vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
15:49 | 24 iyul 2020 | Cümə Məqaləyə 13842 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gərginlik xeyrimizə ola bilər ...

Əgər bunu kontrollu, idarəolunan şəkildə etsək

Şahin CƏFƏRLİ

Əvvəla, qeyd edim ki, kimsə küçədə, yolda sizə, mənə hücum edirsə, özünümüdafiə bizim tam haqqımızdır. Los Anceles, Brüssel erməniləri bir yana qalsın, elə Bakının özündə, hətta öz məhəlləmizdə kimsə bizə hücum edirsə, yumruq, təpik atırsa, ona “çox sağ ol, qardaş” demirik, ən azı müdafiə olunuruq, adekvat cavab da veririk. Bu, həmin situasiya üçün tam normal reaksiyadır.

Lakin biz oturub, soyuq başla düşünməliyik ki, başqa ölkələrdə ermənilərlə bu qarşıdurmanın davam etməsi Azərbaycana nə qazandırır? İzah edənlər ola bilər ki, ABŞ-da, Avropada, Rusiyada (bunlar vasitəçi tərəflərdir) gərginlik bizim xeyrimizədir, çünki Qarabağ münaqişəsinin nə qədər ağır problem olduğunu, həddən artıq uzandığını və haqsızlığa məruz qalan, torpaqları işğal edilmiş tərəfin Azərbaycan olduğunu anlamayan, ya da ciddiyə almayan mərkəzlərə bunu çatdırmaq fürsəti yaranır. Bu da bir mövqedir. Əgər gərginliyin bizə faydalı olduğu qənaətinə gəliriksə, qəbul etməliyik ki, bunu kontrollu, idarəolunan şəkildə etmək lazımdır. Çünki xaotik, idarəolunmaz prosesin, düşünülməmiş impulsiv reaksiyaların bizə vurduğu zərərləri 90-cı illərdə görmüşük, yaxud həmin an başa düşməsək də, sonrakı illərdə geriyə boylananda səhvlərimizin nə olduğunu anlamışıq.

Ona görə də planlı, proqramlı hərəkət etmək vacib şərtdir. “Qisas alınmalıdır” deyənlərin hissləri anlaşılandır, lakin dövlətin qisasından söhbət gedirsə, bu, düşünülmüş, nəticələri hesablanmış tərzdə olmalıdır, dövlət emosiyalarla hərəkət etməz. Belə bir söz var ki, intiqam soyuq yeyilən yeməkdir. Ən yaxşı qisas məhz işğal altındakı əraziləri geri almaq olacaq, bu istiqamətdə hərtərəfli hazırlıq gücləndirilməlidir. Tez-tez deyilir ki, bu qədər vaxt keçib, daha nə qədər gözləməliyik ki? Haqlı sualdır, amma yenə də ağılla, təmkinlə hərəkət etməyin alternativi yoxdur. Müharibə olacaqsa, bunun üçün beynəlxalq miqyasda lazımi siyasi-diplomatik zəmin hazırlanmalı, daxildə isə bu məqsədə - ümumən ölkəmizin problemlərinin real həllinə xidmət edən siyasət həyata keçirilməlidir. Burada əlbəttə ki, ən böyük məsuliyyət Azərbaycanı idarə edənlərin üzərinə düşür. Təəssüf ki, hakimiyyətimiz olanlara adekvat reaksiya verə bilmir və hadisələrin arxasınca sürünür. Bunu iyulun 15-nə keçən gecə də gördük, indi də eyni durum təkrarlanır. Azərbaycan prezidenti bu dövlətin və xalqın lideridir, o cümlədən onu qəbul etməyənlərin, müxalif vətəndaşların da. Prezident bu cür durumlarda xalqla birbaşa təmasda olmalı, yeri gələndə öz açıq müraciətləri ilə insanları məlumatlandırmalı, hansı addımların atıldığı barədə hesabat verməli, onları sakitləşdirməlidir. Səfirliklərimiz də həmin ölkələrdə işini buna uyğun qurmalı və soydaşlarımızla fasiləsiz kontaktda olmalıdır.

Gəlirik daxili siyasətə... Belə vəziyyətdə müxalifətin – cəbhəçilərin inandırıcı olmayan ittihamlarla təqib olunması, hətta iddialara görə, tutulanların fiziki təzyiqlərə məruz qoyulması nəyə lazımdır və hansı məqsədə xidmət edir? Bu, ölkəyə nə verir? Tofiq Yaqublu niyə içəridədir? Axı son hadisələr göstərdi ki, insanları meydana yığan, yaxud onların emosiyalarını qızışdıran müxalifət deyil. Sadəcə olaraq, ictimaiyyətdə Qarabağ həssaslığı çox yüksəkdir və hər hansı təşkilatlanma olmadan, müxalifətə ehtiyac duymadan da əhali bu motivasiya ilə küçələrə çıxmağa hazırdır. Başa düşürəm ki, hakimiyyət üçün qeyri-standart situasiyadır, onlar öyrəşiblər ki, insanları küçəyə müxalifət partiyaları çıxarsın, proses daxili siyasi mübarizə kontekstində getsin, çünki bu halda vəziyyəti idarə etmək asanlaşır. Qeyri-siyasi kütlənin sırf Qarabağ şüarı ilə aktivləşməsi və meydanlara çıxmağa hazır olması hakimiyyət üçün imtahanda cavabını bilmədiyi sualın biletini çəkmək kimi bir şeydir.

Bir məqam şübhəsizdir ki, hamımız – iqtidar da, müxalifət də, xalq da 90-cı illərin faciələrindən dərs almalı, proseslərin idarəolunmaz məcraya yön almasına yol verməməliyik. Qarabağ dalğasında növbəti inqilabi situasiyanın yaranması və hakimiyyət dəyişikliyinin baş verməsi qorxuludur. Çünki torpaqlar məhz bu cür xaos dönəmlərində itirildi. Hakimiyyət vəziyyətin ciddiliyini görüb, buna uyğun yol xəritəsi tərtib etməli, suallara, gözləntilərə cavab verməlidir. Xalq artıq səhnəyə qayıdıb və öz səsini duyurmaq, qərarların qəbuluna təsir göstərmək istəyir. Bu enerjini necə bölməyin və bitirməyin yox, problemlərin həlli istiqamətinə necə yönəltməyin yolu tapılmalıdır. Ortaq ağıl zəruridir, bunun üçün xalq tərəfindən seçilmiş parlamentin, yerli hakimiyyətlərin formalaşdırılması, ümumən konstitusion hüquqların, seçmə-seçilmə haqqının praktikada bərqərar edilməsi önəmlidir. Prezidentin köməkçisinin bir qrup tanınmış şəxslə görüşüb, məsləhətləşməsi göstərir ki, yuxarılar da əslində ölkədə xalq təmsilçilərindən ibarət parlamentin olmadığını çox yaxşı anlayırlar.

Uzun sözün qısası, ölkədə həqiqi mənada islahatlar və dəyişikliklər həyata keçirilməsi zəruri, qaçılmaz variantdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)