vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBAHİSƏ  
11:32 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 3772 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əvvəl mərsiyə, sonra meyxana, indi də «hara gedirsən, ayə...»»

Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə xeyli problemlərə toxunuldu, hökumətə təkliflər verildi. Hökumət nümayəndələrinin çıxışlarından hələlik deputatların təşəbbüslərinə necə reaksiya veriləcəyi bəlli olmadığı üçün bu mövzuda deputat, BQP başqanı Fazil Mustafa ilə danışdıq. Həmçinin söhbət əsnasında digər məsələlərə də toxunduq.


- Fazil bəy, büdcə müzakirələri bitdi və hökumət fikirləşməyə getdi. Sizcə, 1 dekabrda deputatların qarşısına hansı sənədlə gələcəklər, büdcə zərfində ciddi dəyişikliklər olacaqmı?

- Büdcə müzakirələrinin bu il əvvəlkilərdən daha səmərəli keçdiyini düşünürəm. Çıxışlara 10 dəqiqəlik vaxt imkanına əsasən əməl olunduğuna görə bir sıra vacib fikirləri səsləndirmək mümkün oldu. Bundan öncə komitə iclasında da təkliflərimizi səsləndirmişdik və demək olar ki, üst-üstə yarım saat çıxış etmək imkanı olduğundan irad və təkliflərimizi həm hökumətin, həm də cəmiyyətin diqqətinə çatdıra bildik. 1 dekabrda  müəyyən düzəlişlərlə bağlı hökumətin mövqeyi səslənəcək, çox güman ki, artıq müzakirəsiz layihələr səsə qoyulacaq. Ümid edək ki, səsləndirdiyimiz aktual məsələlərə diqqətli yanaşmanın şahidi olacağıq.

 

- İclasdakı çıxışınızda dediniz ki, 45 manat doğulan uşağa görə, 100 manat isə hər doğulan buzova görə vəsait ayrılır. Bəziləri gülüşlə qarşılasa da, çox ciddi və həssas mövzuya toxundunuz. Bu çıxışa hökumətdən reaksiya oldumu, yaxud dediklərinizin nəzərə alınacağını gözləyirsinizmi?

- Bu məsələni bir neçə il öncə də qaldırmışdım. Əlbəttə, mən süni mayalanma yolu ilə dünyaya gələn buzov üçün vəsait ödənməsinin əleyhinə deyiləm, ancaq bu cür simvolik müqayisə ilə doğulan uşaqların həm qida, həm  geyim, həm də müalicə-müayinə xərclərinin acınacaqlı vəziyyətdə olduğuna diqqət yönəltməyə çalışdıq. Qida, uşaq geyimi, pampers, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır. Bu mövzu hamımızı düşündürməlidir. Deputat həmkarım Qüdrət bəy bizim uşaqların boyunun azaldığını faktlarla ortaya qoydu. Bunun əsas səbəbi ilk növbədə maddi sıxıntılarla bağlıdır. Türkiyədə son illərdə orta məktəblərdə hər uşağa süd paylaşımı kampaniyası həyata keçirdiklərinə görə əhəmiyyətli dərəcədə boy artımı baş verdiyi faktlarla təsdiqlənib. Müharibə aparan bir xalqın sağlam uşaqları həm də sağlam ana və sağlam əsgər perspektivi deməkdir. Bizsə bulağın gözünü buraxmışıq, gedib çaya töküldüyü yeri təmizləməklə məşğuluq. Bu çıxışa hansısa reaksiya verilmədi, dekabrın 1-də hər halda uşaqlara verilən müavinətdə artım olarsa, dinləyib görəcəyik.

 

- Fazil bəy, təəccüblüsü və təəssüf doğuranı budur ki, sosial şəbəkələrdə ölkənin taleyini müəyyənləşdirən büdcə müzakirəsindən çox, «haryə gedirsən, ayə» deyən gəncin ifası müzakirə olundu. Bu, nəyin göstəricisidir, insanların öz taleyinə biganəliyinin, yoxsa...

- Bu, cəmiyyətdə bayağılığa meylin artması ilə bağlıdır. Əvvəl mərsiyə, ardınca meyxana, indi də «hara gedirsən, ayə...». Təhsil səviyyəsi aşağı düşdükcə bayağılıq da buna tərs mütənasib olaraq artmağa başlayır. Sadəcə iddia olunurdu ki,  bu proqram Az.TV-də yayımlanıb, bu da daha çox maraq cəlb etməyə başladı ki, bu cür ciddilikdən uzaq şounu kim rəsmi televiziya efirinə buraxıb. İndi bəziləri açıqlama verirlər ki, proqram Az.TV-də getməyib, sadəcə, saytda yerləşdirilib. Ola bilər, ancaq bütün hallarda bu bir bayağılıqdır və indiki halda bu mahnıya diqqətin yönəlməsini təbii qarşılamaq lazımdır. Fikrimcə, bu gün dövlət büdcəsindən ayrılan kifayət qədər vəsaitin fonunda həm Az.TV-nin, həm də İTV-nin digər özəl televiziyalarla müqayisədə daha keyfiyyətli proqram siyasəti apardığını söyləmək ədalətsizlik olardı. «Hara gedirsən, ayə» sözləri bəlkə də rəmzi mənada bu telekanalları bərbad duruma salmış şəxslərə qarşı da yönəlmiş ola bilər.

 

- Yeri gəlmişkən, siz belə ifalara necə baxırsınız? Olması normaldırmı?

- Mən rok musiqisinə də, muğama da, saza da, xalq musiqisinə də, pop musiqisinə də dəyər verirəm. Ancaq anlayışım budur ki, təqdim olunan hər bir əsərin şeir və ya nəsr mətnində hansısa məna və ya ideya olmalıdır. Burada hansısa məna və ideyanı tuta bilmədim. Ola bilsin ki, musiqi bilgim azdır, ancaq dinləyici zövqüm illərin təcrübəsinə görə az-çox formalaşıb. Mən ifaçının istedadını müzakirə etmirəm, təbii ki, istedadlı insandır, ola bilsin ki, daha maraqlı ifaları var, konkret ifa ilə bağlı fikrimi bölüşürəm. Ancaq bazarda bu cür ifalara tələbat varsa, məhz bazarda bu cür ifaların olmasına normal yanaşıram.

 

- Bu günlərdə əməkdaşlarımız Gədəbəydən reportaj hazırlamışdılar. Yəqin siz də tanışsınız, bildirilirdi ki, icra başçısı sahibkarın obyektinin qapısını daşla hördürüb, yoluna hasar çəkib. Ölkə rəhbərliyi sahibkarlığın inkişafına önəm verdiyini bəyan etdiyi halda, yerlərdəki «balaca padşah»ların bu sayaq davranışını nə ilə izah etmək olar?

- Əlbəttə, bunlar yanlış addımlardır. Büdcə müzakirələrində mən də dilə gətirdim ki, bölgələrdə sahibkarlar olmadığına görə universitetlər də yoxdur, futbol komandaları da, basketbol, həndbol, voleybol komandaları da yoxdur. Bu vacib sahələri kim və hansı pulla maliyyələşdirəcək? Gərək hər bölgədə 50-60 imkanlı sahibkar olsun ki, bu sahələrə pul yatırsın və pul qazansın, bölgələrdə də mədəni həyat inkişaf etsin. Gəncədən başqa digər bölgə şəhərimizdə normal universitet yoxdur. Bunların bir səbəbi də məhz sahibkarlığın dirçəlməsinin qarşısına hörülən həm gerçək, həm də qeyri rəsmi hasarlara bağlıdır.

 

- Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bəyan etsə də, qurumla hər hansı saziş imzalamadı. Bu məsələ ilə bağlı mövqeyiniz necədir, bunu ehtiyatlı siyasətin məntiqi nəticəsi saymaq olarmı?

- Bir müşahidəmi qeyd edim ki, ölkə prezidentinin Avropa Birliyi rəsmiləri ilə son müzakirələri həqiqətən də Azərbaycanın müstəqil siyasət həyata keçirdiyinin bir nümunəsi idi. Gah söyləyirlər ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsindədir, gah deyirlər ki, Qərbin diktəsi ilə hərəkət edir, ancaq bu görüşlər və müzakirələr göstərir ki, ölkənin maraqlarının tələb etdiyi səviyyədə Azərbaycan həm Rusiya ilə, həm Qərblə, həm də İslam ölkələri ilə məsafəsini müstəqil şəkildə müəyyənləşdirir. Müzakirələr kifayət qədər səmərəli oldu, yəqin ki, maraqlarımızı tam şəkildə təmin etməyən məqamlar olduğuna görə Şərq tərəfdaşlığı sazişinə hələlik imza atılmadı. Əsas nəticə budur ki, Azərbaycan Avropa ilə əməkdaşlığa hamıdan çox maraqlı olduğunu ortaya qoya bildi. Ehtiyat məsələsinə gəldikdə isə, bizim kimi dişiylə, dırnağıyla müstəqilliyini qorumağa məhkum olan ölkələr üçün hansısa məsələdə ehtiyatsızlığa yol vermək şansı nəzərdə tutulmur.

 

- Fazil bəy, qayıdaq büdcə müzakirələrinə. Türkiyə nümunəsini çəkib dediniz ki, Bakı böyüdükcə Azərbaycan kiçilir. Kifayət qədər həyəcanlı çağırış idi. Nazirlərdən həyəcanlanan, «gəlin bu məsələ ilə bağlı birgə çalışaq, tədbir tökək» deyən oldumu?

- Söylədiyim kimi, bəzi iradlarımıza hökumət təmsilçiləri tərəfindən ümumi xarakterli cavablar verildi, ancaq daha konkret rəqəmlərdə ifadə olunan cavabları dekabr ayının 1-də dəqiq görə biləcəyik. Fikrimcə, ölkə iqtisadiyyatının və əhali potensialının çox əhəmiyyətli hissəsinin Bakı şəhərinə cəmlənməsi yalnız inkişafımıza mənfi təsir göstərən amil deyil, həm də ölkənin təhlükəsizliyi üçün böyük risk göstəricisidir. Bölgələrdə həyatı, sosial durumu, iqtisadi inkişafı və insanların rifahını canlandırmaq üçün təcili real tədbirlər görülməlidir. Əgər regionlara illərdir qoyulan azman sərmayə mənfəət rəqəmlərində ifadə olunmursa və bölgələr hələ də dotasiyadan qurtula bilmirsə, demək ki, etiraf olunmayan yanlışlar var. Bakı şəhərinin ətrafı artıq infrastrukturu bərbad durumda olan minlərlə qanunsuz tikili-kəndlərdən ibarətdir. Bu insanlar bizim vətəndaşlardır, böyük əksəriyyəti bölgələrdəki işsizlikdən bezərək şəhərə axın ediblər, məmurlara qeyri-qanuni ödəmələr müqabilində evlər tikiblər, indi bu evləri ədalətli məbləğlərdə  özəlləşdirməklə büdcəyə böyük vəsait qazandırmaq olar. Digər tərəfdən, şəhərdə məskunlaşmaqla normal yaşam standartları yarada bilməyən insanların öz doğulduğu bölgələrə dönüşünü stimullaşdırmaq olar ki, daha ixtisaslaşmış insanlar kimi kənd təsərrüfatının inkişafına töhfə verə bilsinlər. Bakı Böyük şəhər bələdiyyəsinin yaradılması istiqamətində addımlar atmağın artıq vaxtı çatıb. Hətta Bakıda son illərdə metro tikintisi də ürəkaçan vəziyyətdə deyil, bu sahədə də ləngimələr yaxın bir neçə ilə ictimai nəqliyyat sektoru üçün də xeyli problemlər hazırlamaqdadır.

 

- İlin son ayı ərəfəsindəyik və yenə də əfv gözləntisi var. Necə bilirsiniz, nəhayət, Azərbaycanı dilə-dişə salan siyasi məhbus söhbətlərindən birdəfəlik xilas olmaq mümkün olacaqmı? Siz bununla bağlı nə gözləyirsiniz?

- İlin sonunda mümkündür ki, əfv olsun. Əlbəttə,  beynəlxalq arenada bizə qarşı bəhanə verəcək bütün addımların qarşısını almaq üçün insan hüquqları təşkilatlarının bu adla tanıdığı şəxslərin azadlığa buraxılması bizim arqumentləri xeyli gücləndirərdi. Hərçənd ki, bu şəxslərin siyasi məhbus olduğunu düşünməsəm də, fikrimcə, qlobal problemlərimizin həlli istiqamətində maneələri yumşaltmaq üçün Azərbaycanın bu mövzuda ittihamlarla üzləşməsi ürəkaçan deyil. Ancaq bu mövzuda hələ ki, nikbin proqnoz söyləyə bilmərəm.

 

- Fazil bəy, 2018-ci il prezident seçkilərində ortaya iddia qoymaq niyyətindəsiniz, yoxsa partiya olaraq hansısa namizədi dəstəkləyəcəksiniz? Bu seçkilərlə bağlı gözləntiləriniz maraqlıdır.

- 2018-ci ilin prezident seçkiləri siyasi həyatda iştirak edən hər bir subyekt üçün çox mühüm hadisədir. Siyasi partiyalar isə bilavasitə öz proqram məqsədlərini gerçəkləşdirmək və siyasi hakimiyyət uğrunda iddialarını ortaya qoymaq üçün əlverişli fürsət qazanırlar. Böyük Quruluş Partiyası olaraq biz də seçkilərdə iştirakımızla bağlı qərarı önümüzdəki ilin ilk aylarında verməyi düşünürük. Bu barədə rayon təşkilatlarında müzakirələrdən sonra imkanlarımız və şanslarımız barədə daha aydın təsəvvürümüz olacaq. Partiya başqanı olaraq mənim mövqeyim budur ki, öz namizədimizlə prezident seçkilərində iştirak etməmiz daha məqsədəuyğun olar.