vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
19:15 | 29 aprel 2020 | Çərşənbə Məqaləyə 14878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstehlak kreditləri ilə bağlı əhaliyə niyə güzəşt edilmədi?

Ekspert: “Hökumət daha çox vəsait xərcləməli olacaq ki, bankları xilas etsin”

Ülviyyə ŞAHİN

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 25-də koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Qərarın təfərrüatlarına varmadan qeyd edək ki, istehlak kreditləri ilə bağlı əhaliyə ciddi bir güzəşt olmadı. Ödəmələr təxirə salınmadı.

Səbəb nədir? Bəlkə kommersiya bankları belə bir qərarın verilməsinə qarşı çıxıb? Əhaliyə kredit tətilinin verilməməsinin səbəblərini ekspertlərlə araşdırdıq.

İqtisadçı ekspert, ReAl Partiyasının icra katibi Natiq Cəfərli bildirdi ki, əslində kommersiya bankları bu cür güzəştlərə qarşı çıxmalıdır: “Çünki onlar faizləri hesablamasalar, faiz almasalar, gəlirlə işləyə bilməzlər. Amma kommersiya bankları üçün fərq etməz, əgər o faizlərin kompensasiyasını dövlət öz üzərinə götürsəydi, faizlərin ödənilməsi ilə bağlı tətil verilə bilərdi. Çox təəssüf ki, bu baş vermədi. Hökumət 2,5 milyard manat əlavə xərcləmələrə getməli oldu, vergi daxilolmaları kəskin azalıb, bununla yanaşı, neftdən gələn gəlirin azalmasını da nəzərə alsaq, yəqin ki, hökumət artıq yüklənmədən çəkinir. Amma çəkinməyin yeri yoxdur. Bir müddət sonra bu problemi daha çox vəsaitlə, böyük pullarla həll etməli olacaqlar. Hökumət hələ də anlamır ki, önləyici tədbirlər daha ucuz və daha effektiv olur.”

Bundan sonra nə baş verə biləcəyi barədə sualı cavablandıran N.Cəfərlinin sözlərinə görə, sentyabr-oktyabr aylarında məlum olacaq ki, problemli kreditlər  kəskin artıb, nəticədə banklar daxili resurslar hesabına bunu idarə edə bilməyəcək, vətəndaşların da borcların hamısını birdən-birə qaytarmağa imkanı olmayacaq: “Son qərara görə, sentyabr ayına qədər ödənişlər gecikdirilərsə, heç bir dəbbə pulu, faiz tutulmayacaq. Yəqin ki, çox adam sentyabr ayına qədər ödəniş etməyəcək, gözləmə mövqeyi tutacaq. Sentyabrda məlum olacaq ki, 6 aylıq ödənişi birdən etmək lazımdır. Təbii ki, bunu da edə bilməyəcəklər, insanların maddi imkanı olmayacaq. Bunun kimi problemlərin sayı da artacaq. Sonradan hökumət məcbur olacaq ki, daha çox vəsait xərcləyərək problemi aradan qaldırsın.”

Ekspertin fikrincə, sadə addımlarla bu problemi həll etmək olardı:

“Məsələn, əhaliyə bütün növ kreditlər üzrə 6 aylıq faiz hesablanması tamamilə dondurula bilərdi. Bunun əvəzinə isə bütün banklara 6 aylıq vergi güzəşti vermək olardı. Üstəgəl, Mərkəzi Bank banklara manatla bir illik, ilk 6 ayı 0%, növbəti 6 ayı isə 2,3 faizlə çox ucuz kredit verə bilərdi. Banklar isə sentyabrdan sonra o kreditləri istehlak və ya biznes krediti kimi daha baha faizlə verə biləcəkdi. Bugünkü itkiləri altı ay sonra kompensasiya edilə bilərdi. Banklar buna məmnuniyyətlə gedərdilər. Çünki bu, daha sərfəli variant olardı. Çox təəssüf ki, belə sadə addımları atmaqdansa, qərarların verilməsi gecikdirilir. Düşünürəm ki, sentyabr-oktyabr aylarında problemli kreditlərin həcmi çox kəskin artanda Mərkəzi Bank və hökumət daha çox vəsait xərcləməli olacaq ki, bankları xilas etsin.”

İqtisadçı ekspert Samir Əliyev isə qeyd etdi ki, mövzunun əsas çatışmayan cəhəti də məhz sualdır: “Niyə kredit tətili verilmədi?! Restrukturizasiya, yəni kredit şərtlərinin yumuşaldılması, müddətin uzadılması və s. məsələlər bankların öz öhdəliyinə verildi. Yəni bank artıq özü qərar verə bilər ki, restrukturizasiya etsin, ya yox, güzəşt etsin, ya etməsin. Ola bilsin ki, bank özü fərdi şəkildə kredit tətili versin. Baxmayaraq ki, bu məsələ tövsiyələrdə yoxdur. Niyə bu tətil verilmədi sualına gəlincə isə, düşünürəm ki, verilməli idi və belə qərar verməməklə səhv addım atıldı. Yəqin düşündülər ki, bu cür qərar sui-istifadə hallarına gətirib çıxara bilər. Yəni hətta ödəmə qabiliyyəti olan insanlar da ödəməyə bilərlər ki, artıq tətildir. Pandemiya heç də hamıya zərbə vurmayıb. İnsanların bəziləri dövlət işlərində çalışır və maaşlarını da vaxtı vaxtında alırlar. Bu problemlər onlara ciddi təsir göstərməyib. Sahibkarlıqla məşğul olanlara isə təsir edib. Xüsusən də xidmət sektorunda çalışan insanlara daha pis təsir edib, onların işinə qadağa qoyulub və s. Ola bilsin ki, bunu əsas götürüb, məsələni bankların öz öhdəsinə buraxıblar. Amma heç olmasa, kredit tətilini də bankların öhdəliyinə vermək şərtilə, bu məsələni ortaya qoymaq lazım idi. Mərkəzi Bank necə ki, cərimələri, restrukturizasiya ilə bağlı qərarı bankların üzərinə qoyub, eləcə də tövsiyə edə bilərdi ki, banklar yoxlama aparsınlar və kredit tətili o insanlara verilsin ki, pandemiya onlara təsir göstərib. Belə bir tövsiyə vermək daha yaxşı olardı.