Faizlərin bir hissəsi kompensasiya ediləcək
Sahibkarların 3 milyon manatadək kreditlərə 1 il subsidiya
Nazirlər Kabineti anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların dəstəklənməsi üçün yeni tədbirləri təsdiq edib. Yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir.
Sənədə əsasən, Sahibkarlığın İnkişafı Fondu bu il minimum istehlak səbətinin tərkibində daxil olan əsas ərzaq məhsullarının istehsalı və aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli kreditlər təklif edəcək. Məqsəd sahibkarların əsas ərzaq məhsullarının istehsalına stimullaşdırmaq və eləcə də bu sahədə fəaliyyət göstərən iş adamlarının istehsal və satış imkanlarını dəstəkləməkdir. Aşağı faizli kreditlərinin təklifi bazara daha optimal qiymətə məhsulların çıxarılması baxımdan da vacibdir.
Kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı olan digər istiqamət sahibkarların 2022-ci ildəki kreditlərinin faizlərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır. Bu zaman 3 milyon manatadək olan kreditlərə 1 il müddətinə subsidiya verilir. Bu subsidiya 10 faiz bəndinədək veriləcək. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək. Burada da məqsəd maliyyə xərclərinin azaltmaqla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınmasıdır.
Bütövlükdə, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Hələlik dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir.