vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
17:19 | 8 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sıfır da olmasa, sıfıra yaxındır”

İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Azərbaycan qazını Avropa bazarlarına nəql edən TAP qaz kəmərinin işə düşməsindən bir ildən çox vaxt keçsə də kəmərin keçdiyi İtaliyada hələ də bu qaz kəmərinə qarşı çıxanlar fəaliyyətlərini davam etdirir. “Euronews” telekanalı İtaliyada TAP kəmərinə qarşı etirazlar təşkil edən, kəmərin ətraf mühitə zərər vurduğu barədə iddialar irəli sürən “NO TAP” hərəkatı barədə reportaj yayıb, hərəkatın fəalları bu kəmərin Avropanın qaz təchizatının şaxələndirilməsində real rolunun olmadığını iddia edirlər.

Bakıda Cənub Qaz Dəhlizi iştirakçılarının məşvərət şurasının növbəti toplantısından sonraya, Avropanın Azərbaycandan TAP kəməri ilə daha çox qaz almaq üçün danışıqların getdiyi bir vaxta təsadüf edən bu reportajda bildirilir ki, İtaliyanın Apuliya bölgəsində kəmərin real faydasına şübhə edənlər var. “NO TAP” ekoloji hərəkatının fəalı Canluka Madjore hesab edir ki, bu kəmər Avropanın qaz təchizatını şaxələndirə bilməyib.

Çünki onun fikrincə, Azərbaycan qazı bahalıdır, üstəlik bu qazı hasil edən “Şahdəniz” konsorsiumunda Rusiya da təmsil olunur. “NO TAP” fəalı bildirir ki, kəmərin ətraf mühitə zərəri “böyükdür” və hazırda bununla bağlı məhkəmə çəkişmələri davam edir.

Lakin TAP konsorsiumunun İtaliyadakı əməliyyatlar üzrə direktoru Elihio Lo Kaşio bildirir ki, Avropa bazarında təbii qazın qiymətinin kəskin artdığı, bazarda qıtlıq və yüksək tələbat hökm sürdüyü bir vaxtda əlavə təchizat mənbəyinin mövcud olması İtaliyanın mövqeyini gücləndirir.

TAP şirkəti bu iddiaları məhkəmə davam etdiyi üçün şərh etməyib. Lakin Elihio Le Kaşio bildirir ki, kəmərin ətraf mühitə təsiri “sıfır da olmasa, sıfra yaxındır”.

İtaliyanın keçmiş baş naziri, “Forza İtalia” hərəkatının lideri Silvio Berluskoni isə TAP kəmərinin əhəmiyyəti barədə danışıb. “Radio Montecarlo”ya müsahibəsində Berluskoni bildirib ki, qaz və nüvə enerjisi Avropa Komissiyası tərəfindən təmiz və təhlükəsiz enerji mənbələri siyahısına daxil edilib. “Ona görə də biz İtaliyanın xarici enerji mənbələrindən asılılığını aradan qaldırmaq, TAP kimi mövcud qaz kəmərlərinin imkanlarından maksimum istifadə etmək üçün yeni zavodlar və infrastruktur tikməliyik. İndi biz görürük ki, bir çox illər ərzində bu kəmərin ətraf mühitə zərər vurduğu iddiası ilə onun tikintisinə qarşı çıxanlar nə dərəcədə haqsız idi”, - Berluskoni bildirib.

TAP kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz nəql etmək imkanı var. Hələlik bu kəmərlə 6 milyard kubmetrə yaxın qaz nəql olunur. Avropa İttifaqı Azərbaycanla danışıqlar aparır ki, kəmərlə qaz nəqlini 8 milyard kubmetrə qədər artırsın.

Kəmərin ətraf mühitə zərər vurduğu barədə iddialarla İtaliyada bəzi siyasi qüvvələr və ətraf mühit təşkilatları TAP-ın tikintisi zamanı etiraz aksiyaları təşkil edirdilər. Bu zaman polislə toqquşmalar, tikinti texnikasının qəsdən sıradan çıxarılması halları da baş verirdi. Lakin bütün bu maneələrə baxmayaraq kəmərin tikintisi başa çatdırıldı və 2020-ci il dekabrın 31-də işə salındı. TAP kəməri ilə Yunanıstana nəql edən Azərbaycan qazını daha sonra Bolqarıstana çatdırmaq üçün nəzərdə tutulan IGB interkonnektor qaz kəmərinin tikintisi isə illərdir ləngidilir. Nəticədə Bolqarıstan Azərbaycanla 2013-cü ildə bağlanmış müqavilə əsasında nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını ala bilmir. (virtualaz.org)