vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
21:40 | 12 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2448 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əlvida, nağd ödəniş, əlvida, Antalya?!...

Azərbaycanda turizm şirkətlərinin işi çətinləşdi

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan hökuməti nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək üçün bir sıra addımlar atır. Bundan əvvəl tütün və spirtli içkilərin topdansatışının köçürmə yolu ilə həyata keçirilməsi haqda qərar verildi. Növbəti belə addım isə təhsil haqlarının və turizm agentlərinə ödəmələrin nağdsız qaydada həyata keçirilməsi barədədir. Artıq «Turizm haqqında» Qanuna müvafiq düzəliş Milli Məclisə təqdim olunub və müzakirə edilir.

Hazırki qanunvericiliyə əsasən, turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilirdi. Əslində, nağdsız ödənişlərə keçidin başlıca faydası ondan ibarətdir ki, ticarət və digər xidmət sahələrində vergidən yayınmanın qarşısı alınır. Nəticədə bundan həm dövlət büdcəsi gəlir götürür, həm də cəmiyyət faydalanır.

Amma nəzərə alsaq ki, turoperatorlara müraciət edənlərin böyük hissəsi ödənişi nağd şəkildə edirdi, yeni qanun qəbulu turizm sektoruna necə təsir edəcək? Əhali nağdsız ödəmələrə hazırdırmı? Bu xarici ölkələrə səyahət üçün müraciət edənlərin sayını məhdudlaşdıra bilərmi?

Bununla bağlı araşdırma aparmaq üçün ölkənin bir neçə aparıcı turizm şirkəti ilə əlaqə saxladıq. Əksər agentliklər son dəyişikliklərdən sonra müştəri itirəcəklərini deyirlər.


Müştəri sayı azalacaq


«Globus» turizm şirkətinin tur-meneceri Türkan Məmmədlinin virtualaz.org-a bildirdiyinə görə, bu proses əvvəl nağd formada daha rahat həyata keçirilib və dəyişiklikdən sonra onlara olunan müraciətlərin sayı 10 faizə qədər aşağı düşəcək: «Doğrudur, bizə olan ödənişlərin çoxu kart vasitəsilə həyata keçirilib. Müştərilərimiz online ödəmədən istifadə edirlər. Amma əvvəllər bu proses daha rahat idi. Düşünürəm ki, bu müştəri sayını təxminən 10 faiz aşağı salacaq», - deyə turizm nümayəndəsi bildirir.

«Gilan» turizm şirkətinin satış və marketinq mütəxəssisi Rəşad Quliyev də qanunda edilən dəyişikliyin təsdiqlənməsindən sonra ciddi problemlər yaranacağını söyləyir: «Bizim şirkətdə indiyə qədər əsas ödənişlər nağd formada həyata keçirilib. Hər müştərinin kartı yoxdur axı. Bu da turizm şirkətlərinin işini zəiflədəcək», - deyə R.Quliyev bildirir.

«Millenium» turizm şirkətinin maliyyə direktoru Hüsniyyə Məmmədova isə deyir ki, indiyə qədər şirkətə müraciət edən müştərilərin demək olar ki, hamısı ödənişi nağd ediblər: «Biz yolunu tapmışdıq, müştərilərimizi şirkətimizlə üzbəüz yerləşən banka göndərirdik. Onlar bankda əlavə xərc ödəmədən vəsaitlərini hesaba qoya bilirdilər. Dəyişiklik müştəri sayını azaldacaq. Çətinlik ola bilər, amma hamı necə, biz də elə».


Nağdsız ödəniş xidməti asanlaşdıracaq - ekspert


Turizm sahəsində ekspert Çingiz İsmayılov hesab edir ki, «Turizm haqqında» qanuna dəyişikliklərin edilməsi turizm sənayesinə təkan vermək məqsədi güdür.  Lakin ekspert hesab edir ki, bununla yanaşı qanunun tətbiqinin monitorinqi də aparılmalıdır: «Məsələ ondadır ki, qanunlarımız yalnız turizm yox, bütün sahələrdə mükəmməlləşdirilir. Bu çox yaxşıdır. Əgər xidməti asanlaşdırmaq istəyirsənsə, nağdsız ödənişə keçməlisən, kart almalısan.  Potensial müştərilər anlamalıdır ki, hansısa xidmətdən istifadə etmək üçün nağdsız ödəniş etməlidirlər.

Turizm şirkətləri öz fəaliyyətlərini qanunauyğun qursalar, bu səmərə verəcəkdir. Lakin bunun müvafiq monitorinqi olmalıdır. Nazirlik turizm şirkətlərinə bunun müvafiq izahatını verməlidir, maarifləndirmə işləri aparmalıdır», - deyə ekspert bildirir.


«Əhalinin 2-3 faizi kartla ödəniş edir»


Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov isə  «Turizm haqqında» qanuna dəyişikliklərə əhalinin hazır olmadığını deyir. Onun sözlərinə görə, indiyə qədər turoperatorlara müraciət edənlərin cəmi 2-3 faizi kart vasitəsilə ödəniş edir. Mütəxəssis hesab edir ki, nağdsız ödənişə keçid çox böyük çətinlik yarada bilər: «İlk növbədə, əhali buna hazır olmalıdır. Amma dövlətin qanunudur və qanun hamı üçün eynidir. Əgər  ölkəyə xeyir gətirəcəksə, biz turizm şirkətləri də riayət eləməyə hazırıq. Amma turizm şirkətləri üçün çətinliklər yaradacaq», - deyə AzTA sədri bildirib.

N.Bağırov deyir ki, dəyişiklik təsdiqlənərsə, bu həm də yerli turizm şirkətləri üçün  konkurentlərin yaranması deməkdir: «İndi turizm şirkətləri birdən-birə «ya kartla ödə, ya da get, banka pul qoy» deyirsə, heç bir müştəri banka gedib karta pul qoymayacaq. Bir yolumuz qalır ki, o da kartla hesablaşmaqdır. İnternet dövrüdür, insanlar kartla ödəyirlərsə, internet üzərindən «booking.com» və digər saytlar vasitəsilə ödəniş edə bilərlər. Bizim üstünlüyümüz onda idi ki, biz nağd şəkildə ödənişi qəbul edə bilirdik. Bununla bizə konkurent yaradılmış olacaq.

Bizim qanun layihəsi ilə bağlı təkliflərimiz var və müzakirələrdə  iştirak edirik. İstəyərdik ki, bizim təkliflərimizi də nəzərə alsınlar. Hazırda məhdudiyyət yalnız otel və transferə qoyulub, bilet  üçün məhdudiyyət yoxdur. Biz istəyərdik ki, o limit artırılsın. Əhalinin az hissəsi kartla çalışdığı üçün bu bizim üçün daha məqsədəuyğun olardı», - deyə N.Bağırov qeyd edir.