vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
13:54 | 21 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 2862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boran, tufan, cəhənnəm ...

Qara bax qara, gör necə yağır,Çıxsan bayıra, məni də çağır…Mirmehdi SEYİDZADƏ

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bildiyiniz kimi keçən qış Bakıda olduqca mülayim keçdi. Şaxtalı, sazaqlı günlər demək olar ki, gözə dəymədi, qar yağmadı. Əvvəllər şübhə ilə yanaşsam da, havaların qlobal miqyasda istiləşməyə doğru istiqamətlənməsi ilə bağlı xəbərlərə indi get-gedə inanmağa başlayıram. Havaların soyuması, qarın yağması, küçələrin buz bağlaması artan şəhər problemləri fonunda böyükləri qayğılandırsa da, narahat etsə də, uşaqlar bu il şəhər küçələrində, həyətlərdə kirşədə sürüşmək, qarla əylənmək istəyirlər. Onlar əsl qış həsrətindədirlər.

Hələ qış ərəfəsində, təxminən noyabrın axırlarında, qızım gözüyaşlı yanıma qaçıb “ata, bəs qar nə vaxt yağacaq, bəs nə vaxt məktəbin arxa həyətinə düşüb orada qar adam düzəldəcəyik?” dedi və düz gözlərimin içinə baxdı. Mən ona, “darıxma, hələ qış qabaqdadır, Qar kraliça hər halda Bakıya da qar gətirər” cavabını versəm də, qızım, “ata, söz ver ki, qar olacaq” kəlməsi ilə  məni çətin vəziyyətə saldı. Naəlac, “Hə, söz verirəm, bu qış mütləq qar yağacaq” dedim və o vaxtdan gözləməyə başladıq.

Nəhayət, həmin günün gəlib çatığı, şiddətli qarın lap indilərdə başlayacağı, hər tərəfi bəmbəyaz, həzin səssizliyə bürüyəcəyi bir intizara yetişdik. Budur, bütün dövlət qurumları səfərbər olundu, məktəblər bağlandı, dərslər dayandırıldı, saytlarda “havaların ifrat təhlükəli şəkildə kəskin” dəyişəcəyi ilə bağlı xəbərdarlıqlar edildi. Qeyri-adi hidrometeoroloji (adamın dili də tutmur) hadisə ilə və koordinasiyanın daha da gücləndirilməsi üçün operativ faktiki hava məlumatlarının toplanması ilə bağlı qərargah da yaradıldı.

İnsanların gözü qarşısında, daha çox Şimali Amerikada tornado fırtınalarından bəhs edən filmlərdə göstərilən kadrlar canlanmağa başladı: qaramtıl nəhəng külək burulğanı mal-qaranı, TIR-ları, yük maşınlarını öz qorxunc ağuşuna alaraq havada fırladır, ağaclar gövdəsindən çıxır, körpülər domino daşları kimi uçur,  iri reklam lövhələri qopub gurultuyla yerə düşür. İnsanlar naməlum, mübhəm təhlükələr qarşısında həmişə təşviş, həyəcan keçirirlər.

Mən isə sevinirdim. Qızıma “gəl həyətə düşək, qartopu oynayaq” deyəcəyimi düşündükcə, səbirsiz fərəh hissi qəlbimi bürüyür, həyəcanlanırdım.

Gecə qəribə yuxu da gördüm. Soyuqdur, lopa, narın qar dənələri havada ağır-ağır süzərək tənbəlcəsinə üzərimə ələnir. Mən qızımın əlindən tutub bir az hündürdə yerləşən bəyaz təpəciyə tərəf baxıram. Ona  “qızım bax, görürsən nə qədər qar yağıb? Gedək ora sürüşək, doyunca qartopası oynayaq” deyirəm.

Birdən, hardansa yüksəkliyin tən zirvəsində, Göygöz Kosa peyda olur. O, mənfur sehrli baxışı ilə bizim oraya qalxmağımıza mane olmağa çalışır. Kosa əlindəki ucu əyri qorxunc çubuğu irəli uzadır: “gəlin, indi mən burda elə cəhənnəm düzəldim ki!?”. Külək üstümüzə hücum çəkir, ulayır, uğuldayır,  qar göz açmağa imkan vermir, şaxta qılınc kimi kəsir. Lakin, biz yenə hündürlüyə tərəf dırmanırıq. Göygöz Kosa qışqırır: “boran, tufan, cəhənnəm”. Onun kinli gülüşü dağlarda əks-səda verir.

Mən tər içində yuxudan ayıldım. Külək eyvandakı dəmir vedrəni taqqıldadırdı. Cəld pəncərəyə yaxınlaşdım.

Lakin qorxunc, həyəcanverici proqnozlara rəğmən, bayırda daha çox, payızın ortalarında rast gəlinən, şəhər sakinləri üçün isə adidən də adi qarşılanan, bir az yağmurlu, azacıq küləkli, qarsız, boransız, rütubətli  hava şəraiti hökm sürürdü. Paytaxt yenə də qarsız qalmışdı.

İndi, qızıma nə cavab verəcəyimi, onun çətin sual yağışından necə qurtulacağımı bilmirəm.

Vüsal BAĞIRLI


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)