vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
12:15 | 26 yanvar 2017 | Cümə axşamı Məqaləyə 3436 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elizaya»

İntihara qarşı olan hekayə

MÖVZU İLƏ ƏLAQƏLİ

Elza telefonu açmadığı üçün Nüsrət özünü asdı. Elə kəndir təzəcə boğazını üzməyə başlamışdı ki, mobil telefonuna zəng gəldi. Ən sevimli musiqisi - Bethovenin «Elizaya»sı köynəyinin döş cibindən, düz ürəyinin üstündən qalxıb qulaqlarına dolaraq, sanki zəng edənin Elza olduğunu pıçıldayırdı. İkiəlli kəndirdən yapışıb bədəninin ağırlığı ilə çarpışmağa başladı:

- Hə, Elzadı. Bayaqdan zəngimi eşitmirmiş. Deməli tamam atıb getməyib məni. Deməli, sevir...

Amma kəndir öz işini görürdü. Qollarına bir az da güc verdi:

- «Bəlkə heç o deyil. Telefonu açdım, Elza olmadı!» - deyə arada şübhələnirdi də - "bəs onda halım necə olacaq?"

Bu müddət ərzində qısa fasilələrlə telefona bir neçə dəfə aramsız zənglər gəldi. Arayanın əl çəkmək fikri yox idi, deyəsən.

Nüsrət – «ancaq Elza belə inad edər» - düşünüb, tavanla döşəmənin arasında vurnuxur, canını kəndirlə bədəninin ağırlığının məngənəsindən qurtarmağa çalışırdı. Axırda qolları yoruldu. Nəfəsi kəsiləndə kiminsə çiynini ayaqlarının altına hiss etdi....

Gözlərini açanda qonşusu Kərimin başı üzərində dayanıb yalançı canıyananlıqla onu məzəmmət etdiyini gördü:

- Ay qonşu, nə olub, axı nəyin çatmır ki, özünü asırsan?!

Nüsrət ona məhəl qoymadan tələsik cibindən telefonu çıxartdı ki, Elzaya zəng eləsin...

- Zəng elədim, gördüm telefonun səsi evdən gəlir, amma açmırsan, dedim yəqin nəsə olub, atdım özümü içəri! - Kərim canfəşanlıqla əlavə etdi.

- Demək sən idin zəng edən? - Nüsrət üzgün halda telefonu kənara atdı.

- Əlbəttə mən idim. Bu həyətdə sənə məndən yaxın adammı var? Dayan həkim çağırım...

-Yox, lazım deyil. Polislər tökülüşəcəklər bura, məni ölmədiyimə görə, səni də başını hər yerə soxduğun üçün peşman edəcəklər. Day narahat olma. İndi yaxşıyam, get, bir şey lazım olsa çağıraram...

Kərim bir neçə dəfə Nüsrətə daha dəlilik etməyəcəyinə söz verdirib arxayın olandan sonra getdi. O, evdən çıxan kimi Nüsrət qalxıb qapını içəridən bağladı...

Bayırdan günorta yumurtlamağa yer axtaran toyuqların qaqqıltısı eşidilirdi. Qonşu uşaqlar yenə nəyinsə üstündə dalaşırdılar. Günəş şüalarının çəkilmiş pərdələrin aralarından evə sızaraq havada yaratdığı nazik qızılı boruların içi ilə xəfif toz dənəcikləri üzürdü. Yarıqaranlıq otaqda hər şey -dolabdakı kitablar, küncdəki üzəri dağınıq yazı masası, üzbəüz divarın yanındakı açıq qalmış qapağından, üstündəki külqabıda yarıya qədər çəkilmiş siqardan və sonadək içilmiş viski şüşəsindən bir az əvvəl çalındığı bəlli olan məşhur «Bechstein Diedirchs» alman royalı sanki bir azdan qeyb olacaqlarını duyub miskin görkəm almışdılar...

«Artıq məsələ gün kimi aydındı, Elza qayıtmayacaq» - düşünən Nüsrət kətilin üstünə çıxaraq kəndiri yenidən tavanda bərkitdi. Həlqəsini boynuna keçirdi. Sonra sağ əlini arxadan hərləyib zorla sol biləyinə bağladığı ipin balaca həlqəsinə soxdu. İndi artıq ona heç əlləri də kömək edə bilməzdi. Özünü toplayıb kətili ayağının altından kənara itələyəndə pəncərənin şüşəsi döyüldü. Pərdənin arxasında Kərimin yekəqarın, gödək silueti bozardı:

- Nüsrət, ay qonşu! Az qala unudacaqdım, Elza bacıya zəng elə! Səndən nigarandır. Bayaq nə qədər zəng edib, telefonu açmamısan. Məndən də o xahiş etmişdi evdə olub olmadığını yoxlayım...

Telefona zəng gəldi. Yenə otağın sükutuna rəng qatan Bethovenin «Elizaya»sı, yenə tavanla döşəmə arasındakı kəndir keçiddə diksinən insan həyatı...

...Nüsrət barmaqlarının ucu ilə kətili ayaqlarının altında nizamlamağa çalışdısa da alınmadı. Kətil aşdı...