vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
PROBLEM  
10:31 | 13 may 2022 | Cümə Məqaləyə 1719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İntiharlar niyə artır?

Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir

Elnar BULUD

Son günlərdə xüsusən də gənclər arasında intihar trendi müşahidə olunur. Bir-biri ilə bilinən əlaqəsi olmasa da, belə trendlər tarixdə dəfələrlə müşahidə olunub. İntiharların ard arda olması heç də yeni bir fenomen deyil.

Məsələn 7 avqust 1962-ci ildə məşhur aktrisa Merlin Monro (Marilyn Monroe) intihar etmişdi. Monronun ölümündən daha doğrusu intiharından sonrakı ay 303 gənc həyatına son qoydu. Bu hadisədən illər sonra, 90-cı illərdə Amerika xalqı Kurt Kobeyn (Kurt Cobain) ilə bənzər bir şeyə daha şahid oldu. Mətbuat nə vaxt məşhur bir insanın hətta adi insanların belə ölüm xəbərini tirajlayırdısa, ardınca intihar epidemiyası bütün ölkəni sarsıdırdı.

Əsas səbəb isə intihar xəbərlərinin, video və fotolarının geniş yayılmasıdır. Sosiologiyada buna “Verter effekti” (Werther Effekt) deyilir.

Verter effekti məşhur sosioloq Deyvid Filips (David Phillips) tərəfindən 1974-cü ildə intiharın yaratdığı təqlid effektini izah etmək üçün ortaya atılmış bir termin idi. Bu ad alman yazıçısı Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe) tərəfindən yazılmış “Gənc Verterin iztirabları” romanından irəli gəlir.

Hötenin “Gənc Verterin iztirabları” adlı kitabında əsas obraz olan Verterin intihar etməsindən oxucular o qədər təsirlənmişdilər ki, Avropada intihar epidemiyası başlamışdı. İntiharların kəskin artmasından sonra Höte belə demişdi: “Tanrı məni yenidən Verter yazmaq məcburiyyətində qalmaqdan qorusun”.

Bu kitab elə “müvəffəqiyyətli” idi ki, 1774-cü ildə nəşr olunandan qısa müddət sonra Verterin həyatına bənzər həyata sahib olan 40-a yaxın gənc intihar etmişdi. Sözügedən qəribə və dəhşətli hadisə kitabın İtaliya və Danimarka kimi bəzi ölkələrdə qadağan edilməsi ilə nəticələndi.

Filips 1947-1968-ci illər arasında oxşar hadisələrə əsaslanan araşdırma apardı və bəzi açıqlayıcı, lakin narahat edici məlumatlar ortaya çıxardı. “The New York Times”da hər hansı bir şəxsin intihar xəbəri nə vaxt dərc etsə, növbəti ayda intihar nisbətinin təxminən 12 faiz artdığı məlum oldu.

Ehtimallara görə, bir növ təqlid edilən intihar hadisələrində ilk kritik dövr, xəbərdən sonrakı 3-4 gün, ikinci kritik dövr isə 7-10 gün arası idi. Təəssüf ki, statistikalar doğru çıxdı. Üstəlik araşdırmalardan çıxan başqa bir nəticə də budur ki, bu hadisələr artaraq davam edir.

İşin daha da qəribə tərəfi isə intihar xəbərlərinin paylaşıldığı gündən sonrakı 3-4 gündə avtomobil qəzalarının da sayının artmasıdır.

Məsələnin həll yolu baş verən hadisələri hər cür çılpaqlığı ilə tirajlamamaqdır. Bu cür xəbərlərə həssas yanaşmaq, uşaq və yeniyetmələri isə xüsusi həssas qrup olduqları üçün belə hadisələrin təsirindən uzaq tutmaq lazımdır. Xüsusilə də cəmiyyətdə intiharın çıxış yolu olmadığına dair maarifləndirmə kampaniyası aparmaq intihar hadisələrinin azalmasına səbəb olur.