İzahsız şeylərin mizahı
Yaxud Elman Nəsirovda Albert Eynşteyn “simptomları”
Səxavət MƏMMƏD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Ollandın erməni vurğunluğu»
«Fransa sübut etdi ki, danışıqlar prosesində konstruktiv mövqe tuta bilməz»
-
««Freedom House» hər şeyi qara görür»
Deputat: «Qərəzli yanaşmalarının şahidi olmuşuq»
-
Səhər ulduzunun qürubu
... Və ya ölkəsi vərəzan gündə olan ABŞ səfiri başqasına ağıl öyrədir
-
Olland Bakıya niyə gəlib?
Fransa prezidentinin Qafqaz səfərinin gerçək səbəbi
Sosial şəbəkə təzə-təzə moda minəndə o qədər Albert Eynşteyndən sitatlar paylaşırdılar ki, axırda bu məsələ “Başqa nə var, nə yox (c) Albert Eynşteyn” həddinə gəlib çıxdı.
Artıq bir neçə gündür ki, sosial şəbəkənin trendi istənilən fikri qeyd edib, qarşısına (c) qoyub, Elman Nəsirov yazmaqdır. Ən qəribəsi odur ki, (c) Albert Eynşteyn yazanda insanlar gülsə də, (c) Elman Nəsirova çoxları inanır. Məsələnin nədən ibarət olduğunu bilənlər isə gülüb keçir. Dünən bir neçə nəfər yazıb, soruşdu ki, Elman Nəsirov həqiqətən “dövlət bayrağının üzərindəki aypara və ulduz götürülsün, yerinə Heydər Əliyevin şəkli qoyulsun”, deyib? Açığı öncə “yox” dedim, “həyatdı, birdən olar” deyib, özüm də axtarış verdim.
Deputat Elman Nəsirov sosial şəbəkədə onun adından yazılanlara münasibət bildirib və bunun yalan olduğunu deyib. Hələ bu azmış kimi yazılanları kişilikdən tamamilə uzaq məsələ adlandırıb.
Deputatın bu hirsini anlamaq olar, çünki təhqir olunur, söyülür. Özünü müdafiə etməsinə də haqq qazandırmaq olar. Ancaq bu məsələnin bir əmması var. Burada günahkar kimdir? Görəsən, Elman Nəsirov vəziyyətin bu həddə çatmasında özünü heçmi günahkar görmür?
“Dövlət bayrağının üzərindəki aypara və ulduz götürülsün, yerinə Heydər Əliyevin şəkli qoyulsun" (c) Elman Nəsirov”, “AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu” yenə (c) Elman Nəsirov. Deputat əsasən bu iki fikrə görə mənbə soruşur, hiddətlənir. Doğru, bunlar mizahdır və hamısına bir “(c)” qoyaq. O zaman sual olunur “Ermənilər əyilə-əyilə gəzirlər”, “Sərkisyanın hakimiyyətdən getməsində Azərbaycanın da rolu olub", "Qadınların maşın sürməsinə normal baxmıram”, “Tarif Şurasının yeni qərarı alqışlanmalıdır”, “Niderland qorxuya düşüb”, “Ermənistana qarşı “anakonda siyasəti” aparırıq” kimi fikirlərin sonuna (c) qoyub, kimin adın yazaq?
Deputatdan gətirdiyim fikirlərin hamısının mənbəyi var və istəsəm, bu tip fikirləri daha da çoxalda bilərdim.
Yuxarıda sadalanan fikirlər cəmiyyət tərəfindən gülünclə qarşılananda Elman Nəsirov heçmi düşünmədi ki, betərin betəri olacaq? Çox güman ki, düşünməyib.
Hansısa yazıçılardan, alimlərdən fikirlər paylaşılıb, qarşısına (c) qoyulub, adları yazılanda demək olar ki heç kim mənbə axtarmır. Niyə də axtarsınlar ki? Adamlar fikrin çəkisinə baxıb, doğruluğuna inanırlar. Məntiqlə hərəkət edirlər. Elman Nəsirovun dedikləri və demədiklərini yan-yana qoyanda məntiqsiz nə isə görünür? Bütün bu fikirləri alt-alta yazsan, kim deyə bilər ki, bunu Elman Nəsirov deyə bilməz.
Ona görə də, sosial şəbəkədə Elman Nəsirovda Albert Eynşteyn “simptomları”nın əmələ gəlməsində bir nömrəli günahkar və səbəbkar məhz özüdür.
Elman Nəsirov fikirlərinə çəki-düzən verməsə, bu işin "Elman Nəsirovdan incilər" adlı səhifə açılmasına qədər yolu olacaq...