vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TÜRK DÜNYASI  
17:03 | 15 sentyabr 2017 | Cümə Məqaləyə 2956 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ey Türk əsgəri, ...»

Bakı əhalisinin Türk Ordusuna müraciəti (1918-ci il)

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Bakını xilas et!»

«Bakı kimi milyon və milyardlarla sərvətin olduğu şəhərin qapıları qarşısında günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk ordusuna!

Ürəkaçan bu gözəl şəhəri əgər siz zəbt etməsəniz, Türkün və ordusunun şərəfini indi içində olduğunuz xəndəklərdə basdıracaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini ələ keçirməsəniz, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacaqsınız. Əgər siz mavi dənizin bu məşhur şəhərini ələ keçirməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə «eyvah, Türk bizə imdada gəlmədi» cümləsi yazılacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır.

Əgər siz bu böyük İslam şəhərini zəbt etməsəniz, «Allah» deyənlərin varlığını ortadan qaldıran və qaldırmaq istəyən düşmənlər sizi öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış dişlər, yeni zülmlər üçün itilənmiş olacaqdır. Əgər siz dəmir borulardan dünyaya var-dövlət axıdan və dünyanın tərəzisində çox ağır gələcək olan bu hərb şəhərini zəbt etməsəniz, tarixin hüzurunda utancla yerə baxacaqsınız. Və bu gün dost-düşmən məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların belə dillərində gəzən Bakı şəhəri nağılı türklərin məğlubiyyəti ilə bitmiş olacaqdır. Düşmənlər böyük və çox əzəmətli bir zəfərin açarlarını əllərinə keçirmiş olduqlarını elan edəcəklər.

Dostlar belə bir itkidən doğan üzüntülərini gizlətməyəcəklər və bizi qəmləriylə üzəcəklər.

Ey Türk əsgəri, əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən paltarı düşmən geyəcəkdir. Sənə verilən vədlər yerinə yetirilməyəcək, sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Sənin üçün hazırlanan qızılı düşmən qarət edəcək.

Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır. Sənin zəfərin üçün duaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı qızıl şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə pərişan və səfil dolaşacaqsan. Türkün gözlərini oyub saplara düzən düşmənlərə bayramlar hazırlayacaqsan.

Lakin sən, ey Türk əsgəri, ingilislərin gücünü Çanaqqalada qırdın. Ən böyük döyüş gəmilərinin böyük top mərmilərinə aylarla sinə gərdin. Qut-ül-Amarədə 14 min əsir aldın. Qarşıdakı düşmənin çoxunu, erməniləri Qarsdan, Azərbaycandan bəri qabağına qataraq bu şəhərə qovdun. Türk adını ucaldan Çanaqqala, Qut-ül-Amara, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Bakını xilas et. Vətəninə bir qızıl ərmağan apar».

P.S. Raqif Raufoglu bu məktubu bu səhər 106,3 FM dalğasında çox təsirli oxudu. Təşəkkürlər, Gözəl İnsan! Təklif edirəm o ifanı internetə mütləq yerləşdirəsiniz.