülalıyev qeyd edib ki, hazırda ən vacib məsələ odur ki, hakimiyyət vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına rəvac verən QHT-lər, qrantlar və donorlarla bağlı qanunvericilik aktlarına edilən əlavə və düzəlişləri aradan qaldırmaq istəmir. Bu məhdudlaşdırıcı addımlar aradan qaldırılmayınca və ümumilikdə vətəndaş cəmiyyətinə baxış dəyişməyincə hesab edirəm ki, Azərbaycanda bu sahədə inkişafdan danışmaq mümkün olmayacaq.

O son olaraq bildirib ki, Azərbaycan hakimiyyətinin qarşıdakı 4 ayda əsas görəcəyii işlərdən biri qanunvericilik sahəsində islahatlara başlamalı, məhdudlaşdırıcı əlavə və düzəlişləri aradan qaldırlmalıdır. Təkcə MSŞT Koalisiya üzvlərinin deyil, ümumölkə vətəndaş cəmiyyətinin problemlərinin həlli istiqamətində ciddi addımlar atmalı, İslahedici Planda nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirməlidir. Koalisiya üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlı həbsdən azad edilməlidir.

Sonra çıxış edən Koalisiya Şurasının üzvü Akif Qurbanov vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən hüquqi bazanın təhlilinin verib. O bildirib ki, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Prezidenti 21 oktyabr 2016- cı ildə Fərman imzalayıb. Lakin həmin Fərmanı son dövrlər problemlərin həlli istiqamətində ciddi təkmilləşmə kimi təqdim edilsə də əslində təəssüf ki, QHT və Qrant haqqında qanunlarda heç bir dəyişiklik baş vermədiyi və Fərmanın qanundan üstün hüquqi qüvvəyə malik olmadığı üçün atılan addım xarici donorlardan qrant əldə edilməsini və qrant müqavilələrinin qeydiyyatına heç bir müsbət təsir göstərə bilməz. Yəni problem "qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin" əldə edilməsi prosedurunun çətin və ya sadə olmasında deyil. Problem belə bir rəyin verilməsindədir. Əsas odur ki, rəyin sadə və ya çətin prosedurlarla verilməsi yox, rəy məsələsi olmamalıdır. Əgər rəy verilmə proseduru saxlanılırsa bu hakimiyyətə leqal imkan yaradır ki, arzulamadığı mövzu və təşkilatları, xüsusən şəffaflıq, demokratiya və insan haqlarına dair qrantı məqsədəmüvafiq hesab etməsin.

Digər tərəfdən bu məsələləri tənzimləyən əsas üstün hüquqi sənəd "Qrant haqqında" qanundur. Qaydalar isə onun icrası ilə bağlıdır. Qanun dəyişmədiyi halda, mürtəce müddəalar mövcud olduğu halda vəziyyətin irəliləməsindən danışmaq mümkün deyil.

A.Qurbanovun sözlərinə görə MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarında göstərildiyi kimi növbəti toplantıya qədər Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli hüquqi və fəaliyyət mühitini təmin etməlidir. Qərarda qeyd olunduğu kimi hökumət vətəndaş cəmiyyətinin iki ildən bir qeydiyyatını təsdiq edən çıxarışı, qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsini, xarici donorların fərdi qrantlarının qeydiyyatdan keçməsi və qrantın məqsədəuyğunluğuna dair rəyin əldə olunması tələblərini aradan qaldırmalıdır. Qərarda açıq ifadə olunur ki, İdarə Heyətinin mart toplantısına qədər bu baş verməyəcəksə Azərbaycanın MHŞT-də statusunun dayandırılması gözlənilir.

Şura üzvü A.Qurbanov yuxarıda qeyd olunanların qarşıdakı dövrdə həm hüquqi, həm də tənzimləyici sahədə islahatların davam etdirilməsini zəruri etdiyini deyib. Onun sözlərinə görə əgər, həqiqətən də hakimiyyət vəziyyəti düzəltmək istəyirsə:


1. QHT-lər haqqında və Qrant haqqında qanunlar tamamilə dəyişməlidir;


2.Birləşmə və toplaşma azadlığı təmin edilməlidir;


3.Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı münasibətin özü dəyişməlidir: təzyiqlər aradan qaldırılmalı, ölkədən çıxışa qoyulan «Stop!» və biabırçı yoxlamalar aradan qaldırılmalı, dövlət başçısı başda olmaqla məmurlar onlara «5-ci kolon» ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi baxmalıdır və s.


A.Qurbanov çıxışının sonunda qeyd edib ki, ümidvaram hakimiyyət qarşıdakı dövrün bütün məsuliyyətin onun üzərində olduğunu dərk edərək vəziyyətin ciddiliyini adekvat dəyərləndirəcək və özündə güc taparaq ölkənin MHŞT-də statusunun bərpası üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək siyasi iradə nümayiş etdirə biləcəkdir. Əks halda bu nə ölkəmizə, nə də cəmiyyətimizə, elə hakimiyyətin özünə də yaxşı heç nə vəd eləmir.

Daha sonra çıxış edən digər Şura üzvləri İlham Hüseynli, Əlövsət Sadıqlı və Azər Rəsul mövcud vəziyyətlə bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. 

Yekun olaraq çıxış edən MSŞA QHT Koalisiyasinin koordinatoru Qubad İbadoğlu Koalisiyanın növbəti dövr üçün fəaliyyət proqramını da təqdim edib. O qeyd edib ki, Koalisiya Şurası hazırda Çoxtərəfli Qrupda vətəndaş cəmiyyəti üzvlərinin maliyyələşmə mənbələri, iş proqramları, onların vəzifələri, şəffaf və hesabatlı fəaliyyətlərinə dair qaydalarının müzakirə edir, MSŞT üzrə layihə icra edən təşkilat və ya proqram rəhbərlərinin layihə çərçivəsində gördüyü işlərə dair hesabatlılığın və şəffaflığın artırılmasına çalışır. 

Bundan sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.