vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜBAHİSƏ  
10:11 | 27 mart 2014 | Cümə axşamı Məqaləyə 1891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyə insanı Ərdoğandan yorulub»

Elxan Şahinoğlu: «AKP-nin keçmiş iqtidarlar kimi yox olmasını əngəlləyən amillər var»

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

3 gün sonra Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Yerli hakimiyyət orqanlarına seçkilər ərəfəsində siyasi partiyalar arasında son dərəcə gərgin münasibətlər, qarşılıqlı kompromat davası bu seçkilərin ölkənin gələcək siyasi həyatı üçün önəmini bir daha sübut edir. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri analitik Elxan Şahinoğlu ilə Türkiyə gündəmindən doğan suallara cavab tapmağa çalışdıq.

- Elxan bəy, Türkiyədə belə bir şayiə yayılmışdı ki, martın 25-də baş nazir Ərdoğanla bağlı o birilərlə müqayisədə daha ifşaedici görüntü və ya audioyazı yayılacaq, bu da baş nazirin siyasi karyerasının sonu olacaq. Ancaq gözlənilən olmadı. Sizcə, nə baş verir?

- Bu o deməkdir ki, «25 martda daha ifşaedici kaset gəlir» söz-söhbəti Gülən hərəkatının yaydığı blef idi. Doğrudur, martın 25-də Ərdoğanın oğluyla bağlı nəsə audioyazı yayıldı, ancaq bu elə ifşaedici audioyazı sayılmadı. Ümumiyyətlə, Ərdoğanda bu ifşaedici görüntü və audioyazılara immunitet yaranıb və heç nə ona və onun partiyasının reytinqinə təsir etmir. 

 

- Bunu nə ilə izah etmək olar? Müxalifətin 17 dekabr Böyük Rüşvət əməliyyatından öz xeyrinə istifadə edə bilməməsi ilə?

- Məncə, müxalifət bütün mümkün imkanlardan istifadə etdi. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hakim partiya və onun liderinə qarşı çox uğurlu kampaniya apardı, hər mitinqdə rüşvətdən, onun hansı şəkildə nazirlərə ötürülməsindən, baş nazirin oğlu ilə telefon söhbətindən danışdı. CHP lideri Ərdoğanı zəiflətmək üçün mümkün olan hər şeyi, bəlkə daha da artığını etdi.

Ancaq Kılıçdaroğlunun gecə-gündüz apardığı təbliğatda Ərdoğanı batırmaq mümkün olmadı. Demək, Ərdoğanın kaset qalmaqalları qarşısında duruş gətirməsinin sirrini onun özündə və formalaşdırdığı partiyada axtarmaq lazımdır. 1990-cı illərdə Ana Vətən Partiyası (ANAP) ilə Doğru Yol Partiyası (DYP) ard-arda hakimiyyətdə oldular. Bu gün bu partiyalar faktiki mövcud deyillər, siyasi arenada yoxdular, parlamentdə təmsil olunmurlar. Çünki vaxtilə bu partiyalar da korrupsiya qalmaqalları ilə üzləşmişdilər. 

Bu partiyalar seçicilərin gözündən düşdülər, seçkilərdə məğlub olub, tarixin arxivinə göndərildilər. Müqayisə üçün deyim ki, ANAP və DYP-nin üzləşdiyi rüşvət qalmaqallarının miqyası Ədalət və İnkişaf Partiyasının üzləşdiyi korrupsiya qalmaqallarının bəlkə də onda biri qədər deyildi. Buna baxmayaraq, Ərdoğan və onun partiyası nəinki zəifləyir, hətta böyük ehtimalla 30 mart bələdiyyə seçkisindən qalib partiya kimi çıxacaq. Ərdoğanı və onun partiyasını keçmiş iqtidarlar kimi yox olmasını əngəlləyən amillər var. Birinci amil, Ərdoğanın hakimiyyətdə olduğu az qala 12 ildə gördüyü işlərdir. Bu hökumət rüşvət bataqlığına düşsə də, az iş görməyib. 

Ərdoğan hakimiyyətə gələndə ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, bu gün pis-yaxşı vəziyyət normallaşıb, Türkiyənin gəliri artıb, yeni və müasir universitetlər, xəstəxanalar, hava limanları inşa olunub. İnsanlar nazirlərin korrupsiyaya bulaşmalarına rəğmən, bu müsbət dəyişiklikləri də görür və qiymətləndirirlər. Həm də bölgələrdə yaşayan insanlar kaset qalmaqalları haqqında kifayət qədər məlumatlı deyillər. Onlar daha çox Ərdoğanın dediklərinə inanırlar. 

 

- Ərdoğanı iflasdan sığortalayan başqa hansı amilləri görürsünüz?

- Ərdoğan xarizmatik fiqurdur. Etiraf etmək lazımdır ki, Ərdoğan keçmiş baş nazirlər Yılmaz və ya Çillərdən daha güclü natiqdir. Doğrudur, son illərdə üslubu sərtləşib, düşmən axtarışındadır, ancaq onun bu cür davranması belə görünür, Türkiyədə əsas kütlənin hələ də xoşuna gəlir. Başqa amil Ədalət və İnkişaf Partiyasının monolitliyini qorumasındadır. Başqa partiya bu cür qalmaqallarla üzləşsəydi, kütləvi istefalar nəticəsində parçalanardı. Ancaq AKP bir neçə millət vəkilinin istefası xaricində parçalanmadı, parlamentdə səs çoxluğunu itirmədi. Ərdoğanın bələdiyyə seçkisində gələcək qələbəsini təmin edən digər amil sırf indiki seçkinin xüsusiyyəti ilə bağlıdır. 

Məsələ burasındadır ki, Türkiyədə bələdiyyə seçkisində sıravi vətəndaş partiyaya yox, konkret şəxsə - Mehmetə, Əliyə, Kadirə səs verir. Yəni həmin şəxs bələdiyyə başçısı kimi özünü yaxşı xarakterizə edibsə, vətəndaş ona partiya mənsubiyyətinə görə deyil, gördüyü işə görə səs verir. Ədalət və İnkişaf Partiyasının bələdiyyə başçıları isə bu illərdə pis çalışmayıblar, vətəndaşın rahatlığı üçün müəyyən işlər həyata keçiriblər. AKP-nin yaranışı və Ərdoğanın bir siyasi fiqur olaraq sıçrayışı da məhz bələdiyyə seçkilərindən başlamışdı. 

 

- Ərdoğanın ötən seçkilərin sabahısı məşhur balkon çıxışı olmuşdu. Həmin çıxışda o artıq rəqabətin arxada qaldığını söyləmiş və siyasi partiyalar arasındakı münasibətlərin yumşalmasına çağırış etmişdi. Ərdoğan 30 martın sabahısı eyni çağırışı təkrarlaya bilərmi? 

- Fikrimcə, Ərdoğan seçkinin sabahısı qələbəni rəsmiləşdirdikdən sonra müxalif partiyalara ünvanlanan hansısa formada yumşaldıcı açıqlama səsləndirə bilər. Ancaq bunun Gülən Hərəkatına dəxli olmayacaq. Ərdoğan seçkidən sonra da Gülən Hərəkatını əvvəlki tək bitirməyə çalışacaq. Çünki bu hərəkat müxalifətdən də, vaxtilə onu devirməyə çalışan generallardan da Ərdoğana daha təhlükəlidir. Gülən Hərəkatı dövlət içində dövlətdir, adamları hər yerdə var. 

Ərdoğan anlayır ki, Gülən Hərəkatını boş buraxsa, nurçular onun siyasi sonunu yaxınlaşdıracaqlar. Ona görə də Ərdoğan seçkidən sonra bu hərəkata qarşı siyasətini daha da sərtləşdirəcək, hərəkata bağlı iş adamları cinayət məsuliyyətinə cəlb oluna bilər, hərəkata bağlı məktəb və ali tədric ocaqlarını isə ciddi çətinliklər gözləyir. Bu deyilənlər Azərbaycana da aiddir. Ərdoğan əvvəlki tək İlham Əliyevdən Gülənin ölkəmizdəki şəbəkəsini bitirməsini xahiş edəcək. Məncə, Elnur Aslanovun istefaya göndərilməsi hələ son deyil, 30 martdan sonra ardı gələcək.

 

- Türkiyədə sosial şəbəkələrlə bağlı qadağaların davam edəcəyini ehtimal edirsinizmi? 

- Baş nazirin sosial şəbəkələrə qarşı açdığı savaş seçkidən sonra nisbətən səngiyə bilər. Əlbəttə, məhdudlaşdırıcı tədbirlər davam edəcək, çünki Ərdoğan ona qarşı ifşaedici materialların azalmasına nail olmaq istəyir, bunun isə başlıca mənbəyi sosial şəbəkələrdir. Ərdoğanın sosial şəbəkələrə məhdudlaşdırmaq istəyinin arxasında bir başqa gizli məqsədi də dayanır. O, bilirdi ki, «twitter»i qapatsa, bu cumhurbaşqanı Abdulla Gülün xoşuna gəlməyəcək. 

Çünki Ərdoğandan fərqli olaraq Gül sosial şəbəkələrin fəal istifadəçisidir, gənclərin bu istiqamətdə daha fəal olmasını istəyir. Düşünüldüyü kimi də oldu. Qapatma qərarının ardından Gül Ərdoğana qarşı çıxdı. Baş nazirə də elə bu lazım idi. Ərdoğan yaxınlaşmaqda olan cümhurbaşqanlığı seçkilərini hədəf götürüb. O, Güllə arasında ixtilafın yarandığını indidən cəmiyyətə mesaj kimi göndərmək istəyir ki, gələcəkdə Gülü cümhurbaşqanlığı postundan daha rahatlıqla endirə bilsin. 

 

- AKP-nin bələdiyyə seçkilərinin ardından parlament və cümhurbaşqanlığı seçkilərində də uğur qazanacağını proqnozlaşdırmaq olarmı? 

- AKP lideri hələlik bir neçə cəbhədə təkbaşına savaşır. Bir tərəfdə onu korrupsiyada ittiham edən müxalifət, digər tərəfdə Gülən Hərəkatı, o biri tərəfdə isə münasibətlərini korladığı beynəlxalq aləm, üstəlik, sosial şəbəkə istifadəçiləri. Hamısı ilə savaşır, bu savaş onun enerjisini alır. O, nə qədər güclü natiq olsa da, getdikcə inandırıcılıq qabiliyyətini itirir. 12 ildir eyni tezislərin üstündə dayanıb. İnsanların da ondan yorğunluğu hiss olunur. Ərdoğan nazirlərinin və öz övladının niyə evində bu qədər pul saxladığını da cəmiyyətə doğru-dürüst izah edə bilmir. Onun yeganə arqumenti budur: «Mənə qarşı tələ qurublar, kasetlər montajdır». Əlbəttə, bu arqument bələdiyyə seçkisində müəyyən qədər onu iflasdan xilas etdi, ancaq Ərdoğanın parlament seçkilərində qələbə qazanacağını indidən söyləmək çətindir. 

Çünki cəmiyyət Ərdoğandan korrupsiya ilə bağlı çətin suallara cavab gözləyir və müxalifət parlament seçkisinə qədər bu sualları hər gün səsləndirəcək. AKP-nin içərisində də polemika genişlənə bilər ki, bu amil də Ərdoğanın xeyrinə deyil. O ki qaldı cümhurbaşqanlığı seçkilərinə, Ərdoğan Gül kimi səlahiyyətsiz dövlət başçısı olmaq istəmir. Ərdoğan referendum yolu ilə səlahiyyətləri artırılmış cümhurbaşqanı olmağı qərarlaşdırıb. Bu isə növbəti dəfə cəmiyyətin radikallaşmasına, siyasi qüvvələr arasında qütbləşmənin dərinləşməsinə aparan yoldur.