70-ə yetmiş Hacı İsmayılov
«Mən bu sənətin yeddidən vurğunuyam, yetmişdə də əsiri»
Söhbətləşdi: Həmidə NİZAMIQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Bu Natəvanə görüb onları rəva, getmə!
İlyas Əfəndiyevin tarixi dramı yeni yozumda səhnəyə gəldi...
-
Rejissorlar ona həmişə rol verirdilər
Təəssüf ki, belə istedad sahibinə kinoda ancaq kiçikplanlı rollar həvalə olunub
-
“Manqurt” AzDramada
Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi
-
Sənət və ailə sevgisini eyni paylaşan aktrisa
Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu
-
AzDramada yeni tamaşa
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
-
«Oğlumun toyunu görmək istəyirəm»
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
-
Fuad Poladovun hamını təəccübləndirən bir cümləsi...
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
-
«Sirkə baxmaq üçün dərsdən qaçdım»
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
-
Hamlet Xanızadə 75 yaşına çatdı, amma...
49 illik ömrə sığdırılan qəhrəmanlar
-
«Axı sən mənim üçün ölə bilməzsən»
Sənubər İsgəndərli: «Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi»
-
«Sənətkarın mövqeyi olmalıdır»
Fuad Poladov: «İnsanlar deyə bilmədiklərinə görə ölürlər»
-
«Qoy, elə beləcə də çağırsınlar - Ələsgər»
Onu Çelentano, Şaban eləyə biləcək nə bir rejissorumuz oldu, nə bir əsərimiz
-
«İnsanlar məni qınadı»
«Amma mən başqalaşmağı sevirəm»
-
«Xoşbəxt ola bilmədim»
Mehriban Ələkbərzadə: «Amma üzdə olmamağımın səbəbi bu deyil»
-
«Qatil» Tiflisdən qayıdıb
Azdrama Gürcüstan paytaxtında 2 gün qalıb
-
O aktyordur, çıxardığı oyunu inandırıcı edib, özü o «oyunbazlığa» inanmayan aktyor. Sovetlərin sadə, sakit, bir az da sadəlövh Mustafası («Ad günü»), keçid dövrünün tələblərindən xəbərsiz tarix müəllimi («Həm ziyarət, həm ticarət») və bu günün yaşı yetmişə çatmış ruhu gənc Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılov. Milli kino və teatrımızın sadə, səmimi, həlim və ən əsası ambisiya və münaqişələrdən uzaq, iddia və eyforiyalardan arınmış, özü demişkən, sənətin qulu sənətkar.
Onunla növbəti tamaşanın məşqindən sonra söhbət etdik. Sevincli və bir az da tərəddüdlü idi. Sevincini hər zaman teatrda, teatrla olması ilə əlaqələndirsə də, təəccübünə qəribə bir ad verdi. Yaşın bu çağına gəlməsinə və su kimi axan zamana məəttəl şəkildə «Bilmirəm, necə gəldi bu 70?!» - dedi sakitcə.
- Hacı müəllim, yaş artıq 70-ə yetdi, demək, bundan sonrası tam fərqli yaşanmalıdır...
- Bilmirəm, amma aktyor da, adi insan da günün reallığında 70 yaşı möcüzə, lap ərməğan saymalıdır.
- Maraqlıdır, elə bil bu yaşı həsrətlə gözləyirmişsiniz...
- Niyə də olmasın. Sıralarımızdan bu sinnə çatmamış nə qədər gözəl sənətkar, yeri heç zaman dolmayacaq, nisgili qəlbimizdə dağa dönəcək teatr xadimi gedib... Ona görə də, heç bu yaşa necə gəldiyimi anlamadım, eləcə illər ötdü və indi anlayıram ki, qocaldım. Əslində, bu yaşa çatmağıma özüm də inanmıram. Bir də insan cismən qocalır, ruh həmişə cavandır. Ona görə nə bilim, bu 70 yaş bir qədər tez gəldi bəlkə (gülür).
- Növbəti yubileyi də məşqdə, səhnədə qeyd etmək yəqin adi, həm də qeyri-adidir...
- Yox, hansı yaşımda, hansı obrazda olsam da, səhnəyə çıxmaq məni ayrı cür təsirləndirir. Bəlkə də burada sevinc-kədər, yoxsa dünən-sabah mübadiləsi gedir, deyə belə hiss edirəm, amma özümə də qaranlıq qalan təsirdə, ecazda oluram. Ona görə də mənim hər anım üçün ən gözəl hədiyyəm səhnə, açıq pərdələr, bir də işıq saçan gözlərlə məni, bizləri seyr edən tamaşaçılardır.
- Bu etiraf yəqin uzun illərin sevgisindən irəli gəlir...
- Bunu demək, tamaşaçının sevgisini ölçmək düzgün deyil bəlkə də. Çünki bəzən elə düşünürəm ki, bizlər onların səmimiyyətinə, sevgisinə hələ çox cavab verməliyik. Adam yaşa dolanda keçmiş günləri, baş verən fərqli hadisələri yada salır, xatirələr yenidən çözələnir və bu mənada bir az özünlə hesab-kitab aparmağa başlayırsan.
- Deyəsən, bu məqamlarda ötənlərdən qorxunuz, yəni təəssüflü çəkinəcəyiniz yoxdur.
- Şükür Allaha ki, yox. Bu şükür yetdiyim yaşa, keçdiyim mənalı ömür payına qədər hər məqama aiddir. Bu mənada ömrə də heyfsilənmirəm. Əslində, bu mənada qocalıq məni qorxutmur, həyəcanlandırmır. Baxın, çox sakitəm (gülür). Hələ də dayanmıram, ömrü boyu qulluq etdiyim peşəmə, aktyor sənətimə xidmətdəyəm. Çünki mən bu sənətin yeddidən vurğunuyam, yetmişdə də əsiri.
- Sizin aktyor tərcümeyi-halınızdakı zənginlik və xüsusilə də rejissor işi, rol bölgüsü ilə bağlı münaqişələrdən uzaqlığınız «sənətə xidmət» fikrinizi səmimi edir.
- Bilirsiniz, mən həyatda da, sənətdə də səmimilik və təbiiliyi üstün tutmuşam. Görünür, bu, həyatımdan sənətimə də nüfuz edib. Çünki mən nəinki özümdə, elə başqasında da yalan görəndə ona yox deyir və o adamlardan qaçmağa çalışıram.
- Teatr aktyoru kimi kinoda məşhurluq qazanmanızda da yəqin bu səmimi oyunçuluq əsas olub.
- Əslində, mənim siz deyən səmimi oyun, yəni özüm olmaq vərdişimin rollarıma nüfuzu kino yaradıcılığımdan başlayıb. Bunu da mənə görkəmli rejissorumuz, aktyor kimi məni kinoda kəşf edən Rasim Ocaqov aşılayıb. Buna görə də həmişə gözəl rejissorumuza Allahdan rəhmət diləyirəm.
- Dediyiniz o səmimiyyət və təbiilikdən qazancınız çox olub, yoxsa?..
- Əlbəttə, qazancım. Çünki ambisiya və konfliktlər, quru iddialar insanı sənətdən ayırır, tənəzzül yaradır. Ona görə də çalışdığım qədər bu məqamlardan qaçmağı üstün tutmuşam. Bu da fəaliyyətimdə özünü göstərib.
- 70-dən geriyə boylananda köks ötürdüyünüz çox olur, yoxsa fərəhləndiyiniz?
- Bu yaşıma qədər yaşadıqlarım fərəhlidir. Elə insanlar var ki, heç həyatın mənasını dərk edib, dünyaya niyə gəldiyini anlaya bilmir. Mənim üçün əsas prinsip vətəndaş olmaq və vətən üçün sevgi və bağlılığını əməlində göstərməkdir. Bundan sonrakı sənət həyatım nə vəd verəcək bilmirəm, amma vətənə xidmət yolumdan bundan sonra da dönməyəcəyəm.
- Bayaqdan danışırıq, təbiət etibarilə həlim, emosiyadan uzaq təsiri bağışlayırsınız. Deməli, sizi özünüzdən çıxarmaq çətindir...
- Hə, bir az çətindir. Amma son illər, bir az yaşa dolduqca, deyəsən, qocalığın ikinci uşaqlıq olması həqiqətinə yaxınlaşıram. Bir qədər səbirsiz olmuşam, riyakarlıq əsəbiləşdirir məni. Bu zaman da gücüm özümə çatır (gülür).
- Adətən, aktyorlar obrazlarından, xüsusən də arzusunda olub oynaya bilmədikləri rollardan danışmağı xoşlayırlar. Zamanla nisgilə çevrilən bu hal sizdə də yaşanırmı?
- Bu barədə mən digər aktyor yoldaşlarımdan fərqlənirəm. Çünki hadisələri qabaqlamağı sevmirəm və bu barədə hissiyyata qapılmıram. Hansı rolu təklif ediblərsə, onu da oynamışam, nə rol mübahisəsi, nə də ona çatmaq üçün canfəşanlıqlar etməmişəm. Səbrim bu məqamda da əlimdən tutub. 4-cü kursda oxuyarkən sənət müəllimim Nəsir Sadıqzadə hazırladığımız diplom tamaşasının təqdimatından öncə hərəmizə bir açıqca verdi. O açıqcada yazılan söz indi də mənim yadımdadır: «Mən hələ heç nə etməmişəm» sözləri qoy sənin səhər duanın ilk sözləri olsun». O kəlam bu gün də məni müşayiət edir. Ona görə də mənə hər rol verilərkən onu sanki əlifbadan öyrənməyə başlayıram. Şablon və adət olunmuş aktyor vərdişlərindən qaçıram.
- Səadətiniz də elə bundadır...
- Hamı hər yaşda öyrənməyə, özü üzərində çalışmağa məcburdur. Çünki indi dövr də, sənət də, meyarlar da fərqlidir. Bu mənada sənətdə özünü sevən adamlardan qaçıram, istəyirəm, sənəti özlərində sevib, təqdim etsinlər.
- Müxtəlif teatrlarda fərqli rollar canlandırmağınıza baxmayaraq, tamaşaçı auditoriyası sizi kinodan tanıdı, sevdi. Bu mənada kino, yoxsa teatr sizi ifadə edir?
- Bilirsiniz ki, mən kinodan əvvəl teatrda çalışırdım. Sumqayıt, İrəvan teatrlarında müxtəlif rollar oynamışam və 1970-ci ildən Akademik Milli Dram Teatrındayam. Bu mənada kino və teatr arasında elə də fərq qoya bilmirəm. Fəqət bir cəhət var ki, kino aktyoru tanıdır və ampluasını kütləviləşdirərək bir növ qəbul etdirir. Hərdən öz-özümə «Kinoya çəkilməsəydim bu qədər sevilərdimmi» sualını verirəm.
- Maraqlıdır, cavabınız nə olur?
- Yox, deyəsən, daha çox kino sevdirdi məni, ən azı özümü ifadə baxımından köməyimə çatdı.
- Kinoda debütünüz «Ad günü» filmində Mustafa ilə oldu. Məncə, sizin sonrakı kino obrazlarınızın hamısında Mustafadan bir ştrix var...
- Çünki orda Hacı İsmayılov var.
- Deməli, o fağır kişi qəhrəmanlar sizin real obrazınızdır?
- (Gülür) Yox, mən fağır adam deyiləm, sadəcə təbiətim sakitdir və bu stereotip də ona görə yaranıb. Mən heç o rolları yazıq, fağır adam kimi də oynamaq istəməmişəm. Sadə, təmiz insan obrazını - özümü canlandırmışam. Həmişə deyirəm, insanın insan olmaqdan başqa çarəsi yoxdur. Yaxşı ki, rollarımda da bu hiss olunur, xüsusən də Mustafada.
- Sənətə yeni qədəm qoyanda Hamlet, Ovod arzularında olduğunuzu, reallığın isə tam fərqli obrazlarda inikasından danışdınız. Deyəsən, bir qədər nisgiliniz var.
- Səsim, diksiyam yaxşı idi, amma o rolları oynamaq mənə nəsib olmadı.
- Nəsib olmadı, yoxsa sənətin dərinliklərinə vardıqca özünüzü orada hiss etmədiniz?
- O rolları mənə təklif etmədilər, sonra da zaman öz işini gördü, yaş sözünü dedi. Yəqin ki, məni o rollarda görmədilər, buna görə heç kimi qınamaq da düzgün deyil. Amma daxilən özümü o rollarda hiss edirdim, bəlkə də imicim uyğun gəlməyib.
- Həyat və sənət arasında ifadə vasitəniz mübarizə olur, yoxsa şöhrət?
- Şöhrət olmayanda və ya ona doğru gedəndə həmişə mübarizə var. Onu bacarmayan insan yaşaya bilməz. Ona görə də mən son nəfəsimə qədər özümün mübarizə kimi müəyyən etdiklərim uğrunda çarpışacağam. Şöhrətə gəlincə, son vaxtlar daha çox sakitliyə, öz köşəmə çəkilməyə üstünlük verirəm. Hay-küydən, təmtəraqdan qaçıram.
- 70 yaşda özünüzə arzunuz...
- Arzular çoxdur və burada vətənim, xalqım barədə arzular üstünlük təşkil edir. Sənətə gəlincə, yeganə bir arzum var, son nəfəsimdə də səhnədə, sənətdə olum. Hərdən deyirəm ki, mən XX əsrin adamıyam, XXI əsr mənə peşkəş verilib. Yadımdadır, ötən əsrin sonlarında Allaha yalvarırdım ki, mənə XXI əsrdə heç olmasa bir il yaşamaq nəsib eləsin. İndi baxın, artıq 13 ili də burdan yola salmışam, buna da şükür (gülür).