vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜBAHİSƏ  
09:38 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nuruçu desələr, daha ağlabatan olardı»

Fazil Mustafa: «Tağı Əhmədov yerin altında çox qalmışdı, indi yerin üstünə çıxartdılar»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin son iclaslarında qarşılıqlı ittihamlar, bir sıra hallarda sərt polemikalar nəzərə çarpacaq dərəcədə artıb. Bəzi müşahidəçilər hakimiyyət daxilində hökm sürən gərginliklərin, qruplaşmalararası savaşın ali qanunvericilik orqana da sirayət etdiyi qənaətindədir. Ancaq belə ehtimal da var ki, parlamentin yorucu və bəzən maraqsız keçən iclaslarına ictimaiyyətin diqqətini yönəltmək üçün bu cür polemikalara verilən meydan hardasa razılaşdırılıb. («Yeni Müsavat»)

Böyük Quruluş Partiyasının (BQB) başqanı, deputat Fazil Mustafa ilə «nurçuluq» məsələsi və digər mövzuların da daxil olduğu söhbətimizə elə yuxarıdakı müşahidələrə münasibət öyrənməklə başladıq:

- Bu yanaşmaların hər ikisi arqument olaraq özünü təsdiqləmir. Başlayaq elə ikinci ehtimaldan. Kaş ki, ictimaiyyətin diqqətini yönəltmək üçün məqsədyönlü geniş müzakirə mühiti yaradılaydı. Bizim də istədiyimiz bu deyilmi? Ancaq bu ehtimala o zaman yer vermək olardı ki, müxalifətin parlamentin idarə olunmasında təmsilçilik hüququ, fraksiya yaratmaq hüququ tanınardı. Neçə ildir bunlara imkan tanınmadısa, demək, belə bir niyyət güdülmür. Ümumiyyətlə, parlamentin səlahiyyətlərinin aşağı olması indiki mərkəzləşmiş idarəetmənin xarakterinə uyğundur. Əslində ölkədə nəinki radikal, ən adi tənqidi müxalif fikrə narahat baxışdan qaynaqlanan problemlər var. Adicə tənqidə dözümsüzlük var və Milli Məclisdə müzakirə anında bu amil kənardan daha çox sezilə bilir. Biz demokratik dövlət barədə düşünürüksə, ilk öncə parlamentdə bu yanlış tendensiyanın dəyişməsi vacibdir. Bu, həm də Azərbaycanda sabitliyin qorunması, siyasi mübahisələrin küçələrə daşınmaması üçün faydalı olardı.

 

- YAP-çı həmkarınız tərəfindən sərt qarşılanan «Adamyeyənlər»i yazandan sonra Cənubi Afrikaya getdiniz və orda zəhərli ilanlarla, vəhşi heyvanlarla «görüşlərinizdən» soraq gəldi. Azərbaycanla Afrika arasında apardığınız paralelliyin sorağı oralara da çatmışdımı? 

- Həmin yazıda hansısa təhqir elementi, ümumiyyətlə, yox idi. Bədii təxəyyülü zəif olanlar mətni hərfi mənada anladıqlarından mənim bütün yazılarımdan belə bir nəticəni hər zaman çıxara bilərlər. Bu məni qətiyyən narahat etmir. Cənubi Afrikaya bəlkə də bu paralelliklə bağlı məlumatlar gəlib çıxmışdı, ancaq əsas təmasım təbiətlə olduğu üçün insanlarla ünsiyyətim az oldu və öyrənə bilmədim ki, onlara necə təsir göstərib. Ancaq yeri gəlmişkən qeyd edim ki, orada parlamentdə də çox maraqlı görüşlərimiz oldu və Azərbaycanın problemlərini diqqətə çatdırmaq imkanımız oldu. 

 

- «Fazil Mustafa xalqdan üzr istəməlidir» deyən Siyavuş Novruzovla sonrakı günlərdə üzbəüz söhbətiniz, təmasınız oldumu?

- Bu yazıda xalqı düşündürən, rahatsız edən problemlərə toxunulub. Görünür yazını diqqətlə oxumayıblar. Mənim niyyətin yanlış tendensiyaları tənqid edərək düzəlməsinə çalışmaqdır. Xalqdan üzr istəmək barədə tələb ümumiyyətlə, demokratik dünyagörüşün məhdudluğundan irəli gəlir. Baxın, kimin necə qiymətləndirməsindən asılı olmayaraq bu ölkədə idmanın inkişafını dəstəkləyən və ona kifayət qədər pul ayıran bir prezident var. Mənim yazdığım budur ki, ayrı-ayrı məmurlar bu pula oradan-buradan qısa bir dövr üçün ortabab idmançılar gətirib Azərbaycanın təmsilçisinə çevirincə, düşsün rayon-rayon qabiliyyətli Azərbaycan gənclərini, uşaqlarını gətirib bu vəsaiti onlara xərcləsinlər. Bu ifadəyə görəmi xalqdan üzr istəməliyik?

 

- Yeri gəlmişkən, sizinlə Siyavuş Novruzov arasında tarixi illər öncəyə gedib çıxan konfliktin olduğu deyilir. Doğrudur, yoxsa...

- Bizim siyasi baxışlarımız və futbol duyumlarımız fərqli olsa da, hər zaman şəxsi zəmində normal münasibətlərimiz olub və indi də davam edir. Siyavuş Novruzovu otuz ilə yaxındır tanıyıram və siyasi baxışlarımız və cinahlarımız fərqli olsa da, heç vaxt düşmənçilik səviyyəsinə gəlməyib. Ara-sıra bir-birimizə qarşı futbol da oynayarıq. Düzdür, futbolda da siyasətdə olduğu kimi arada cığallıqları olur, bu da görünür ürəyitəmizliyindən irəli gəlir. Məncə, məsələni çox da dramatikləşdirmək doğru deyil. Fikir plüralizmidir, problemə fərqli baxışlar olmalıdır.

 

- Fazil bəy, Azərbaycandakı nurçular mövzusuna sizin baxışınız necədir? Nurçuluq Azərbaycana təhlükə sayıla bilərmi? Sizcə, ölkə gündəminə ciddi şəkildə sirayət edən bu konflikt mövzusunu hansı qüvvələr ortaya atıb? 

- Azərbaycanda indiyədək özünü bu adla tanıdan kimsəyə rast gəlmədim. Onlar daha çox xidmət camaatı olaraq təqdim olunurlar. Fəaliyyətlərinin yalnız tədrislə bağlı tərəfləri ilə tanışlığım var və bu sahədə fəaliyyətlərini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, alternativ təhsil modelinin çoxluğu Azərbaycan üçün vacibdir. Azərbaycan üçün ümumiyyətlə, Türkiyədən gələn heç bir cərəyanın ciddi təhlükəsini görmürəm. Adamlar siyasətlə məşğul olmurlar, hökumətin nəzarəti altında fəaliyyət göstərirlər, üstəlik də Azərbaycana bizim qədər sevgi bəsləyirlər. Türkiyədə baş verənlərin süni şəkildə bura köçürülməsi çox yanlış nəticələr doğura bilər. Onların təhlükəli obrazı bilərəkdən yaradılır. Bakıda Rusiya Mədəniyyət Mərkəzi, İran Mədəniyyət Mərkəzi var. Heç görmüsünüzmü ki, onların fəaliyyətinə bu qədər diqqət yetirsinlər? Burada iki səbəb var. Birincisi, Türkiyəni, ikincisi İslamı hədəf almaqdır. 

Adamlar söyləsə ki, Türkiyə pisdir, bunu Azərbaycan insanına həzm etdirə bilməzlər. Türkiyəni təmsil edən quruluşları bir-bir gözdən salaraq dolayı yolla Türkiyəni hədəf seçirlər. Adamlar söyləsələr İslam pisdir, bu da pis qarşılanacaq. Radikal islamın təhlükəsindən danışırlar, bununla hər kəs razılaşır. Ardınca yumşaq davranan dindar kəsimləri də təhlükə olaraq göstərəndə, burada məqsədli yanaşmaları dərhal sezirsən. Azərbaycanda Türkiyədən gəlmiş insanların idarə etdiyi bir Gəncliyə Yardım Fondu var. O qədər faydalı xeyriyyə işləri görür ki. Bu qurumun əlillərə göstərdiyi diqqəti çox zaman bizlər göstərə bilmirik, indi adını dindarlar qoyub, fəaliyyətlərini qaralamaqmı lazım?

 

- Parlamentdə 20-dən artıq nurçunun olduğu barədə iddialar haqda nə deyərdiniz? 

- Bu da həmin kampaniyanın davamıdır. Adamların Qurana tərs düşən, Peyğəmbər əleyhinə, İslam əleyhinə, Türkiyə və Azərbaycan əleyhinə bir cümləsini göstərin, biz də qınayaq. Bu ad altında birinci növbədə söhbət həm də həmin inanca yaxın dindarlardan getməlidir. Mən bilən parlamentdə bu rəqəmin yarısı qədər də namaz qılan yoxdur. Belə çıxır ki, xeyli hissəsi donqili nurçulardır? Digər tərəfdən biz siyasətçi olaraq Azərbaycanın problemləri üzərində fikir yürüdürük. Türkiyə isə qardaş dövlət olduğundan, orada olub-bitənlərə ilk öncə Azərbaycanın maraqları nöqteyi-nəzərindən qiymət veririk. Bu gün mən Ərdoğanın da bir sıra görüşlərini doğru hesab edirəm, Baxçalının də. Kılıcdaroğlunun da bir sıra fikirlərini haqlı sayıram, hətta Perinçəyin Avropa İnsan haqları məhkəməsində erməni məsələsində qalib gəlməsinə ən çox sevinənlərdən oldum, indi nə edək, kimin yaxşısını söyləyiriksə, olduq o cinahın adamı?

 

- Nurçu olmaq təhlükəlidirmi? Bir sıra rəsmilər və deputatlar nurçu ittihamına çox sərt reaksiya verdilər. Sizə ünvanlı eyni ittiham olsaydı, cavabınız necə olardı?

- Ümumiyyətlə, demokratik cəmiyyətdə belə məsələlər bu formada müzakirə olunmur. İnsanların vicdan azadlığı qanunla qorunur və inanca görə bu cür fişləməyə müsbət baxılmır. Mən inancına görə insanı təhlükə olaraq görməyi yanlış hesab edirəm. Mənə də vaxtaşırı belə ittihamları yönəldirlər. Mason, nurçu, sələfi, osmanlıçı, türkiyəçi və s. Bəzən hətta milli qəhrəmanımız Nuru Paşanın təbliği ilə məşğul olarkən onun adı ilə də bunu əlaqələndirirlər. Yeri gəlmişkən, mən Nuru Paşaya ən böyük azərbaycanlı kimi dəyər verirəm, bəlkə Nuruçu desələr, daha ağlabatan olardı. Ancaq Azərbaycan həqiqətən də çox təzadlı cəmiyyətdir. Əxlaqsızlıq ayıb deyil, narkomanlıq ayıb deyil, Allahsızlıq ayıb deyil, dindar olmaq az qala ən ayıb bir mövzu olaraq müzakirə olunur. Bir şeyi bilməliyik ki, İslam dinin mənsublarından kimsə özünü hansısa məzhəbə, təriqətə aid edirsə, onun İslamla yaxından-uzaqdan əlaqəsi yox. Başqa tərəfdən götürsək, bizdə insan mərkəzli elm və fəlsəfə inkişaf etmədiyindən, insanın qiymətləndirilməsi həmişə qəlib və cinahdan başlayır. Bir adamı təhlilə başlayın, ilk olaraq hansı tayfadandır, hansı regiondandır, hansı kənddəndir, hansı ailədəndir, hansı partiyadandır və nəhayət sonda kimin adamıdır kimi qəliblərin və cinahların təyinatı əsas götürülür. Dindardırsa, hansı məzhəbdəndir, hansı təriqətdəndir sualı qoyulur. İnsanın öz şəxsiyyətinin, kimliyinin açılışını qəliblərə və cinahlara baş vurmadan ancaq yetkin düşüncə və mühakiməyə sahib insanlar verərlər. Ona görə də ağıllıları axmaqlardan ayırmaq üçün bu testi tətbiq etmək hər zaman mənim işimə yaradığından, istənilən mənasız ittihama rahatlıqla gülüb keçə bilirəm.

 

- Sizin bir sıra məsələlərə orijinal baxışlarınız olur. Maraqlıdır, bir naxçıvan əsilli siyasətçi-ziyalı kimi Tağı Əhmədovun əvəzlənməsini itki sayırsınız, yoxsa... Sizcə, Metropolitendəki dəyişikliyin səbəbi nə ola bilər?

- Məsələlərə ilk növbədə hüquqi kontekstdə baxmaq lazımdır. Prezidentin səlahiyyətində olan məsələdir və bu formada həllini məqsədəuyğun sayıb. Kimliyindən asılı olmayaraq, vəzifədə əbədi qalması mümkün deyil. Yaxşı olardı ki, bizim ölkədə də kadrların hər beş ildən bir əvəzlənməsi və ya rotasiyası baş verərdi. Tağı müəllim yerin altında çox qalmışdı, indi yerin üstünə çıxartdılar. Müşahidəmə görə, ürəyi yumşaq adamdır. Üstəlik, şeir də yazır, yaxşı şahmat oynayır. Yerin altında uzun müddət qalmaqdansa, təmiz havada şeir yazıb, şahmat oynamaq bəlkə daha faydalıdır.

 

- Ukrayna hadisələri, Krımla bağlı gözləntilər öz yerində. Siz 2014-cü ilin Azərbaycanı ilə bağlı nə düşünürsünüz? Heç olmasa Xəzərin hasarlanması prosesi dayandırılacaqmı? Ciddi hadisələr, islahatlar, siyasi düşərgələrarası təmaslar gözləniləndirmi?

- Azərbaycanda qısa müddətdə addım-addım islahatlara getməklə cəmiyyətin dövlətlə münasibətinin daha sağlam məcraya yönəldilməsi mümkündür. Təsəvvür edin ki, bir ASAN Xidmət modeli insanların bürokratik sıxıntılardan qurtuluş forması kimi nə qədər ciddi təqdir topladı. Məncə, təkcə Xəzərin qarşısından deyil, islahatların qarşısından da hasarları qaldırmaq zəruridir. Hər halda ümid edək ki, bu il həm islahatlar, həm də fərqli düşərgələr arasında sağlam dialoq ili olacaq.

 

- Bildiyimizə görə növbəti xarici səfərə gedirsiniz. Zəhmət olmasa xarici səfəriniz haqda qısa məlumat verərdiniz.

- Bu, Avropa Şurasının İnsan Hüquqları Komitəsinin iclasında iştirakla bağlı iki günlük səfərdir. Parisdə olacaq. Ümumi xarakterli məsələləri müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulub. Ola bilsin ki, Azərbaycanla bağlı məsələlərə epizodik olaraq toxunulsun.