23 iyundan sonrakı Türkiyə
AKP niyə məğlub oldu, yaxud İmamoğlu fenomeni və yeni CHP
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
31 mart bələdiyyə seçkilərindən əvvəlki yazımızda qeyd etmişdik ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər ölkənin daxili siyasətinə yön verən mühüm siyasi kampaniyalardır. Seçkilərdə Ankara və İstanbul başda olmaqla, 5 böyük şəhərin 4-də müxalifətin qalib gəlməsi 17 illik Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarının, onun lideri Rəcəb Tayyib Ərdoğanın ilk məğlubiyyəti idi və doğrudan da Türkiyədə siyasi iqlimin dəyişməyə başladığını göstərirdi. Ölkənin (eyni zamanda Avropanın) ən iri şəhəri, iqtisadi-maliyyə mərkəzi, Ərdoğanın siyasi karyerasına başladığı və “İstanbulu qazanan Türkiyəni qazanar” dediyi, bu səbəblə onun üçün siyasi və mənəvi əhəmiyyəti böyük olan, 10,5 milyon seçicinin yaşadığı meqapolisin itirilməsi iqtidar partiyası üçün tragik nəticə idi. Bu üzdən namizədlər arasında səs fərqinin çox az (13729) olmasını da əsas götürərək, AKP nəticələrin legitimliyini mübahisələndirməyi qərara aldı. (Ərdoğan bildirmişdi ki, İstanbul kimi bir şəhərdə kimsənin 13-14 min səslə qazandım deməyə haqqı yoxdur. Halbuki seçki gecəsi AKP və MHP-dən ibarət “Cümhur İttifaqı”nın namizədi Binəli İldırım 3870 səs üstünlüyü ilə qalib gəldiyini elan etmiş, bundan dərhal sonra şəhərin küçələrinə, körpülərinə “Təşəkkürlər, İstanbul” yazılmış plakatlar asılmışdı.) Heç kəs şübhə etmir ki, ali seçki qurumu (YSK) məhz siyasi basqı ilə 7 üzv lehinə, 4 üzv əleyhinə olmaqla, seçkiləri ləğv edərək 23 iyuna yeni seçki təyin etdi.
23 iyun axşamı ortaya çıxan nəticə – Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partidən ibarət Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun böyük fərqlə (9,2 faiz və ya 806 min səs) qalib gəlməsi Türkiyə siyasəti üçün zəlzələ, iqtidar partiyası üçün fiasko, 25 il sonra İstanbulun idarəçiliyini təhvil alan CHP üçün tarixi uğurdur. Bu seçki yerli və beynəlxalq ictimai rəydə möhkəmlənməyə başlayan “Ərdoğan seçkilərdə uduzmaz, uduzsa da, hakimiyyəti verməz” fikrini boşa çıxarmaqla, Türkiyədə digər demokratik institutların sıradan çıxarılmasına, azadlıqların məhdudlaşdırılmasına baxmayaraq, seçki institutunun hələ də yaşadığını göstərdi və gələcəkdə mərkəzi hakimiyyətin də seçki yolu ilə dəyişəcəyinə inamı artırdı. Əhali seçki qutusuna siyasi müdaxiləni rədd etdi. Bu baxımdan Rusiyanın Vedomosti nəşrinin İstanbuldakı seçkiləri “Ərdoğanın hakimiyyətdən gedişinin repetisiyası” kimi dəyərləndirməsi yanlış deyil.
İmamoğlu fenomeni və yeni CHP
AKP-nin İstanbuldakı ağır məğlubiyyətinin siyasi, sosial və iqtisadi səbəbləri var, bu səbəblərdən bəhs edəcəyik. Amma əvvəlcə müxalifətin uğurlu namizəd seçimindən və seçki strategiyasından, sekulyar elitist azlığın partiyası kimi tanınan CHP-də baş verən paradiqma dəyişikliyindən, partiyanın geniş kütlələrə nüfuz etməyə yönəlmiş yeni siyasətindən danışmaq lazımdır. Çox qısa siyasi karyeraya sahib və İstanbulun periferik rayonunda bələdiyyə başqanı olan Əkrəm İmamoğlu mübarizəyə əlverişsiz start vəziyyətində başlamışdı. CHP-nin İstanbul böyük şəhər bələdiyyə başqanlığına potensial namizədləri arasında o, ən az tanınan siyasətçi idi. Partiyanın İstanbul vilayət təşkilatının rəhbəri Canan Kaftancıoğlu bildirir ki, İmamoğlunu şəhər əhalisinin cəmi 16 faizi tanıyırdı. İmamoğlunun seçki qərargahının media qrupunun üzvü Zilan Karakurt kampaniyanın ilk günlərini belə xatırlayır: “Məsələn, biz bazara daxil olduqda birimiz öndə gedir və İmamoğlunu insanlara təqdim edirdi.” Namizədin kampaniya direktoru Nəcati Özkan çatışmazlıq kimi görünən bu problemi üstünlüyə çevirdiklərini, çünki tanınmayana marağın daha böyük olduğunu vurğulayır. Hakimiyyətin nəzarətində olan ənənəvi media 31 mart seçkilərində müxalif namizədi görməzdən gəldi, onlar ölkənin ikinci adamı, hər kəsin tanıdığı, hətta müxalif seçicilər arasında da antipatik olmayan Binəli İldırımın qələbəsinə tam əmin idilər və alternativ namizədin fəaliyyətini, vədlərini izləyicilərə çatdırıb, onu tanıtmağa, məşhurlaşdırmağa ehtiyac görmədilər.
İqtidar partiyası və onun mediası qarşılarında indiyədək alışdıqları və asanlıqla məğlub etdikləri tipik CHP-li siyasətçi profilinə uyğun gəlməyən, İstanbulun kənar məhəllələrində mühafizəkar seçicilərlə üz-üzə təmaslara üstünlük verən, partiyası ilə bu təbəqə arasında kökü cümhuriyyətin ilk dövrlərinə gedib çıxan soyuqluğu aradan qaldırmağa çalışan qeyri-standart bir fiqurun olduğunu çox gec anladılar. İmamoğlunun CHP-nin ən az səs aldığı məhəllələrdə AKP və Ərdoğanın sementləşmiş elektoral kütləsinə aid yaşlı dindar nəslin nümayəndələri ilə söhbətləri və mübahisələri onun media komandası tərəfindən sosial mediaya yerləşdirilir və çox böyük marağa səbəb olurdu. Ümumiyyətlə, İmamoğlunu Türkiyədə indiyədək sosial mediadan ən effektiv istifadə edən siyasətçi saymaq olar. O, hakim partiyanı və ölkə başçısını hədəf almadan, onların tərəfdar kütləsinin motivasiyasını mümkün olduğu qədər aşağı salmağa çalışaraq kampaniyasını sosial ədalətsizlik, yoxsulluq, işsizlik kimi təməl problemlər üzərində qurdu. İmamoğlunun konkret bir problemin (məsələn, nəqliyyat) həllinə dair sosial mediada yayılan qısa videoları çox effektiv idi. Bu baxımdan istər 31 mart, istərsə də 23 iyun seçki kampaniyaları avtoritar rejimlərin meynstrim medianı tam nəzarətə götürməsinin müasir dövrdə anlamsızlığını, sosial media yalanlarının ömrünün isə bir neçə dəqiqədən ibarət olduğunu ortaya qoydu.
Oksford Universitetinin 37 ölkə üzrə apardığı araşdırmaya görə, Türkiyə ən çox uydurma xəbər yayılan ölkədir, xəbərlərə olan etimada görə isə 27-ci yerdədir. Araşdırma iqtidar mediasına güvənin çox aşağı səviyyədə olduğunu ortaya qoymuşdu və bu, 31 mart-23 iyun seçkilərində də bariz şəkildə ortaya çıxdı. Mayın 6-da seçkinin nəticələri ləğv olunduqdan sonra iqtidarın əlindəki TV kanalları və qəzetlər İmamoğlu əleyhinə indiyədək Türkiyə siyasətində görünməmiş miqyasda və intensivlikdə təbliğat apardılar. Namizədə qarşı irqçi məzmunlu ittihamlar, hətta İstanbulu Konstantinopola çevirəcəyi barədə prezident Ərdoğan səviyyəsində ağlasığmaz iddialar irəli sürüldü, onun gizli dairələrin layihəsi olduğuna dair konspiroloji hekayələr kampaniya boyunca insanların şüuruna yeridilməyə çalışıldı. Məqsəd seçicilərdə İmamoğlu haqqında tərəddüdlər və suallar yaratmaq, onun pozitiv kampaniyasını kölgələmək və 31 martda səsvermədə iştirak etməmiş küskün mühafizəkarların mobilizasiyasına nail olmaq idi. Bu taktika baş tutmadı, əksinə, ulduzu yeni parlamağa başlayan siyasətçiyə qarşı hücumlar onu daha da gücləndirdi və populyarlaşdırdı. Cəmi 6 ay əvvəl tanınmayan Əkrəm İmamoğlu bu gün İstanbuldan əlavə Anadoluda da məşhurlaşaraq ölkə miqyaslı siyasi liderə çevrilib və ictimai rəydə növbəti prezident seçkilərinin favoriti kimi qəbul olunur.
CHP-də baş verən dəyişikliklərə gəldikdə isə, çox dərinlərə getmədən qeyd edək ki, Kamal Kılıçdaroğlunun 22 may 2010-cu il tarixli qurultayda təhvil aldığı CHP ilə indiki arasında ciddi fərq var. CHP uzun müddət xalqın deyil, dövlətin və elitar azlığın partiyası kimi qəbul olunurdu (hələ də bu təsəvvürlər qalır), hətta partiya özü hakimiyyətdə olmasa belə, kamalist bürokratiyanın bütün neqativləri ona yüklənirdi və bu neqativlərin siyasi məsuliyyətini daşımalı olurdu. Kılıçdaroğlu ötən 8 ildə ehtiyatla əvvəlcə partiyanın vitrinini, sonra isə siyasətini dəyişdirməyə başladı, qatı kamalist kadrlar partiyada qərar qəbuletmə mexanizmlərindən yavaş-yavaş uzaqlaşdırıldılar. Artıq cəmiyyətin Atatürkün inqilabi prinsiplərinə uyğun radikal transformasiyasını nəzərdə tutan siyasətindən geri çəkilərək özünü cəmiyyətin reallıqlarına adaptasiya etməyə çalışan bir CHP var. Partiyanın Radikal Sevgi adı verilən seçki strategiyası da, namizədlərin seçimi də bu yeni paradiqmaya uyğun idi. Strategiyanın müəlliflırindən biri, PR mütəxəssisi Atəş İlyas Başsoy radikal sevgini belə izah edir: Ərdoğanı görməzdən gəl, amma onu sevənləri sev.
CHP isə bütün seçkilərdə bunun əksini edirdi, kampaniyasını Ərdoğanın sərt tənqidi üzərində qurur və hakimiyyətə gələcəyi təqdirdə hansı dəyişiklikləri həyata keçirəcəyini ya anlatmırdı, ya da anlatsa belə, söylədikləri sərt siyasi polemikaların kölgəsində qalırdı. Məhərrəm İncənin 1 il əvvəlki seçki kampaniyası həmin taktikanın effekt vermədiyini göstərmişdi. İncə rəqibi hədəfə götürməklə və onunla davamlı olaraq polemikaya girməklə öz tərəfdarlarının maksimum mobilizasiyasına nail olsa da, qarşı tərəfin də konsolidasiyasına zəmin yaratmış oldu. Radikal Sevgi bu yolu rədd etdi. Bu yanaşmaya uyğun çəkilən hamımız eyni bələdiyyə avtobusundayıq reklamı çox uğurlu alındı. Qütbləşməni dərinləşdirəcək söz və əməllərdən imtina edildi, əksinə, insanların əks düşərgədən qarşı tərəfə keçə bilməsi üçün aradakı uçurumun aradan qaldırılmasına yönəlmiş ritorika və siyasət seçildi. Hakimiyyət bu yeni siyasətə qarşı CHP gəlsə, din əldən gedəcək tipli köhnəlmiş iddialarla mübarizə aparmağa cəhd göstərsə də, uğursuzluğa düçar oldu. CHP-nin sələfi SHP (Sosial Demokrat Halkçı Parti) 1989-cu il bələdiyyə seçkilərində 3 böyük şəhər başda olmaqla, 39 vilayətdə qalib gələrək hakimiyyətdəki mühafizəkar Ana Vətən Partiyasını (ANAP) məğlub etmişdi. 25 il sonra tarix təkrarlandı.
AKP niyə məğlub oldu?
Prezident Ərdoğan cəmiyyətdəki sosioloji dəyişiklikləri fərq etməyərək əvvəlki qütbləşdirici siyasətlə yenə istədiyinə nail olacağını düşündü. 2018-ci ilin parlament və prezident seçkilərindən əvvəl AKP və MHP-nin “Cümhur İttifaqı”nı yaratması bütün sağ spektri təmərküzləşdirərərək bütün səviyyələrdəki seçkiləri rahat qazanmağa yönəlmiş addım idi. 2015-ci il seçkilərində AKP 49,49 faiz, MHP 11,90 faiz səs toplamışdı, yəni iki partiyanın toplamda 61 faizdən çox səsi var idi. 2018-ci ildə ilk dəfə blok şəklində seçkiyə gedən AKP və MHP-nin toplam səs faizinin 53,7 faizə geriləməsinə baxmayaraq, bu rəqəm də narahatlığa əsas vermirdi. İstanbulda ittifaqın 51 faiz səsi var idi. Lakin dərinləşən problemlər bu rəqəmlərin qısa müddətdə eroziyasına səbəb oldu.
Problemlər sırasında ilk olaraq iqtisadi böhranı qeyd etmək lazımdır. Böhran hökumətlə əhali arasında formalaşmış paternalist münasibətləri və Ərdoğanın uğur hekayəsini zədələdi, orta təbəqəni iqtidardan uzaqlaşdırdı. Koç Universitetinin tədqiqatçısı Nezih Onur Kuru iqtisadi böhran və onun doğurduğu işsizlik, inflyasiya kimi problemlərlə seçici davranışları arasında korellyasiya olduğunu qeyd edir. İqtisadi göstəricilər pisləşdikcə, seçicilər iqtidar blokundan qopur. Türkiyə vətəndaşlarını getdikcə daha çox narahat edən əsas problemlərdən biri də ölkənin hər tərəfində yaşayan Suriya qaçqınlarıdır. İstanbulda və ya əyalətlərdə yerlilərlə suriyalılar arasında mütəmadi olaraq gərginlik baş verir. Bəzi AKP tərəfdarları İstanbulda mühafizəkar siyasətin qalası sayılan rayonlarda Əkrəm İmamoğlunun qələbəsini həm də bu səbəblə izah edirlər.
Hökumətin görə bilmədiyi, yaxud görsə də, nəzərə almadığı başqa bir sosial fenomen isə nəsil dəyişikliyidir. AKP-ni hakimiyyətə gətirən 2002-ci il seçkiləri zamanı Türkiyədə 41 milyon seçici var idi, hazırda bu rəqəm 57 milyonu ötüb, yəni 40 faizdən çox yeni seçici əlavə olunub. Y və Z nəsli adlandırılan, 1980-ci, 1990-cı, 2000-ci illərdə doğulmuş insanların Türkiyə əhalisi içərisində payı 50 faiz aşıb. İdeoloji zəmində cəbhələşmə dövrü tədricən zəifləməkdədir. 1970-ci illərdəki sağ-sol toqquşmalarına şahid olmayan, daha az ideologiyalaşan, informasiya-kommunikasiya texnologiyaları sayəsində çox asanlıqla məlumat əldə edən, sosiallaşan, siyasətə təsir göstərən nəsillər gəlir. 31 mart-23 iyun dönəmi bu baxımdan sosioloqlar üçün yaxşı tədqiqat mövzusudur. İmamoğlunun məşhur “Hər şey çox gözəl olacaq” sloqanının müəllifi kimi Türkiyə siyasi tarixinə keçən Berkay Gezgin 16 yaşındadır. Hələ səs hüququ olmayan yeniyetmələrin, uşaqların da informasiya kommunikasiya texnologiyaları və sosial medianın təsiri ilə siyasiləşməyə başlamasının müşahidə edilməsi və İmamoğlunun birbaşa onlara ünvanlanan mesajlar verməsi bu seçki kampaniyasının mühüm özəlliklərindən biridir. Tanınmış islamçı yazar Abdurrahman Dilipak öz yazısında Türkiyənin dəyişən reallıqlarına dair maraqlı hadisədən bəhs edib. Seçki öncəsi AKP nümayəndələri İmam Hatip məktəblərindən birinin (dini təmayüllü litsey) yuxarı sinfində təhsil alan qızlarla görüş keçirirlər. Partiya üzvlərinin “səsiniz yəqin ki, Binəli bəyə olacaq” sözlərinə qızların cavabı gözlənilməz olur: “İmam hatipdə oxuyuruq deyə AKP-yə səs verməyə məcburuq? Əkrəm bəyin duruşu bizə daha yaxın gəlir”.
Yeri gəlmişkən, gənclik və din mövzusunda KONDA sosioloji tədqiqatlar mərkəzinin vacib araşdırması var. KONDA son 10 ildə 15-29 yaş arası gənclərin həyat tərzi və dünyaya baxışında hansı dəyişikliklərin baş verdiyinə dair tədqiqat aparıb. Bu araşdırmaya əsasən qeyd olunan müddətdə özünü dindar-mühafizəkar kimi təqdim edən gənclərin sayı 28 faizdən 15 faizə enib. Ramazan bayramlarında oruc tutduğunu deyənlərin nisbəti 74 faizdən 58 faizə, davamlı namaz qıldığını söyləyənlərin nisbəti 27 faizdən 24 faizə, həyat tərzini modern deyə qiymətləndirənlərin sayı 34 faizdən 43 faizə yüksəlib. Evli gənclərin faizi 39-dan 19-a, qəzet oxuyanların sayı isə 72 faizdən 22 faizə düşüb.
Türkiyə siyasətində yeni mərhələ və AKP-də bölünmə riski
2019-cu il bələdiyyə seçkilərinin əsas siyasi nəticəsi bu oldu ki, xalq yerli özünüidarəetməni müxalifətə verdi. Bu seçkilərə qədər ölkə əhalisinin 67,2 faizi iqtidar partiyalarının idarəçiliyində olan bələdiyyələrin ərazisində yaşayırdısa, seçkilərdən sonra bu rəqəm 39 faizə düşdü. Hazırda əhalinin 48,4 faizi CHP-nin nəzarətinə keçən vilayətlərdə yaşayır, seçkidən əvvəl bu rəqəm 15,8 faiz idi. Ən önəmlisi isə budur ki, ölkə üzrə Ümumi Daxili Məhsulun 62 faizi CHP-nin idarə etdiyi vilayətlərin payına düşür, “Cümhur İttifaqı”nın idarəçiliyi altındakı ərazilərin ÜDM-də payı 35 faizdən azdır. Türkiyə Statistika Qurumunun (TÜİK) 2017-ci il rəqəmlərinə əsasən təkbaşına İstanbul ölkə üzrə ÜDM-in 31 faizini istehsal edir, Türkiyənin ixracatının yarısı bu şəhərin payına düşür. İstanbul həm də turizm mərkəzidir. 2019-cu ilin ilk 4 ayında Türkiyəyə 8,7 milyon əcnəbi turist gəlib, bunların 4,3 milyonu İstanbulda olub. İstanbul bələdiyyəsinin büdcəsi 23,8 milyard TL-dir, bələdiyyəyə məxsus 28 şirkətin 24 milyard TL gəliri var. Hər il bələdiyyə büdcəsindən hökumətə yaxın qeyri-hökumət təşkilatlarına böyük pullar ayrılırdı. Bələdiyyənin tenderlərini də AKP-yə açıq dəstək verən, o cümlədən iqtidar mediasının sahibi olan şirkətlər qazanırdı. Müxalifət əmindir ki, prezident Ərdoğanın seçkini ləğv etdirməsinin əsas səbəbi bu idi. Şübhə yoxdur ki, AKP üçün bu maliyyə kanalları kəsiləcək.
31 mart və 23 iyun seçkilərinin, xüsusən də Türkiyənin mozaikası olan və bütün vilayətlərdən insanların toplaşdığı İstanbulda iqtidarın 3 ayda 2 dəfə məğlub olması faktının ölkə siyasətinin bundan sonrakı inkişafına təsiri qaçılmazdır. Artıq ilkin nəticələr var: tətbiq olunmasından cəmi 1 il sonra prezident üsul-idarəsi ilə bağlı mübahisələr başlayıb, AKP-nin təsisçilərindən olan sabiq iqtisadiyyat naziri Əli Babacan isə partiyadan istefa verərək keçmiş prezident Abdulla Gülün dəstəyi ilə yeni siyasi partiyanın quruculuq işlərini sürətləndirib. Metropoll Araşdırma şirkətinin apardığı rəy sorğusuna əsasən bu gün referendum keçirilərsə, əhalinin 58,6 faizi parlamentar sistemin bərpasına səs verəcək. Müxalifət də bu mövqedədir və prezidentlik institutunun özünü doğrultmadığını düşünür. AKP sistemin dəyişməyəcəyini bildirsə də, reabilitasiya ediləcəyini açıqlayıb lakin reabilitasiya deyərkən nəyin nəzərdə tutulduğu hələ ki aydın deyil. Parlament demokratiyasının bərpasının tərəfdarı olan, yaxud ən azı indiki sistemin hakimiyyətin bölünməsi prinsipinə uyğun şəkildə yenidən formalaşdırılmasını istəyən siyasi qüvvələr hazırkı müxalifət partiyaları ilə məhdudlaşmır. Sabiq prezident Abdulla Gül, onun dəstəklədiyi Əli Babacan və keçmiş baş nazir, AKP-nin lideri olmuş Əhməd Davudoğlu kimi nüfuzlu şəxslər də bu cür düşünür. Babacan istefa açıqlamasında Türkiyənin yeni bir vizyona ehtiyac duyduğunu vurğulayaraq, demokratiya, insan haqları, azadlıqlar və hüququn aliliyini zəruri prinsiplər kimi sadalayıb. Onun formalaşdıracağı partiya siyasi islamçılıqdan uzaq, sağ-mərkəzçi platformaya sahib olacağı, Avropa Birliyinə inteqrasiyanı və ölkənin Qərb blokunda qalmağa davam etməsini dəstəkləyəcəyi, geniş iqtisadi islahatlar paketi hazırlayıb, cəmiyyətə təqdim edəcəyi bildirilir. İctimai rəydə AKP-in davamı kimi qəbul olunmaq istəməsə də, yeni partiyaya məhz iqtidar partiyasının üzv və tərəfdarlarından axın olacağı, parlamentdə fraksiya qurmağa çatacaq qədər (minimum 20) millət vəkilinin də onlara qoşulacağı gözlənilir. Partiya hələ elan olunmasa da, keçirilən ilkin rəy sorğuları onun hazırkı iqtidar partiyasının səslərini parçalamaq gücündə olacağını ortaya qoyub. Məsələn, ANAR araşdırma şirkətinin rəhbəri İbrahim Uslu Babacanın partiyasının AKP-nin səslərinin 10-12 faizini qoparacağını açıqlayıb. Piar araşdırma şirkətinin rəy sorğusunda respondentlərin 8,9 faizi Babacanın partiyasına tərəddüdsüz səs verəcəyini, 18,1 faizi isə partiya qurulduqdan sonra bu barədə düşünəcəyini söyləyib, şirkət bu rəqəmlər əsasında yeni partiyanın 27 faizlik səs potensialı olduğunu bəyan edib. KONDA araşdırma şirkətinin direktoru Bəkir Ağırdır qərarsız seçicilərin miqdarının 40 faizə yüksəldiyini, bunların böyük hissəsinin AKP seçiciləri olduğunu bildirib. Ağırdır AKP-nin sədaqətli – yəni istənilən situasiyada bu partiyaya səs verəcək seçici kütləsində də ərimə baş verdiyini və 38 faizdən 27 faizə düşdüyünü diqqətə çatdırıb. Bütün bunlar qarşıdakı dövrdə AKP-də bölünmə və geriləmə riskinin yüksək olduğunu göstərir.
Növbəti parlament və prezident seçkiləri Cümhuriyyətin 100-cü ildönümünün qeyd olunacağı 2023-cü ildə keçirilməlidir. Lakin Türkiyə siyasəti çox dinamik və dəyişkəndir, orada bir gün sonra nələrin baş verə biləcəyini proqnozlaşdırmaq çox çətindir. Mərhum prezident Süleyman Dəmirəlin dediyi kimi, Türkiyə siyasətində 24 saat belə, çox uzun zamandır. Hadisələrin axarı ölkədə növbədənkənar seçkiləri zəruri edə bilər.